110 yaşlı Bakı Bulvarı necə yaradılmışdı - TARİXİ ARAŞDIRMA

   110 yaşlı Bakı Bulvarı necə yaradılmışdı -    TARİXİ ARAŞDIRMA
  15 Aprel 2019    Oxunub:13377
Yeganə Kamal Cabbarlı
Azvision.az üçün

Bakını füsünkar və qiymətli edən amillərdən birincisi qədimiliyidirsə, ikincisi Xəzərin sahilində yerləşən vacib liman və iqtisadi mərkəzlərindən biri olmasıdır. Tarixin bütün dövrlərində Bakı dünyaya bəlli və açıq bir şəhər olub: “ipək yolu”nun üstündə yerləşən, neft ilə zəngin bir şəhər. Bu gün isə Bakı həm də sivilizasiyalararası mədəniyyət mərkəzi olaraq öz qeyri-adi, bənzərsiz milli dəyərləri ilə fərqlənir.
Bakı öz unikal memarlıq abidələri ilə dünyanın müxtəlif yerlərindən onu ziyarətə gələnlərə həm Şərqin, həm də Qərbin qapılarını açır: hər iki siması ilə nəcib və kübar görünür!

Xəzər Allahın Bakı əhalisinə bir lütfüdür: quru, Isti iqlimə malik olan şəhər onun gümüşü ləpələrinin pıçıltısına uyuyub, sərin gilavarına oyanır. Xəzər məncə dünyanın ən həlim, ən mülayim, ən canayaxın dənizidir. Yəqin o səbəbdəndir ki, həmişə onun sahilinin gözəlləşdirilməsi, abadlaşdırılması diqqət mərkəzində olub.

Bu araşdırmanı da məhz bünövrəsinin qoyulması bir əsrlik tarixlə bizdən uzaqlaşmış olan Xəzərin mirvarisinə həsr edirəm. Bu il bakılıların və Bakı qonaqlarının ən sevimli məkanı – bizim “Bulvar”-ın 100 yaşı tamam olur.

XIX əsrin sonlarına qədər Bakı qala şəhəri kimi tanınırdı. Köhnə qalanın içərisində yerləşən şəhər divarların arasına sığınmışdı: bütün şəhər həyatı bu divarların arasında axıb gedirdi... Bakının istisindən, küləkli və tozlu havasından insanları qismən qoruyan və rahat nəfəs almaq imkanı verən isə onun dənizi idi – Xəzər dənizi.

Bakılılar üçün “sahil” ifadəsi həmişə işlək olub. Təəccüblü də deyil, çünki şəhər dənizin sahilində salınmışdı. Rusların istilasından sonra onu “Naberejnaya” kimi yazıb, şəhər küçələrinin siyahısına saldılar və həmin küçədə rus imperatorunun adını daşıyan bağ da salındı. Sənədlər deyir ki, “...sahil ərazisində imperatopr II Aleksandrın adını daşıyan küçə və həmin ərazidə eyniadlı bağ və çimərlik də yerləşirdi. Burada əhalinin çoxluğunu nəzərə alaraq, Bakının “Torqovı” küçəsində atelye sahıbı olan Paris Milli Akademiyasının fotoqrafı A.M.Mişon 1891-ci ildə çimərlikdən sahil küçəsinə keçiddəki səkidə fotoqrafiya vitrininin qoyulması barədə upravaya müraciət etmişdi”. (ARDTA f.389.s.3, s.v.41, v.41)

