6 ayda 13 mindən çox cinayət faktı qeydə alınıb

   6 ayda 13 mindən çox cinayət faktı qeydə alınıb
  07 Oktyabr 2019    Oxunub:2964
2019-cu ilin yanvar-iyun ayları ərzində ölkədə 13534 cinayət faktı qeydə alınıb ki, bu da 2018-ci ilin ilin müvafiq dövrünün göstəricisindən 5,4 faiz çoxdur.

Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, əhalinin hər 100 min nəfərinə hesabı ilə qeydə alınmış cinayət hadisələrinin sayı əvvəlki dövrlə müqayisədə 6 faiz artaraq 135 olub. Onların 59,9 faizi az ağır, 27,6 faizi böyük ictimai təhlükə törətməyən, 12,5 faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir.

Məlumatda qeyd edilib ki, cinayətlərin strukturunda 2708 hadisə şəxsiyyət əleyhinə, 5761 hadisə iqtisadi sahədə törədilən, 4214 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 850 hadisə dövlət hakimiyyəti əleyhinə (onlardan 203 hadisə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər), 1-i isə digər cinayətdir.

Qeydə alınmış həyat və sağlamlıq əleyhinə olan cinayətlərdən 1518-i qəsdən sağlamlığa yüngül zərər vurma, 309-u qəsdən sağlamlığa az ağır zərər vurma, 162-si qəsdən sağlamlığa ağır zərər vurma, 126-sı qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 29-u ehtiyatsızlıqdan adam öldürmə, 8-i əzab vermə, qalanları isə digər cinayətlərə aiddir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Statistika   Cinayət  





Xəbər lenti