Azərbaycan səfiri ABŞ-da mükafata layiq görüldü

Azərbaycan səfiri ABŞ-da mükafata layiq görüldü
  18 Noyabr 2019    Oxunub:4609
Vaşinqton şəhərində yerləşən ABŞ Ticarət Palatasının tarixi binasında bu ölkənin aparıcı türk nəşri olan Amerika Türkü (TURKOFAMERICA) jurnalının qala gecəsi keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Azvision.az -a verilən məlumata görə, 2014-cü ildən bəri davam edən bu mərasimdə Amerika Türkü jurnalı (TOA) müxtəlif kateqoriya üzrə mükafatlar təqdim edib.

Bu il mükafat qazanan 12 şəxsin arasında ABŞ-ın sabiq daxili və təbii sərvətlər naziri Ryan Zinke, türk icmasının aparıcı şəxsləri, iş adamları və jurnalistlər olub. Azərbaycanın ABŞ-dakı səfiri də mükafata layiq görülüb.

Qala tədbirinin təşkilatçıları tərəfindən Azərbaycan səfiri Elin Süleymanova “Diplomatiyada nailiyyət” kateqoriyası üzrə fəxri ödül təqdim edilib.

Tədbirdə çıxış edən diplomat TOA təşkilatçılarına dərin minnətdarlığını bildirib, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladaraq, Azərbaycanın daim Türkiyənin yanında olduğunu vurğulayıb.

Səfir Türkiyə-Azərbaycan qardaşlığının davamlılığı və sarsılmazlığı, həmçinin bu qardaşlığın gücləndirilməsinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini və prioritet məsələ olduğunu vurğulayıb.

E.Süleymanov eyni zamanda bu yaxınlarda Azərbaycanın Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq Türkiyənin məşhur simalarının sosial şəbəkələr vasitəsilə səmimi təbriklərinin Azərbaycan ictimaiyyətində böyük məmnuniyyətlə qarşılandığını qeyd edib.

Hər il təşkil edilən bu mükafatlandırma mərasimi ötən il Nyu-York şəhərində Harvard Klubunda keçirilib. Mərasimdə Türkiyə ilə dost olan 30 amerikalı mükafatlandırılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Səfir  





Xəbər lenti