Şəhər Upravasında hələ 1902-ci ildən etibarən abadlaşdırma məsələləri ilə bağlı müzakirələr aparılırdı. Dəniz sahilində (Naberejnya) bulvarın salınması ideyası və buna hazırlıq işləri də elə həmin ildən başlamışdı. Belə ki, Bakı şəhər başçısı A.İ.Novikov Şəhər Bağ Komissiyasının həmin ilin 12 avqust tarixli iclasında məsələ ilə bağlı məruzə etmişdi. Məruzədə bildirilirdi ki, Sahil küçəsi imperator II Aleksandrın adını daşıyan şəhər bağından “Qafqaz və Merkuri” cəmiyyətinin binasına qədər olan ərazini əhatə edir. Həmin küçənin abadlaşdırılması və yeni salınacaq bağ üçün Bakı şəhərinin mühəndisi Skureviç layihə hazırlayıb. Layihəyə görə Naberejnoye dəniz sahili boyu uzanan, kənarında səki olan geniş küçədən ibarətdir. Küçənin nizamlanmış hissəsi ağır araba və yüklərin daşınması üçün nəzərdə tutulub, qalan hissəsinin abadlaşdırılması üçün isə vəsait lazımdır. Həmin vəsait Duma və Upravanın Tikinti Komissiyası tərəfindən müəyyən edilsə də, bu, ancaq bitkilərin əkilməsi və məftillə hasarlama üçün yetərli idi. Yeni salınacaq bulvarın döşənməsi, səkilərin qurulması və s. isə əlavə təxsisat tələb edir.

Yeni bulvarın salınması ilə bağlı Tikinti Komissiyasında ümumi müzakirələr aparılmışdı. Komissiya bulvarın salınması üçün layihədə nəzərdə tutulan köndələn kəsişmələrə lüzum görmürdü və yalnız “Qafqaz və Merkuri” şirkəti ilə Daş Körpünün yanında araba və ekipajlar üçün 2 çıxışın qoyulması ilə kifayətlənməyi lazım bilirdi. Komissiya belə hesab edirdi ki, bulvarda salınacaq xiyabanlar gəzintiyə mane olacaq. Belə ki, bağla küçənin hər bir kəsişməsində həm aşağı enmək, həm də yuxarı qalxmaq üçün 2 arşın uzunluğunda pilləkən qoymaq lazım gələcək. Bunun əvəzinə isə cimərliyə getmək üçün keçid tikmək daha sərfəlidir. Bundan başqa, 20 arşın uzunluğunda olacaq xiyaban həm də ortadan ağaclarla bölünməlidir.



Şəhər başçısının maraq dairəsində olan isə bulvarın salınması üçün həmin əraziyə nə qədər torpaq gətirilməsi, burada hansı növdən olan ağac və bitkilərin əkilməsi məsələ idi. O, belə hesab edirdi ki, bu iqlimdə yalnız subtropik bitkilər yetişə bilər. Bağın salınmasının planlaşdırılması məsələsinə böyük əhəmiyyət verən Şəhər başçısı bu məqsədlə konkurslar keçirilməsini vacib bilirdi. O, şəhərin xərcləri hesabına aparılacaq bu tikinti işinin ağılla görülməli olduğunu və ölçülüb-biçilərək düşünülmüş müzakirələrdən keçməsini vacib sayır, belə hesab edirdi ki, lazım gələrsə, yeniliklərdən xəbərdar olan mütəxəssis – bağbanlar da dəvət edilməlidir.

Beləliklə, müzakirələrdən sonra dənizkənarı bulvarın salınması ilə bağlı tikinti komissiyası qərara alır: torpağın daşınılması üçün tüccar və arabalarla işə başlanılsın; bütün ərazi ½ arşın qalınlığında və ¼ arşın həçmində gübrələnmiş torpaqla basdırılsın və torpaq təsərrüfat üsulu ilə qarışdırılıb, hazırlansın; torpaqlama işlərinə dərhal başlanılsın. Lakin bağın salınması məsələsi ümumi plan hazırlandıqdan sonra həyata keçirilsin. (ARDTA f.389, s.3, s.v.2362, v.20- 21 arx.)

