Milli parkın əməkdaşını güllələyənə 15 il həbs verildi

Milli parkın əməkdaşını güllələyənə 15 il həbs verildi
  24 Avqust 2018    Oxunub:1880
Şirvan Milli Parkının ərazisində 30 mart 2018-ci il tarixində qanunsuz ceyran ovlayan və milli parkın sahə müfəttişinə bilərəkdən atəş açaraq yaralayan şəxslər məhkəmənin qərarı ilə həbs olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, qanunsuz ov etdiyinə və Şirvan Milli Parkının əməkdaşını qəsdən ov tüfəngi ilə yaraladığına görə məhkəmənin 16 avqust 2018-ci il tarixli qərarı ilə Rahil Ağayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 15 il, Elvin İsrafilov isə cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 2 il müddətə azadlıqdan məhrum edilib.

Bir baş ceyranın qanunsuz ovlanması nəticəsində təbiətə dəymiş ziyana görə cinayətkarlar 1650 manat məbləğində cərimə olunub.

Xatırladaq ki, 30 mart 2018-ci il tarixində milli parkın ərazisində qanunsuz ceyran ovlayan brakonyerlərin saxlanılması istiqamətində parkın əməkdaşları operativ tədbirlər həyata keçirmişdi. Qanunsuz ov edən şəxslərin saxlanılması zamanı parkın sahə müfəttişi Şirəli Xalıqov brakonyerlər tərəfindən bilərəkdən ov tüfəngindən açılan atəş nəticəsində qarın nahiyəsindən güllə yarası almışdı. Hadisəni törədən şəxslərdən biri, Elvin İsrafilov milli parkın əməkdaşları tərəfindən, digəri, Rahil Ağayev isə Salyan rayon Polis Şöbəsinin həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılmışdı.

AzVision.az


Teqlər: ETSN   Ovçu  





Xəbər lenti