Mətbuatın xəbər oğruları - onları TANIYIN

Mətbuatın xəbər oğruları - onları TANIYIN
  14 Yanvar 2014    Oxunub:4371
Jurnalistlərin istinad problemi: kimdir saytlardan xəbər oğurlayan?

Son vaxtlar yerli mətbuatda çalışan bəzi həmkarlarımız “istinad mədəniyyəti” ifadəsindən eninə-boluna istifa edirlər. Səbəb aydındır. Sayt və ya hər hansı mətbu orqan, xəbər portalları tirajladıqları informasiyanı başqa bir mənbədən götürdüyü halda, istinad etməyi ya özlərinə sığışdırmır, ya da görməməzlikdən gəlirlər. Ən çox da istinad mədəniyyətinin pozulması problemi ilə cəmiyyətdə nüfuzu olan, geniş oxucu auditoriyası ilə sayılıb-seçilən agentliklər, xəbər portalları üzləşir. Loru dildə desək yerli mətbuatda kütləvi xəbər oğurluğu baş alıb gedir. Maraqlıdır, mətbuatda istinadsız xəbər oğurlayıb dərc edən saytlar hansılardır? Onları sizdə tanıyın.

AzVision.az saytlarda rast gəlinən bu cür hallarla bağlı sayt redaktorları, jurnalistlər arasında sorğu keçirib.

“ANS istinadsız, nöqtə vergülü də dəyişmədən verir”



Hafiz Heydərov, APA-nın müxbiri

“Bir çox sayt bizdən xəbərləri istinadsız verir. Anspress, haqqin.az, xezerxeber. Hər zaman xəbərdarlıq edirəm. Nəticə çıxarmasalar, facebookda paylaşıram, dərhal istinad edirlər. Bir neçə dəfə ANS-lə bunun üstündə gərginlik yaranıb. Jurnalist bir xəbəri necə çətinliklə əldə edir, özünüz bilirsiz.

Elə olub ki, xəbər olub 3 gün əvvəl, bir 3 gündə onu dəqiqləşdirməyə sərf etmişəm, yazmışam, açıb baxmışam ki, ANS istinadsız, nöqtə vergülü də dəyişmədən verib. Adamı söysələr bundan yaxşıdır. Başqaları bizdən götürüb ora-burasını düzəldib verirlər. Ona görə onların adını çəkmək istəmirəm. Amma, ANS, haqqin.az, xezerxeber.com bunlarla artıq bacarmıram”.

“Elbrus Ərudu qabağa veririk, həll edir..”



Elnur Məmmədli, Qafqazinfo.az xəbər portalının redaktoru

“Bunun xüsusi olaraq monitorinqini aparmırıq. Amma əksər saytlarda olur. Haqqin.az, azxeber.com, anspress, publika .az. Ümumiyyətlə istinad bir mədəniyyətdir. Azərbaycanda isə bir cox jurnalistlər bunu əskiklik kimi qəbul edirlər. Guya özlərinə sığışdırmırlar. Hansı ki sənin yaydığın xəbərin ardınca sürünməyi qəbul edirlər, amma alnıaçıq şəkildə istinad edib onu sayta qoymağı özlərinə ar bilirlər. Bizim üçün isə heç bir fərqi yoxdur. İstənilən populyar olub olmamasından asılı olmayaraq saytda gedən hər hansı maraqlı xəbər varsa, onu istinad edib yayırıq. Bu bizə heç bir sıxıntı gətirmir”.

“Demokratiya.net, avrasiya.net, bugün.az istinad etmir”



Zahid Nurəliyev, teleqraf.com saytının redaktoru

“Bizim sayt iki ilə yaxındır fəaliyyət göstərir. Ayrı-ayrı vaxtlarda müxtəlif tanınmış saytlar bizim xəbərlərimizi istinad etmədən yayıblar. Danışıqlardan sonra bu məsələ yoluna qoyulub. Hazırda isə demokratiya.net, avrasiya.net, bəzən də bugün.az saytları bizim özəl xəbərləri istinadsız yayırlar. Xüsusən də, demokratiy.net-dən narazıyıq. Dəfələrlə yazsaq, əlaqə saxlasaq da, bu saytın reket redaktoru öz pis vərdişindən əl çəkmir. Bütövlükdə mediada plagiatlıq problemi var. Amma özünə hörmət edən qəzetlər, saytlar bu addıma getmir. "100 dollarlıq saytlar" isə yəqin ki, hələ bir müddət də bu yolla öz varlıqlarını sübut etməyə çalışacaqlar”.