Bakı bağlarının yaşıllaşdırılması məsələsində qarşıya çıxan maneələrlə bağlı şəhərin baş bağbanı A.E.Vasilyev “Yerli şəraitə uyğun kompost gübrənin hazırlanmasının və ağac tingliyinin tikilməsinin vacibliyi” adlı geniş məlumat hazırlayıb, upravaya təqdim edir. (15 iyul 1902- ci il) O, bildirir ki, Bakı və Bakıətrafı ərazi, həmçinin, Abşeron yarımadasının hər yerində zəmin demək olar ki, bütünlüklə balıqqulağından ibarətdir. Torpağın tərkibində olan əhəng və şora onun fiziki vəziyyətini tədricən itirməsinə səbəb olur. Belə bir zəmində bitkilərin əkil-məsi üçün xüsusi gübrələr hazırlanmalı və yerli iqlimə uyğun və zərərsiz bitkilər yetişdirilərək əkilməlidir və s. Bu məsələlərlə baş bağban şəxsən məşğul olmaq istədiyini də bildirir (ARDTA f.389, s.3, s.v.41 v.7- 14).

Müraciəti müsbət qarşılayan səhər upravasının tapşırığı ilə Bakının baş bağbanı A.E.Vasilyev bağlarda və küçələrdə əkiləcək bitkilərin yetişdirilməsi məqsədilə ağac tingliyi əkilməsi üçün ərazi axtarışına çıxır. Ucar və Xaçmaz stansiyalarının yanında yerləşən ərazilərdəki şəxsi mülkiyyətlərdə uyğun torpaq sahələri müəyyənləşdirilir. Tinglik üçün təklif olunan ərazilər bir sıra şərtlərə cavab verməliydi: birincisi, Bakı iqliminə uyğun şərtlərdə, lakin küləksiz ərazidə yerləşməli və imkan daxilində torpaq baxımından yararlı olmalı; ərazinin su təminatı olmalı; ərazi mübahisəsiz mülklərdə yerləşməli; ağacların tinglikdən Bakıya köçürülməsi üçün Bakıya yaxın ərazidə olmalı; tingliyin işçiləri özlərinə lazım olan ərzaq, paltar, ayaqqabı və rahat tibbi köməklik ala bilsinlər deyə tinglik ərazisi bazara da yaxın olmalıdır; nəhayət, ərazi meşənin yaxınlığında və yaxud elə yerdə yerləşməlidir ki, oradan istilik və usta işləri üçün ağac və odun götürülməsi asan, icarəyə götürülən ərazinin yaxınlığında isə işçilərin yuyunması üçün yer olsun. Tinglik əkilməsi üçün uyğun ərazilər tapıldıqdan sonra ərazilərin qısa təsviri və icarə xərcləri barədə məlumatlar upravanın müzakirəsinə verilir (ARDTA f.389, s.3, s.v.2362, v.45 - 50).



Şəhər upravası eyni zamanda, dənizkənarı bulvarın ərazisinə torpaq təminatını və onun daşınması üçün tədarükçülərin təkliflərini dəyərləndirir. 1902-ci il noyabrın 15-də şəhər mühəndisi və uprava üzvlərinin iştirakı ilə köhnə Aleksandrovski sahil bulvarında şəhər baxçasının salınması üçün tədarükçüdən köhnə şəhər baxçasından “Qafqaz və Merkuri” cəmiyyətinin yerinə qədər olan ərazidəki 103 küb sajın münbit torpağı alaraq, əvvəlki baxçanın ərazisinə qatmış və bütövlükdə 228,75 sajın ərazidə yeni bağ salınmışdı (ARDTA f.389, s.3, s.v.2362, v.99).

