İlin faciəsi: Kimdir günahkar?

İlin faciəsi: Kimdir günahkar?
  29 Dekabr 2013    Oxunub:1007
Vüsal Məmmədov

Bu mövzuda nəsə yazmaq çox çətin, üzücü, acıdır. Çünki Azərbaycanda belə bir hadisə olmamalı idi. Baş verən olay təkcə Zaur Həsənovun yox, bütün Azərbaycanın faciəsidir: ölkənin bayramı qara gəldi. Bu, başa çatmaqda olan ilin ən ağır hadisələrindən biridir.
Mən başa düşürəm: hadisə barədə emosiyasız danışmaq və yazmaq çox çətindir. Ona görə də istər mediada, istərsə də sosial şəbəkələrdə patetikanın dərəcəsi çox yüksəkdir. Həm də ona görə ki, indiyə qədər ölkədə bənzər hadisə olmadığından, bu, Azərbaycan insanı üçün bir növ şokdur. Biz ilk dəfə rastlaşdığımız bu dramın qarşısında sarsılmışıq.

Amma çətin də olsa, bir qədər soyuq düşünməyə çalışaq. Özünü yandırmaq – intiharın aksiyaya çevrildiyi məqamdır. Qarabağ qazisi Zaur Həsənov öz obyektinin sökülməsi nəticəsində keçirdiyi dəhşətli stressin təsirilə intihar etmək həddinə çatıb. Bəli, bu, doğrudan da çox böyük stressdir. Və mütləq cavab tapılmalıdır ki, onun həmin həddə çatdırılması kimin günahıdır.

Yəqin ki, bununla bağlı istintaq, məhkəmə araşdırması aparılacaq və Qarabağ əlilini intihar həddinə çatdıranlar cəzalarını alacaqlar. Buna heç bir şübhə yoxdur. Amma bəri başdan sxemə baxanda da məsələnin təxminən nə olduğu aydınlaşır.

Zaur Həsənov obyekt tikib işlətmək üçün bələdiyyədən yer alıb. 2015-ci ilə qədər müqavilə bağlanıb. Sonra məhkəmədə bəlli olub ki, həmin ərazi Həmkarlar İttifaqına məxsusdur və bələdiyyənin onu satmağa haqqı yox imiş. Qarabağ qazisi bir ilə yaxın sürən məhkəməni uduzub, müqavilə etibarsız sayılıb və obyektini söküblər.

Bu prosesdə əsas günah hansı halqadadır? Bələdiyyədəmi, məhkəmədəmi, Həmkarlar İttifaqındamı?
Cavab üçün sadəcə bir detalı bilmək lazımdır: doğrudanmı, həmin yeri icarəyə vermək üçün bələdiyyənin səlahiyyəti olubmu, yoxsa bunu səlahiyyətlərini aşaraq ediblər?

Məhkəmə qərarı olmadan nəsə demək düz deyil, amma ölkədə bu sahədə mövcud olan reallığı və təcrübəni nəzərə alsaq, bələdiyyələrin qanunsuz torpaq satmaq və icarəyə vermək kimi çox pis bir xəstəlikləri var. Buna əksər bələdiyyələr yoluxub; bu, korrupsiyanın özünə yer etdiyi sahələrdən biridir. Xeyli insanın başına bu cür oyun gəlib. Bələdiyyələrin səlahiyyətləri çatmayan torpaqları satması və ya icarə verməsinə dair şikayətlər olduqca çoxdur. Və onların bir qismi müxtəlif miqyaslı insani faciələrə də gətirib. Torpaq mübahisəsi olan yerdə çox vaxt insan faciəsi də olur. Bu halda da belə olub-olmadığı məlum deyil, işdir, əgər belədirsə, günahın böyüyü bələdiyyədə axtarılmalıdır.

Yox, əgər təhqiqat göstərsə ki, bələdiyyə haqlı imiş və o torpağı satmağa doğrudan da səlahiyyəti çatırmış, onda günah yanlış hökm çıxaran məhkəmənin üstünə düşəcək. Həmkarlar İttifaqının xeyrinə saxta qərar çıxardığına görə. Bir də məhkəməni hansısa yolla həmin hökmü çıxarmağa sövq etmiş şəxsin və qurumun üstünə.

Bura qədər hər şey sanki düz gəlirdi. Ortada iqtisadi-əmlak xarakterli mübahisə var, ziddiyyət məhkəmədə çözülür... Yəni bura qədər belə də olmalıdır, amma bundan sonra insanın faciəsi dövriyyəyə girir. Elə bir insan ki, özlüyündə bütün hallarda haqlıdır. O, pulunu verərək ərazini icarəyə götürüb, sərmayə qoyaraq, obyekt tikib... Ola bilər, sərmayəsi də kredit imiş və obyekti dağılandan sonra əli hər yerdən üzülüb. Başa düşüb ki, daha bu yüklə yaşaya bilməyəcək. Hüquqi cəhətdən o, haqsız ola bilərdi, amma insan kimi haqlı idi. Çünki bu hüquqi incəlikləri bilməyə borcu yox idi.

Bəs Həmkarlar İttifaqı nəzərə ala bilərdimi ki, əvvəla, həmin insan Qarabağ əlilidir, və ikincisi, bu vəziyyətdə onun obyektini sökdürmək faktik olaraq ailəsinə ölüm hökmü oxumaq kimi bir şeydir? Cavab vermək çətindir. Yəqin ki, nəzərə ala bilərdi, amma buna borclu deyildi. Qarabağ əlili olmaq mənəvi üstünlük və sayğı yaradır, amma məhkəmə çəkişmələrində insana hansısa əlavə imtiyaz vermir. Və ümumiyyətlə, bu cür məsələlərdə heç kim qarşıda insan taleyini görmür, sadəcə, əks tərəf görür. Əgər mübahisədə Həmkarlar İttifaqı haqlı olubsa (bunu da araşdırma göstərməlidir) , o zaman Zaur Həsənov sadəcə onun üçün “qarşı tərəf” olub.

Bəli, soyuq başla yanaşanda real mənzərə belədir. Ortada mütləq günahkar(lar) var və kim(lər)dirsə, tapılaraq ən ağır cəzanı almalıdır. Amma başa düşmək lazımdır ki, bu hadisədən doğan hiddəti bütövlükdə dövlətə, hakimiyyətə, siyasi sistemə qarşı yönəltmək düzgün deyil. Bu insan faciəsini siyasi tələblərə, aksiyalara çevirmək isə ümumiyyətlə, yolverilməzdir. Sadəcə, ədalətli istintaq və günahkarın tapılıb cəzalandırılmasını tələb eləmək lazımdır. İsrarla, ardıcıl və dönməz şəkildə.


Teqlər:  





Xəbər lenti