Azərbaycanla İran arasında memorandum imzalanıb

Azərbaycanla İran arasında memorandum imzalanıb
  20 İyun 2018    Oxunub:1222
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar çərçivəsində Azərbaycanda beynəlxalq standartlar səviyyəsində mütərəqqi antikorrupsiya qanunvericiliyi formalaşdırılmaqla yanaşı ölkəmizin bu sahədə beynəlxalq əlaqələri daim diqqət mərkəzində saxlanılır.
Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin başçılıq etdiyi nümayəndə heyəti əvvəlcədən razılaşdırılmış Anlaşma Memorandumunun imzalanması məqsədilə 17-18 iyun tarixlərində İranın Tehran şəhərində səfərdə olub.

Səfər çərçivəsində K.Əliyevlə qonşu ölkənin Baş Təftiş Təşkilatının sədri Nasir Serac arasında keçirilmiş görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, antikorrupsiya sahəsində görülən işlər, eləcə də, bu sahədə ixtisaslaşmış qurumlar olan Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarə Baş İdarəsinin fəaliyyət istiqamətləri və strukturu barədə qarşı tərəfə ətraflı məlumatlar verilib, habelə “ASAN” xidmət mərkəzlərinin uğurlu fəaliyyətindən danışılıb.

N.Serac öz növbəsində 2017-ci ildə Azərbaycanda səfərdə olarkən ölkəmizdə həyata keçirilən geniş quruculuq işləri, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib, bu sahədə təmsil etdiyi qurumun Azərbaycanın müvafiq dövlət qurumları ilə birgə səmərəli təcrübə mübadiləsi aparmasına maraqlı olduğunu diqqətə çatdırıb.

Tədbir Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İranın Baş Təftiş Təşkilatı arasında korrupsiyaya qarşı mübarizə və onun qarşısının alınması sahəsində Anlaşma Memorandumunun imzalanması ilə başa çatıb, daha sonra hər iki tərəf mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

İyunun 18-də Azərbaycan nümayəndə heyəti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) qərargahında qurumun baş katibi Halil İbrahim Akca arasında keçirilmiş görüşdə ECO baş katibi ölkəmizin təşkilata verdiyi töhvələri xüsusi vurğulayaraq Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərlərinin və ombudsmanlarının üçüncü iclasının yüksək səviyyəli təşkilinə görə bir daha Azərbaycanın siyasi rəhbərliyinə təşəkkürünü bildirib, o cümlədən ölkəmizin ECO-nun Korrupsiya Agentlikləri və Ombudsmanlarının Regional Əməkdaşlıq Mərkəzinə (RCCACO) qoşulmaq qərarından məmnunluğunu ifadə edib.

Həmin gün nümayəndə heyəti ilə İran Məhkəmə və Ədliyyə Qüvvələrinin sədrinin ictimai və cinayətin qarşısının alınması məsələləri üzrə müavini Hakim Ülfət, Maliyyə Monitorinq Xidmətinin rəisi Nasiri Əliabad və İqtisadi işlər və maliyyə nazirinin investisiya, iqtisadi və texniki məsələlər üzrə müavini Məhəmməd Xəzai arasında keçirilmiş görüşlərdə müvafiq olaraq iki ölkənin ədliyyə, məhkəmə və maliyyə qurumlarının fəaliyyəti müzakirə olunub, hüquqi əməkdaşlıq imkanları nəzərdən keçirilib, görüşlər zamanı bu sahələrdə Azərbaycanın müsbət təcrübəsinə xüsusi maraq göstərilib.

Azərbaycan nümayəndə heyəti, həmçinin İranın regionlarına səfər edərək Baş Təftiş Təşkilatının bölgələrdəki nümayəndəliklərinin fəaliyyəti ilə yaxından tanış olublar.

Səfər çərçivəsində keçirilmiş görüşlərdə həmçinin, Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib.

AzVision.az


Teqlər: Azərbaycan   İran  





Xəbər lenti