Yeni salınacaq bağla yanaşı, köhnə şəhər bağının abadlaşdırılması məsələsi də gündəmdə idi. 1903-cü ildə Bakının baş bağbanı A.E.Vasilyev şəhər upravasına şəhərin yeganə istirahət bağı olan Mixaylovski şəhər bağının yuxarı hissəsinin yenidən qurulması ilə bağlı layihə təqdim edir. Layihəyə görə, ərazisi və ölçüləri dəyişdirilmədən və ümumi plana xətər yetirmədən əhaliyə gəzmək üçün daha çox yer qalsın deyə qala divarları boyu uzanan ərazini əvvəlki dar xiyabanları da qatılmaqla bir-birinə paralel 6 xiyabana bölərək, genişləndirmək nəzərdə tutulurdu. Bağban ümid edirdi ki, şəhər bağını dar və boğucu təzyiqdən xilas edəcək bu layihə Duma tərəfindən anlayışla qarşılanacaq. (”Бакинская известия», 1903 г., №185, стр. 3)

Baş şəhər bağbanı Aleksandrovski sahil bulvarında 7431 ədəd ağac və kol əkilməsi barədə raport verərək bildirir ki, həmin yaşıllıqların 645 ədədi fıstıq olmaqla cəmi 1300-ü yeni əkilmiş ağaclardır. Bütövlükdə bulvarın ərazisində 9616 ağac və kol var idi. Lakin bulvarda yerli iqlimə uyğunlaşa biləcək bitkilərin alınması da baş bağban tərəfindən təklif edilmişdi (ARDTA f.389.s.3, s.v.2662, v.149 -150).

Yeni bağın salınması üçün podratçılardan hər birində 1½ kub sajın, cəmi 49½ sajın olmaqla 33 yeşik bitki torpağı alınır. (ARDTA f.389.s.3, s.v.2362, v.100) Bulvar ərazisi torpaqla döşənildikdən sonra yaşıllaşdırma-abadlıq işləri də aparılır. Salınmış yeni bağçada ağaclar əkilir, kənarı məftillə çəpərlənir, suvarma üçün borular çəkilir, su kranları və s. qoyulur. Bütün bunlar üçün uprava 24 578 rub. 67 qəp. vəsait xərcləyir (ARDTA f.389.s.3,s.v. 2362,v.62).

Lakin uzun illər yeni bulvarın salınması məsələsi müəyyən çatışmazlıqlar ucbatından ləngiyirdi. 1909-cu ilə qədər həlli yarımçıq qalmış bu məsələ şəhər cəmiyyətinin təsiri ilə nəhayət ki, yenidən gündəmə gəlir. Beləlıklə, yeni bulvarın salınması prosesi sürətləndirilir və məsələ Dumanın müzakirəsinə çıxarılır.

1909-cu il aprel ayının 9-da Bakı Şəhər Dumasının yığıncağında şəhər upravasının üzvü Hacınski Aleksandrovski sahıl küçəsində bulvar salınması ilə bağlı tikinti komissiyasının müzakirələrinin nəticələri barədə məruzə edir. Uprava sübut edir ki, Bakı əhalisinin sürətlə artması fonunda şəhər bağlarının ümumi sahəsinin olduğu kimi saxlanılması, hətta bəzən onların ərazicə kiçilməsi əhalinin tələbatını ödəmədiyindən, yeni bulvarın salınması Bakı əhalisi üçün olduqca əhəmiyyətlidir. Uprava təklif edir ki, bulvar yeni ərazidə salınsın. Bulvarın salınması üçün birdəfəlik xərclərin 10. 000 rub., illik isə 2.500 rub. məbləğində olması nəzərdə tutulurdu. Uprava güman edirdi ki, bu xərcləri bulvar ərazisində alınacaq torpaqlar və bulvar ətrafındakı icarələrdən gələn gəlirdən çıxarmaq mümkündür. Belə ki, həmin icarələrdən ildə 4000 rub. vəsait qazanmaq olar.

Hacınskinin bu məruzəsi böyük səs-küylə qarşılanır və upravanın tezliklə bu layihəni həyata keçirəcəyi barədə xəbər gurultulu alqışlarla bəyənilir (”Баку”,1909 г.,№77, стр.3).

