Kəngərlinin Rəsulzadə haqqında dedikləri: “Hitler onu qəbul etmədi…”

Kəngərlinin Rəsulzadə haqqında dedikləri: “Hitler onu qəbul etmədi…”
  16 Aprel 2018    Oxunub:30634
Məhəmməd Kəngərli Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin yaxın silahdaşı və şəxsi həkimi olub. O, Rəsulzadə tərəfindən yaradılmış Azərbaycan Milli Mərkəzinə rəhbərlik edib. Həmçinin Azərbaycan Mədəniyyət Cəmiyyətində (Kültür Derneği) fəaliyyət göstərərək uzun müddət sədr vəzifəsini yerinə yetirib.
1980-cı illərin ortalarından başlayaraq ermənilərin Azərbaycana qarşı təcavüzkar əməlləri Kəngərlini ən çox narahat edən məsələlərdən olub. O, Azərbaycana qarşı tətbiq olunan infiormasiya blokadasının qırılması, həqiqətlərin Türkiyə ictimaiyyətinə və oradan da dünyaya yayılması üçün böyük işlər görüb.

Jurnalist Seymur Verdizadə Məhəmməd Kəngərli ilə bağlı xatirələrini AzVision.az-la bölüşüb, onunla bağlı diqqətçəkən məqamlardan danışıb.

- Məhəmməd Kəngərlini ilk dəfə 1993-cü ilin yanvar ayının 31-də Rəsulzadənin məzarı önündə çıxış edərkən görmüşəm. Onda mən Türkiyədə tələbə idim. Ağ, uzun saçlı, bəstəboy kişi idi. Aram-aram danışırdı. Tələbə yoldaşlarımdan biri qulağıma pıçıldadı ki, bu adam Rəsulzadənin şəxsi həkimi və dostu olub. Bundan sonra həmin adama qarşı məndə maraq yarandı. 1993-1998-ci illərdə Ankarada təhsil aldığım illərdə Kəngərli ilə tez-tez görüşmək imkanım oldu. Mənim digər tələbələrlə müqayisədə onunla sıx münasibətlərim var idi. Aramızda 60-a yaxın yaş fərqi olmasına baxmayaraq, həmsöhbət ola bilirdik. Mən məcburi köçkün və qarabağlı olduğuma görə Məhəmməd Kəngərli digər tələbələrlə müqayisədə mənə daha çox qayğı göstərirdi. Hiss edirdim ki, üzə vurmasa belə, ürəyində mənə acıyırdı. Sonradan o, bunu etiraf etdi. Bilirsiniz ki, o, özü də Qarabağdan idi...



-Almaniyadakı əsirlik illərindən sizə hansısa xatirəni, hadisəni danışıbmı?

-O, 1939-cu ildə SSRİ-Finlandiya müharibəsində iştirak edib. Bundan sonra İkinci Dünya Müharibəsi başlayıb. İkinci Dünya Müharibəsində Kəngərli almanlara əsir düşüb. Bu səbəbdən 1990-cı illərə kimi ona Azərbaycana qayıtmaq nəsib olmayıb. Özü mənə danışırdı ki, İkinci Dünya Müharibəsində Almaniyada əsirlərdən ibarət xüsusi diviziya yaradılmışdı. Kəngərli həmin diviziyada hərbi həkim kimi xidmət göstərib. Həmin diviziyalar sovet qoşunlarına qarşı vuruşurdular. O, deyirdi ki, biz arzu edirdik ki, SSRİ bu döyüşdə məğlub olsun və Azərbaycan müstəqil olsun. Onlar ümid edirdilər ki, SSRİ-ni məğlub etməklə Azərbaycanı SSRİ-nin tərkibindən çıxarmağa nail olacaqlar.

İkinci Dünya Müharibəsi başa çatandan sonra əsirlikdə olan azərbaycanlılar dünyanın mütəlif ölkələrinə səpələniblər. Kəngərli isə 1951-ci ilə kimi Almaniyada qalıb. Onun 5-6 il Amaniyanı tərk etməməsinin bir səbəbi olub ki, o, Amerikaya və ya digər ölkələrə getməkdən imtina edib. Arzusu olub ki, Türkiyəyə gəlsin. O vaxt isə diplomatik maneələr olduğuna görə yalnız 1951-ci ildə gələ bilib.

