Kəlbəcər girovlarından hələ də xəbər yoxdur

  09 Aprel 2020    Oxunub : 3655
 Kəlbəcər girovlarından hələ də xəbər yoxdur
"Koronavirusun yayılması ilə əlaqədar atamın səhhətindən narahatıq".
Bunu Azvision.az -a açıqlamasında Kəlbəcər girovu Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. Onun sözlərinə görə, girovların hazırki durumu barədə heç bir məlumat yoxdur.

"Koronavirus Ermənistanda sürətlə yayılır. Artıq Qarabağda da virusa yoluxanlar var. Biz isə atamın səhhətinin necə olduğunu bilmirik. Çox narahatıq. Beynəlxalq Qırmızı Xaç komitəsinin nümyəndələrinin gedişi-gəlişi koronavirusun yayılması ilə əlaqədar çətinləşib. Təhlükəli virusun yayıldığı bir vaxtda Dilqəm Əsgərovu və Şahbaz Quliyevi itirə bilərik. Onlar 6 ildir ki, hər gün əzab, işgəncə altındadılar. Mən atamgilin hamının-hamıya prinsipi ilə dəyişdirilməsi məsələsində cənab prezidentdən kömək istəyirəm".

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Kəlbəcər   Girov