Eşqin Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA

Eşqin Quliyevin ölümü ilə bağlı daha bir  AÇIQLAMA
  30 Sentyabr 2019    Oxunub:3474
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti müalicə müəssisəsində vəfat edən məhkumla bağlı məlumat yayıb.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin Azvision.az-a daxil olan məlumatında bildirilib ki, bu günlərdə sosial şəbəkələrdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müalicə müəssisəsində xüsusilə ağır cinayətlər törətdiyinə görə azadlıqdan məhrum edilmiş Quliyev Eşqin Zahid oğlunun ölüm səbəbi ilə bağlı həqiqətə uyğun olmayan uydurma məlumatlar yer alıb.

Penitensiar Xidmət bildirir ki, əvvəllər banditizmdə - silahlı qruplar tərəfindən odlu silahdan istifadə etməklə törədilmiş basqınlarda iştirak etdiyinə görə 9 il müddətinə azadlıqdan məhrum edilmiş E.Quliyev azadlığa çıxdıqdan sonra Gəncə hadisələrində mütəşəkkil cinayətkar dəstənin tərkibində iki nəfərin xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar öldürülməsində, terrorçuluğun və digər xüsusilə ağır və ağır cinayətlərin törədilməsində təqsirli bilinərək məhkəmə tərəfindən 20 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaq təcridxanasına daxil olarkən E.Quliyevdə aparılmış tibbi müayinə nəticəsində ağır xroniki Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS xəstəliyinin sonuncu - IV mərhələsi), viruslu hepatit B və C və digər xəstəliklər aşkarlanıb.

Bununla əlaqədar E.Quliyevin sağlamlıq durumu istintaq təcridxanasında daim həkim nəzarətində saxlanılıb və ona əvvəlcə zəruri ambulator yardım göstərilib. Lakin xəstəliyi ağırlaşdığından o, stasionar şəraitdə müalicə olunmaq üçün müalicə müəssisəsinə keçirilib.

İntensiv müalicə tədbirlərinin görülməsinə baxmayaraq, narkomanlıqdan əziyyət çəkən E.Quliyev müalicəsi tam mümkün olmayan kəskin infeksion xəstəliklərə düçar olduğundan səhhəti ağırlaşmaqda davam edib. O, QİÇS, viruslu Hepatit B və C, qan laxtalanmasının pozulması, anemiya, dərin koma fonunda ağciyər-ürək çatışmazlığından sentyabrın 29-da müalicə müəssisəsində vəfat edib.

Ölüm faktı ilə bağlı qanuna uyğun olaraq prokurorluq tərəfindən müvafiq araşdırma aparılır.

Penitensiar Xidmət mərhumun ailəsinə başsağlığı verərək təəssüflə bildirir ki, sosial şəbəkələrdə müxalifət qüvvələri cəfəng fikirlər söyləyərək mərhumun guya fiziki zorakılığa məruz qaldığından ölməsi kimi qələmə verməklə cəmiyyətdə çaşqınlıq yaradır, dövlət orqanlarının fəaliyyətinə kölgə salır, öz çirkin siyasi məqsədləri naminə mərhumun ailəsinə mənəvi iztirab yaşadırlar.

Azvision.az


Teqlər: Pentensiarxidmət  





Xəbər lenti