“Yaxşı xəbər varsa, istinad edirik”



Anar Rüstəmov, AzVision.az saytının redaktoru

“Onlayn mediada təəssüf ki, hələ də istinad mədəniyyəti tam formalaşmayıb. Bəzən olur ki, yeni yaranan saytlar daha çox bu üsula, oğurluğa əl atırlar. Mənim də indiyədək bir neçə dəfə olub ki, yazdığım önəmli xəbərləri oğurlayıblar. Hər halda susmamışam, etirazımı bildirmişəm, facebook səhifəmdə həmin saytları ifşa etmişəm. AzVision.az olaraq bir neçə də dəfə bizim yazdığımız özəl xəbərləri oğurlayıblar, amma bizim etirazımızdan sonra həmkarlarımız bu yalnışlığı düzəldiblər. Anspress-də daha çox istinadsız xəbərlərə rast gəlmək olar. Dəfələrlə rastlaşmışam, jurnalistlər anspress-ə etiraz ediblər, onları xəbər oğurlamaqda suçlayıblar. Bundan əlavə internet mediada ən böyük bəla etik normaların gözlənilməməsidir. Bizim üçün önəmli olan xəbərin mahiyyətidir. Yaxşı xəbər varsa istənilən saytdan istinadla dərc edə bilərik. Əfsuslar olsun ki, bunu bəzi dostlarımız belə etmir. Narazı olduğum əsas məsələ ilə odur ki, tutataq biz bu gün özəl bir xəbər yaymışıq, bunu həzm etməyən bir neçə xəbər portalı məlumatı ilk dəfə biz versək də zəng edib öz xəbərləri kimi yazaraq təkrarçılığa yol verirlər. Bu halı özlərini bir nömrə sayan agentliklərdə də görmək olar. Hesab edirəm ki, buna yol vermək etikadan kənardır”.

“Xəzər TV-nin saytında, anspress-də istinad mədəniyyəti pozulur”




Kəmalə Quliyeva, Lent.az saytının redaktoru

“Lent.az saytından xəbərləri demək olar ki, əksər saytlar götürür. Bəzən istinad edirlər, bəzən yox. Adətən əlçatan xəbər olanda özləri də danışıb verirlər. Eksklüziv xəbərlərdə isə adətən bunu edə bilmirlər. İstinad mədəniyyəti daha çox Xezer TV-nin saytında, bəzən də anspress-də pozulur”.

“İstinad mədəniyyətsizliyi" görməmişik”



Famil Cəfərli, Virtualaz.org saytının redaktoru

“Virtualaz.org saytı yeni yaransa da, elə ilk günlərdən istinad olunan internet resursuna çevrilə bildi. Təvazökarlıqdan uzaq görünə bilər, amma belədir. Çünki biz ilk gündən ciddi xəbərə üstünlük vermişik.
İstinadlara gəlincə isə musavat.com, azadliq.info, anspress.com, haqqin.az (rusdilli saytdır), qafqazinfo.az, azvision.az kimi kifayət qədər böyük oxucu auditoriyasına məxsus populyar saytlar virtualaz.org-un eksklüziv xəbərlərinə müntəzəm olaraq istinad edirlər. Ədalət naminə deyim ki, heç birindən "istinad mədəniyyətsizliyi" (bu da təzə termindir) görməmişik. Düzdür, arada olub ki, istinad olunmayıb, amma bunu texniki yanlışlığın, yaxud nyusmeykerin səhlənkarlığın ayağına yazmışıq. Zəng vurub həmkarlara, dostlara iradımızı bildirmişik, düzəldiblər.

Açığı, digər xırda saytları o qədər də çox izləmirəm. Amma, xəbərlər gəlir ki, onlar da xəbərlərimizə çox istinad, onları hətta istismar edirlər. Burada məsələnin başqa bir tərəfini də demək istərdim. On dəfələrlə, yüz dəfələrlə olub ki, bir çox populyar informasiya agentlikləri virtualaz.org saytının ölkə oxucusuna hamıdan əvvəl təqdim etdiyi informasiyanı bizə istinadən verməyiblər, bunu özlərinə "sığışdırmayıblar". Üstündən yarım saat, bəzən bir, iki, üç saat keçib, özləri həmin informasiyanı hazırlayıb veriblər. Bu halda onlardan istinad ummağın yeri olmur”.

