Milli Məclis 3 ayda cəmi 11 dəfə toplanıb - HESABAT

Milli Məclis 3 ayda cəmi 11 dəfə toplanıb - HESABAT
  28 Dekabr 2013    Oxunub:955
Milli Məclisin ötən gün keçirilən iclası ilə payız sessiyası başa çatdı. 32 məsələnin müzakirəyə çıxarıldığı iclasda bir neçə qanun layihəsi parlamentarilər tərəfindən qəbul edildikdən sonra qanunverici orqan qış tətilinə çıxdı.

AzVision.az-ın araşdırmasına görə, parlamentin payız sessiyasında cəmi 11 plenar iclas keçirilib. Belə ki, Milli Məclisin payız sessiya sentyabrın 30-da öz işinə başlayıb. İlk iclasda 41 məsələ müzakirəyə çıxarılıb.

Növbəti iclaslar isə oktyabırn 22 və 29-na təsadüf edib. Hər iki iclasda ümumilikdə 51 məsələ gündəliyə çıxarılıb, bir neçə qanun layihəsi parlamentarilərin səsverməsi ilə qəbul edilib.

Parlamentin ən uzun sürən iclasları isə noyabrın 12-dən 15-dək davam edib. Bu iclaslar büdcə müzakirələrinə həsr olunub. Sonrakı iclaslar noyabrın 22, dekabrın 3-ü və 17-də keçirilib. Milli Məclisin sonuncu iclası isə dekabrın 27-də baş tutub. Ümumilikdə isə payız sessiyasında 178-dən çox məsələ müzakirəyə çıxarılıb.

Sessiya çərçivəsində bir sıra mühüm qanun layihələri və dəyişiklikləri qəbul edib. Bunlardan ən yadda qalanı isə parlament sədrinin və millət vəkillərinin əməkhaqlarının artırılması oldu.

Ötən iclasda müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanun layihəsi müzakirələrdən sonra qəbul edilib. Dekabrın 1-dən qüvvəyə minə dəyişikliyə əsasən, deputatların maaşı 14 faiz gəlir, 3 faiz Sosial Müdafiə Fondunda və 2 faiz Həmkarlar İttifaqına çıxılmaqla 1822 manat təşkil edəcək. Spikerin aylıq əməkhaqqısı isə 2250 manat olacaq.

Bundan əlavə Milli Məclisin ötən günkü iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilib.

Səsçoxlu ilə qəbul edilən dəyişikliyə əsasən, ombudsmanın və hakimlərin də maaşları artırıldı. Belə ki, ombudsmanın əməkhaqqı 1700 manatdan 2025 manata artırlıb. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi (KM) sədrinin, sədrin müavininin və KM hakimlərinin maaşları 1785 manatdan 2120 manata qaldırılıb. Ali Məhkəməinin maaşı da 1785 manatdan 2070 manat artırılıb.
Parlamentin ötən gün baş tutan sessiyasında “Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” qanun layihəsinə dəyişikliklər qəbul edilib. Bununla da uşaq bağçaları 10 il müddətinə vergidən azad edilib.

Milli Məclisin 17 dekabrda keçirilən plenar iclasında "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" qanuna dəyişikliklər edilib. Qanuna edilən dəyişikliklərə əsasən, Azərbaycanın məhkəmə və hüquq-mühafizə orqanları əməkdaşlarına icbari sığorta ilə bağlı xüsusi güzəştlər verilib.

Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası üzrə işlərin aparılması xərclərinə ayırmalar müvafiq sığorta haqlarının 10 faizi miqdarında müəyyən edilib. Bundan başqa, dəyişikliklərdən sonra artıq qeyd olunan şəxslərin sığorta ödənişlərinin alınması üçün tələb olunan sənədlərin notariusda təsdiq olunması tələb edilməyəcək.

Parlamentin qəbul etdiyi yaddaqalan qanun layihələrindən biri də Azərbaycan Resbublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin rəhbərliyi ilə hazırlanan “İctimai iştirakçılıq” haqqında qanun layihəsidir. Layihə 3-cü oxunuşdan sonra qəbul edilib.

Qanunun məqsədi Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququnun ictimai iştirakçılıq formasında gerçəkləşdirilməsi üçün təminatlar yaratmaqdır.

Daha sonra “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanununa əlavələr qəbul edilib. Dəyişikliyə əsasən, Azərbaycanda siyasi partiyalardan baş qərargahları ilə bağlı sənəd tələb olunacaq, əks halda həmin partiyalar qeydiyyata alınmayacaq, yaxud fəaliyyəti ləğv olunacaq.

Qanunverici orqanın qəbul etdiyi mühüm dəyişikliklərdən biri də “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunn layihəsidir. Dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşlaqların təhsil haqları dövlət tərəfindən ödəniləcək.

"Sosial müavinətlər haqqında" qanuna edilən dəyişikliyə əsasən, beşdən çox uşağı olan qadınlara müavinət ödəniləcək. Çox uşağı olan qadınlara müavinətin məbləği hər uşaq üçün 30 (otuz) manat müəyyən edilib.
Elm siyasəti haqqında qanun layihəsi bu sessiyada da müzakirəyə çıxarılmadı.

A.RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti