40 dəqiqəyə işğaldan azad edilən Lələtəpə - FOTOLAR

  02 Aprel 2019    Oxunub : 6054
40 dəqiqəyə işğaldan azad edilən Lələtəpə - FOTOLAR
Azərbaycan Ordusunun 2016-cı ilin aprelində işğalçı Ermənistan üzərində qazandığı şanlı qələbənin ildönümüdür. Ordumuzun əsgər və zabit heyəti 3 il əvvəl böyük şücaət gəstərərək tarixi qələbəyə imza atıblar.
Aprel döyüşləri zamanı bir sıra strateji mövqelər, 2000 hektardan artıq ərazi, o cümlədən, Lələtəpə yüksəkliyi işğaldan azad olunub. Döyüşçülərin dediyinə görə, Lələtəpə 40 dəqiqə ərzində düşməndən geri alınıb. Bununla da ordumuz böyük üstünlük qazanıb.

“Lələtəpə yüksəkliyi qısa müddətdə düşməndən azad olunub. Döyüş təqribən 40 dəqiqə davam etdi və ermənilərin mövqelərini tam ələ keçirdik. Düşmən bir atəş də aça bilmədi, çünki səngərdə olanların hamısını məhv etmişdik. Onların artilleriya silahlarını tam sıradan çıxartmışdıq, düşmən bizə gülllə ata bilmirdi. Düşmən elə bir hazırlıqlı ordu ilə rastlaşdı ki, qaçmaqdan başqa əlacı qalmadı. Azərbaycan ordusunun kəşfiyyatçıları, döyüş qrupları Lələ təpə yüksəkliyini işğaldan azad edəndən sonra düşmən qaçmağa başladı. Düşmənin bir neçə hərbi qulluqçusu, hətta zabitləri bizə yalvarırdılar ki, onları öldürməyək. Erməni zabitləri deyirdilər ki, bizi öldürməyin, təslim oluruq və geri çəkilirik”, - General-mayor Mayis Bərxudarov Aprel döyüşləri ilə bağlı deyib.

Lələtəpə yüksəkliyi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 2.9 km şimal-qərbində, 271.1 metr hündürlükdə yerləşir. Hərbi strateji əhəmiyyətə malik olan təpə Qarabağ müharibəsi zamanı 1994-cü il fevral ayının 11-12-də döyüş yerlərindən biri olub.

Lələtəpənin 22 ildən sonra azad olunması Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini də möhkəmləndirib və bu qələbə nəticəsində kənd sakinləri doğma yurdlarına qayıdaraq yenidən öz həyatlarını qurublar. Artıq üç ildir ki, işğalçı ordunun əsgərləri Lələtəpə yüksəkliyinə həsrətlə baxırlar.







Anar Kəlbiyev
Azvision.az

Teqlər: Lələtəpə   Aprel