“Deyir, səndən iki cümlə götürdüm”



Səbinə Əvəzqızı, “Hafta.az”ın redaktoru

“Bu barədə xeyli problemlər var. Dəfələrlə həmkarlarımızla mübahisələrimiz olur, amma ad çəkməyi düzgün hesab etməzdim. Belə hallarla rastlaşanda əvvəlcədən müxbirlərimiz vasitəsilə müxbirin özünə xəbərdarlıq edirik, əgər məsələ alınmasa redaktora zəng edirəm. Çox vaxt məsələ həll edilir.
Bir-iki dəfə hətta bu da təsir etməyib. O zaman məcbur olub sosial şəbəkələrdə qınayırıq.

Ad çəkməyəcəm, bir dəfə bizim türk ekspertlə müsahibəmizi olduğu kimi bir sayt verib. İstinad yoxdur.
Zəng etmişəm, redaktor deyir ki, həmin ekspert mənim dostumdur.
Bilmirdim gülüm yoxsa bağırım? Axı redaktorun kiminlə dost olması imkan vermir ki, müsahibəmizi götürsün. Sonda həmin ekspertə müraciət etdik. O, dostu redaktora zəng edib dedi ki, belə etmə. Yazını saytdan götürdə bildik. Bir də ən acınacaqlı vəziyyət sənin xəbərinlə bağlı kimsə araşdırma aparır, amma sənə istinad etmir. Səbəbini də belə açıqlayır: “Səndən iki cümlə götürdüm”. Daha etiraf etmir ki, bu araşdırma sənin xəbərinin üzərində qurulub”.

“Haqqın.az saytının adını çəkə bilərəm”



Əfqan Qafarlı, “Modern.az”ın redaktoru

“Modern.az saytı olaraq həmişə çalışırıq ki, gündəmi əhatə etməklə yanaşı, özümüzün istehsalı olan özəl xəbərlərimiz, müsahibələrimiz, reportajlarımız olsun. Bu baxımdan Modern.az mətbuata ən çox mövzu verən KİV-lərdən biridir. Hər gün müxtəlif saytlar, qəzetlər bizim yaydığımız materiallardan bu və ya digər formada istifadə edir. Bu zaman istinadlarla yanaşı, oğurluq halları da olur.
Bəli, bəzən materiallarımızı istinad etmədən yayan, öznünküləşdirənlər var.

Sözün düzü əvvəllər belə halları görəndə çox əsəbləşir, redaksiyalara, jurnalistlərə zəng vururduq, bir sıra hallarda düzəlişlərə nail də olurduq.
İndi materiallarımızın istinadsız verilməsi halları əvvəlki kimi çox deyil, Düzdür, bizə ordan-burdan, həmkarlarımızdan deyirlər ki, hansısa saytlar xəbərlərimizə istinad etmir. Amma biz bununla bağlı monitorinq aparmırıq. Bunlar əsasən kiçik saytlardı, ki ona da əhəmiyyət vermirik. Amma haqqın.az saytının adını çəkə bilərəm. Dəfələrlə məlumatımızı götürüb, istinadsız yayıblar

Ciddi saytlardan sayılan haqqın az saytı bəzən materiallarımızı istinadsız yayımlayır.

Qafqazinfo,az, musavat.com, virtualaz.org saytındakı həmkarlarımız isə sağ olsunlar, materialları həmişə istinadla verirlər”.

