DYP postuna silahlı hücum edən şəxs həbs edildi

DYP postuna silahlı hücum edən şəxs həbs edildi
  03 Mart 2018    Oxunub:2102
Salyan rayonunda Dövlət Yol Polisi (DYP) postuna silahlı hücum edən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. AzVision.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
E.Sultanovun sözlərinə görə, fakta görə Salyan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 315.2-ci ( Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə, həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, Bağırov Orxan Cahangir oğlu təqsirləndirilən şəxs qismində cəlb olunmaqla məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsindəki postda qeydə alınıb. Salyan şəhər Cəfər Cabbarlı küçəsində yaşayan 1988-ci il təvəllüdlü Bağırov Orxan Cahangir oğlu DYP postuna gələrək silahdan atəş açıb. Sonra özünə məxsus minik avtomobili ilə hadisə yerindən uzaqlaşıb. Salyan şəhərində isə ona yol polisləri tərəfindən “saxla” əmri verilsə də, o, buna məhəl qoymayıb və maşınla Kürsəngi kənd sakini, 1982-ci il təvvəllüdlü polis əməkdaşı Dəmirov Raqib Həmdulla oğluna xəsarət yetirib. Nəhayət həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. İlkin məlumata görə, martın 1-də DYP əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə o, inzibati qaydada cərimələnib. Orxan Bağırovun hadisəni buna görə törətdiyi ehtimal olunur.

AzVision.az


Teqlər: Prokurorluq   Salyan   Hadisə  





Xəbər lenti