Həmin vaxtdan etibarən yeni bulvarın tikintisinə başlanılır. Bu ərəfədə bir sıra cəmiyyətlər və imkanlı iş adamları bulvar ərazisində ticari məqsədlər üçün müəyyən ərazilərin ayırılması barədə xahişlə şəhər upravasına müraciətlər edirlər. Öz növbəsində uprava bütün müraciətləri dəyərləndirmək məqsədilə müzakirəyə çıxarır. İlk müraciət isə Uşaq ölümü ilə mübarizə cəmiyyətindən gəlir. Cəmiyyət bulvar üçün ayırılmış ərazidə sərinləşdirici içkilər və süd məhsullarının satışı üçün köşk qoyulması məqsədilə pulsuz yer istəyir və bildirir ki, cəmiyyətin başqa gəlir yeri olmadığı üçün köşkdən gələn gəlir cəmiyyətin kassasına veriləcəkdir. Məsələ Dumanın müzakirəsinə verilir və şəhər memarı təmənnasız olaraq həmin köşkün planını hazırlayacağını vəd edir (“Баку”,1909 г.,№85, стр.4).



Yeni bulvarın işıqlandırılması məsələsini isə “Elektriçeskaya sila” adlı səhmdar cəmiyyəti öz üzərinə götürür. Cəmiyyət şəhər upravasına Sahil küçəsinin işıqlandırılması üçün müraciət edir. Lakin “Elektriçeskaya sila” cəmiyyətilə eyni vaxtda həmin məqsədlə upravaya müraciət edən daha bir şirkət də var idi: “Simensk və Qalski”. Hər iki şirkət öz smetasını upravanın tikinti komissiyasına təqdim edir. Smeta 9 və 12 qövsvari fənər qoyulmasına hesablanmışdı. Bundan başqa, tikinti komissiyası tərəfindən bir neçə digər elektrik enerjisi hasil edən şirkətə də müraciət edilərək, yeni salınacaq Aleksandrovski bulvarının işıqlandırılması üçün qısa müddət ərzində öz təkliflərini verməyi və həmin təkliflərdə veriləcək enerjinin hər kilovat-saatı üçün tələb olunan qiymət barədə də məlumat vermələrini istəmişdi. (“Баку”, 1909 г.,№92, стр.3)

Bu məsələdə Uprava “Elektriçeskaya sila” cəmiyyəti ilə razılığa gəlir. Razılaşmaya görə, şirkət cari ilin 1 noyabr tarixindən etibarən 12 qövsvari fənərlə sahil bulvarını işıqlandırmağı öz öhdəsinə götürür; uprava bütün dirəkləri qoyur; şirkət isə fənər və naqillərlə təmin edir, həmçinin, enerji verir və fənərlərin təmirini həyata keçirir.

Göstərilən fənərlərdən 9 ədədi 15 amper, 3 ədədi isə 12 amper gücündə idi. İşıqlandırma gecə saat 1-ə qədər davam etməli və yalnız 3 fənər səhər sübhünə qədər yanılı qalmalı idi. İşıqlandırmaya görə ödəniş ayda cəmi 20 rubl hesablanmışdı və işıqlandırma 5 ay ərzində şəhərə 1200 rubla başa gəlirdi. (”Баку”, 1909 г.,№106, стр.3)

Şəhər Dumasının iclaslarında vaxtaşırı olaraq bulvarda görüləcək yeni işlərin də müzakirəsi aparılırdı.Yeni bulvarın salınması işini sürətləndirmək məqsədilə şəhər upravası aprel ayının 7-də qəzetlərdə may ayının 4-ü səhər saat 12-də hərrac keçiriləcəyi barədə elan verir. Hərrac yeni bulvarda sinematoqraf, kafe-restoran və ticarət köşkünün tikilməsi üçün torpaq sahəsinin ayrılması məqsədilə təşkil edilirdi. Hərracda iştirak edəcək şirkətlərin kondisiya və planlarına upravanın tikinti şöbəsində baxılırdı. (”Баку”,1909 г.,№97, стр.1)

(Ardı var)


Teqlər: Bakı-Bulvarı  





Xəbər lenti