Bir məqam haqqında da danışmaq istərdim. Bəzən tarixçilər və jurnalistlər iddia edirlər ki, İkinci Dünya Müharibəsində Rəsulzadə Hitlerlə görüşüb, ondan müharibədən sonra Azərbaycana müstəqillik verməsini xahiş edib və Hitler bu xahişi qəbul etməyib. Mən bu məsələni Kəngərli ilə dəqiqləşdirdim. O, qəti şəkildə dedi ki, Rəsulzadə heç vaxt Hitlerlə görüşməyib. O, görüşmək üçün dəfələrlə cəhd edib, amma qəbuluna düşməyib. Çünki Rəsulzadənin əlində konsepsiya var idi. O, bir tələb, xahiş ilə Hitlerin yanına gedirdi. Buna görə də Hitler onu qəbul etməyib.

-Kəngərli ilə Rəsulzadənin yolu necə birləşib?

-Məhəmməd Kəngərli ixtisasca həkim olub. Onu Rəsulzadə ilə bağlayan tellərin biri də həkim olması olub. Kəngərli Ankaranın ətrafındakı qəsəbələrdən birində həkim kimi fəaliyyət göstərib. Şəkər xəstəsi olan Rəsulzadə də orada qeydiyyatda olub.

Özü mənə deyirdi ki, çox gec ailə qurub. Bunun birinci səbəbi uzun illər əsirlikdə qalması, ikinci səbəb isə Kəngərlinin qəlbən, ruhən Azərbaycan türkü olması idi. O, başqa millətin qızı ilə ailə qurmaq istəmirdi. Buna görə də ya azərbaycanlı ilə, ya da Şimali Qafqazdan, Anadoluldan olan bir qızla ailə qurmaq istəyirmiş. 1954-cü ildə Şimali Qafqazdan olan bir çərkəz qızı ilə ailə qurub. O, maraqlı bir epizod danışmışdı. Toydan əvvəl nişan olub. Nişan üzüklərini Rəsulzadə taxıb. Toyu olanda isə Rəsulzadə Almaniyada olduğu üçün iştirak etməyib. Kəngərlinin dediyinə görə, toydan sonra Rəsulzadə onlara qonaq gəlib və çox maraqlı hədiyyə gətirib. Deyir bir səbət var idi. Səbət mavi, qırmzı, yaşıl rənglərə boyanmışdı. Səbəti açanda onun içindən boynunda muncuq olan boz balaca pişik çıxıb. Pişik balası Rəsulzadənin şəxsi həkiminə olan toy hədiyyəsi idi.

-Rəsulzadənin həyatından daha hansı xatirələri sizinlə bölüşüb?

-Məhəmməd Kəngərlinin bildirdiyinə görə, Rəsulzadə Ankarada Sakarya bölgəsində bir göydələnin zirzəmisində yaşayıb. O, deyirdi ki, tez –tez silahdaşıgilə gedib- gəlirmiş. Rəsulzadənin yaşadığı evə gün düşmürmüş. Rəsulzadə Anakarda məşhur bir kitabxanada işləyirmiş. Orada Azərbaycan biblioqrafiyası ilə bağlı araşdırma aparımış.



O, Rəsulzadənin ikinci həyat yoldaşı Leyla xanım haqqında hörmətlə danışırdı.Deyirdi ki, Leyla xanım polyak qızıdır və çox imkanlı bir ailənin nümayəndəsi olub . Ömrü boyu Rəsulzadənin üzərində tir-tir əsib. Əlini şirniyyata , şəkərə aparanda əlini onun əlinin üstünə qoyub deyirmiş ki, “Emincim, bunda şəkər var. Yemək olmaz”. Axı Rəsulzadə şəkər xəstəsi olub. 1973-cü ildə Leyla xanım Ankarada vəfat edib.

Bir məqamı da qeyd edim ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Türkiyədən müxtəlif dövrlərdə 3 rəngli bayaraqlarımız gətirilirdi. Həmin bayraqların biri də Rəsulzadəyə məxsus olub. O, həmin bayrağı Almaniya və digər Avropa ölkələrində dolaşdırandan sonra Türkiyəyə gətirib. Və Kəngərliyə hədiyyə edib. O, isə həmin bayrağı müstəqillik illərində Azərbaycana gətirib. Rəsulzadə 1955-ci il Ankarada martın 6-da 3 dəfə “Azərbaycan” deyərək Kəngərlinin qolları arasında keçinib.

Özü haqqında danışmağa çox xəsislik edirdi. Bu da onunla bağlı idi ki, əsirlikdə olub, işgəncələrə məruz qalıb. Və digər səbəblərdən çox danışmazdı. Şəxsi münasibətlərimiz olduğuna görə ilk dəfə müəyyən açıqlamalar vermişdi.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Kəngərli   Rəsulzadə  





Xəbər lenti