“Bələdiyyələr 6 aydan bir hesabat verməlidir” - Deputat

“Bələdiyyələr 6 aydan bir hesabat verməlidir” - Deputat
  09 Yanvar 2014    Oxunub:1403
“Bələdiyyələrin birləşmə prosesi davam etməlidir və bunun əsasında daha nümunəvi bələdiyyələr yaradılmalıdır”.
AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev YAP-ın saytına müsahibəsində deyib.
Onun sözlərinə görə, bələdiyyə qanunvericiliyi yaradılarkən belə bir müddəa vardı ki, vətəndaşların rəyindən asılı olaraq, hər bir yaşayış yerində bələdiyyələr yaradıla bilər:

“Bu səbəbdən o dövrdə 2757 bələdiyyə fəaliyyət göstərirdi. Amma kiçik bələdiyyələrin maddi-texniki bazasının olmaması səbəbilə onların fəaliyyəti qənaətbəxş sayıla bilməzdi. Onların kadr potensialı zəif idi, ödənişləri yığa bilmirdilər və s. problemlər var idi. O səbəbdən də bələdiyyələrin birləşdirilməsi zərurəti ortaya çıxdı. Bu çox düzgün proses idi. İnkişaf etmiş ölkələrin praktikasına əsaslanaraq belə bir addımın atılması bələdiyyələrin gələcək fəaliyyəti üçün bir stimul sayıla bilərdi. Bu baxımdan, bələdiyyələrin birləşməsi ən vacib məsələlərdən biri sayıla bilər. 1000-dən artıq bələdiyyə birləşdi və bu gün ölkəmizdə 1800-ə yaxın bələdiyyə fəaliyyət göstərir. Fikrimcə, zərurət yarandıqca birləşmə prosesi davam etməlidir və bunun əsasında daha nümunəvi bələdiyyələr yaradılmalıdır. Bildiyiniz kimi, bu il ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Düşünürəm ki, hər seçilən yeni bələdiyyələr öz fəaliyyətini daha da təkmilləşdirir, respublikamızın sosial-iqtisadi inkişafına öz töhfələrini verirlər”.

Tahir Rzayev qeyd edib ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət qanunvericilikdə öz əksini tapıb. Onun sözlərinə görə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi olduqca vacib bir şərtdir: “Bu vəzifəni Ədliyyə Nazirliyi həyata keçirir. İnzibati nəzarət dedikdə bələdiyyələrin səlahiyyətlərinə müdaxilə nəzərdə tutulmur. Sadəcə, bələdiyyələrin qanunvericiliyə əməl etməsinə nəzarət prosesi həyata keçirilir. Bundan başqa, bələdiyyələrin qəbul etdiyi qərarların hüquqi baxımdan düzgün olub-olmamasının da öyrənilməsi də bu nəzarətə aiddir. Məsələn, torpaqların verilməsində, bələdiyyələrin sərəncamlarında qanunvericiliyə əməl olunması, o cümlədən, bələdiyyə maliyyəsinin xərclənməsi prosesində qanunun tələblərinə riayət olunması inzibati nəzarətin tərkibinə daxildir. Ona görə də, bu sahə ilə əlaqəli protokollar yerlərdə yoxlanılır, həmin sənədlərin bir surətini də Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə göndərirlər. Digər tərəfdən, artıq regionlarda da bu mərkəzin filialları fəaliyyət göstərir. Bu mərkəzdə fəaliyyət göstərən hüquqşünaslar da bu qərarların verilməsinin hüquqi aspektini təşviq edirlər”.

Millət vəkili bildirib ki, bələdiyyələr hər 6 aydan bir seçicilər qarşısında hesabat verməlidirlər: “Hesab edirəm ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı maarifləndirmə işləri gücləndirilməlidir. Bələdiyyələrlə vətəndaşların münasibətlərinin tənzimlənməsi əsas diqqət mərkəzində olmalıdır. Digər tərəfdən, bələdiyyələrin problemləri ilə yaxından tanış olmaq lazımdır. Ölkəmizdə bələdiyyələrin inkişafına diqqət və qayğı göstərilir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan Dövlət Proqramlarının həyata keçirilməsində bələdiyyələrin də iştirakı var. Bələdiyyə sağlam bir təşkilat olmalı, öz fəaliyyətini əhali ilə qarşılıqlı əlaqə müstəvisində qurmalı və bu prosesdə vətəndaşların iştirakının fəallığını təmin etməlidir. Vətəndaşlarımız da bələdiyyələrin inkişafında maraqlı olmalıdır, onların inkişafına maddi və mənəvi dəstəklərini göstərməlidirlər. Əks halda, bələdiyyələrin inkişafından danışmağa dəyməz. Çünki müəyyən vergilər, ödənişlər var ki, onlar vətəndaşlar tərəfindən verilir. Əgər vətəndaşlar bu vergiləri verməsə və qarşılığında da bələdiyyələrin maliyyə vəsaiti olmasa hansısa bir işin görülməsi problem olar. Fikrimcə, vətəndaşlar hər il öz bələdiyyələrinin hesabatlarını dinləməlidirlər. Bələdiyyələr də qanunvericiliyə uyğun olaraq hər 6 aydan bir öz seçiciləri qarşısında hesabat verməlidir. Bələdiyyələr də daim öz büdcəsini formalaşdırmalı, onu müzakirəyə çıxarmalı və prosesdə şəffaflıq təmin olunmalıdır”.


Teqlər:  





Xəbər lenti