Anar Bağırov “AmCham”ın üzvləri ilə görüşüb

  28 Yanvar 2019    Oxunub : 1277
Anar Bağırov “AmCham”ın üzvləri ilə görüşüb
Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azerbaijan”) öz üzvləri üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırovun iştirakı ilə aylıq işgüzar nahar təşkil edib.
Azvision.az xəbər verir ki, bununla yanaşı, işgüzar naharda bir neçə üzv şirkətlərin fəaliyyəti və xidmətləri barədə təqdimatlar nümayiş olunub. Diplomatik korpusun nümayəndələri də daxil olmaqla, tədbirdə “AmCham”ın təxminən 100 üzvü və tərəfdaşı iştirak edib.

İlk olaraq, Anar Bağırov Azərbaycan Prezidentinin 22 fevral 2018-ci il tarixli vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamı və onun ölkədə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi üçün əhəmiyyəti barədə danışıb. O, vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq imkanının reallaşması, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin effektiv fəaliyyəti üçün qüvvətli və nüfuzlu vəkillik təsisatının mühüm rolun oynadığını vurğulayıb. Anar Bağırov, həmçinin, vəkillik fəaliyyəti ilə bağlı mühüm əhəmiyyət kəsb edən bir çox normativ sənədin qəbul edilməsi haqqında ətraflı məlumat verib.

Vəkillər Kollegiyasın fəaliyyətinin prioritet istiqamətlərinə toxunaraq, o, yeni vəkil qurumlarının, eyni zamanda ASAN xidmət mərkəzlərində yeni qurumların yaradılması ilə bağlı memorandumun imzalandığını qeyd edib. Bununla yanaşı, o müxtəlif ölkələrin vəkillər kollegiyaları, o cümlədən bir çox beynəlxalq təşkilat ilə sıx əməkdaşlıq münasibətləri və digər tərəfdən ölkənin müxtəlif regionlarına səfərlər və əhaliyə “pro bono” hüquqi yardım göstərilməsi barədə danışıb. Anar Bağırov əminliklə bildirib ki, ölkədə vəkillik fəaliyyətinin təkmilləşdirilməsi sahəsində aparılmış tədbirlərin gedişatı artan templə davam edəcək.

Qeyd edək ki, “AmCham Azerbaijan” üzvlərinin işgüzar naharı Palata tərəfindən hər ay təşkil olunur və burada yüksək vəzifəli hökumət rəsmiləri, Azərbaycan parlamentinin üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər. Azərbaycanda Amerika Ticarət Palatası xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış “AmCham Azerbaijan” iqtisadiyyatın hər sektorunda fəaliyyət göstərən 280-dən çox üzv və köməkçi şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.

Azvision.az

Teqlər: Anar-Bağırov   VK