“Buna vaxt sərf etmək istəmirəm”



İmdad Əlizadə, “Media forum” saytının parlament müxbiri

”Nəinki belə saytlar, qəzetlər də, televiziyalar da var. Konkret ad çəkməyəcəm. Çünki həm siyahı böyük olacaq, həm də yeni bir polemikanın əsasını qoymaq, buna vaxt sərf etmək istəmirəm.
Hətta elə olub ki, bizim əməkdaşımız "Media forum"un xəbərini götürüb, heç bir istinad etmədən öz məlumatı kimi təqdim etmiş KİV-lərə zəng vurub, amma bunu edənlərə heç nə sübut etmək mümkün olmayıb. Baxmayaraq ki, informasiya tam olaraq "Media forum"dan götürülüb, nöqtəsinə-vergülünə toxunmadan başqa saytda onların öz informasiyası kimi təqdim olunub, amma bunu edənlər heç nəyi boyunlarına almırlar.
Bir neçə ay öncə Müsavat Partiyasının başqanı İsa Qəmbər "Media forum" saytının iki xanım əməkdaşına müsahibə vermişdi.

Müsahibənin sonunda da hər ikisinin imzası vardı. "Savaş.org" adlı bir saytı həmin müsahibəni götürüb öz müsahibələri kimi yaymışdılar, daha sonra isə linkini də dərhal ölkənin bir neçə aparıcı saytına göndərmişdilər. Həmin saytlarda da müsahibə "Savaş.org"a istinadən yayılmışdı. Biz sonrada həmin saytlardakı dostlarımızdan xahiş etdik ki, istinadı düzlətdilər.

Burada başqa bir problem informasiyanı ilkin olaraq kimin yayması ilə bağlıdır. Bir informasiya yazırsan, saytda gedəndən az sonra başqaları da həmin informasiyanı, açıqlamanı verən şəxsə, quruma zəng edib eyni informasiyanı alıb öz xəbərləri, açıqlamaları kimi yayırlar.
Əslində bu da doğru və ədalətli yanaşma deyil, başqasının xəbərini götüb istinadsız, öz məlumatı kimi yaymağa bərabərdir.

Hansısa informasiya nə qədər vacib, əhəmiyyətli olsa da, insan münasibətlərindən dəyərli deyil. İnformasiyanın bir neçə saat ömrü var, amma insanlar arasında olan münasibətlər, dostluq uzun müddətldiir. Ona görə də gərək informasiyanın əsrinə çevrilməyəsən, jurnalist həmkarının əməyinə hörmətlə yanaşasan, onun zəhmətinin halallığını almadan (istinad da halallıq almağın bir növüdür) ondan istifadə etməyəsən,özününküləşdirməyəsən.
Bir informasiyanı yaymaq da olar, yaymamaq da, tez də vermək olar, gec də. Dünya dağılmır ki?

Əsas odur ki, bunu edəndə ədalətli olasan. Xüsusən də həmkarına qarşı”.

“”Göbələk” saytlar xəbərlərimizi oğurlayır”



Elməddin Muradlı, “Üç nöqtə” qəzetinin redaktoru

“Bəzi saytlar var ki, bizə istinad eləməyi özünə sığışdırmır guya. Biri götürüb, xəbərimizi vermişdi, bu yaxınlarda, altından yazmışdı ucnoqta.az. Başqa biri də o saytdan götürüb xəbər başqa biri də o saytdan götürüb xəbərimizi həmin sayta istinadən vermişdi guya. Mən belə dırnaqarası yeniliklərə təəccüb edirəm. İstinad bir mədəniyyət formasıdır. Jurnalistikanın mədəniyyəti. Tanınmış saytlar qəzetlər etmir bunu. Göbələk saytlar var, hər gün biri çıxır, heç tanımıram da. Amma rast gəlirəm ki, xəbərləri oğurlamaqla məşğuldur”.

“Xəzərxəbər.com həmişə oğurlayır”



Zülfiyyə Quliyeva, “mövqe.az”ın müxbiri

“Əvvəllər belə hallar daha çox olurdu. İndi də həmçinin. Xezerxeber.com həmişə xəbərlərimizi oğurlayır”.

“Ciddi olmayan saytlara fikir vermirik”



Bahar Rüstəmli, aznews.az-ın müxbiri

“Cəmiyyət də nüfuzu olan sayılıb seçilən və oxunan saytların hər biri xəbərlərimizi istinadla verir. Bəzən istinad etməyənlər də olur. Amma, biz onların ciddi hesab etmədiyimizə görə, bu məsələyə fikir vermirik”.

“İstinad mədəniyyəti hələ formalaşmayıb”



Anar Əhmədov, Qaynar.info-nun redaktoru

“Belə hallar az da olsa olur. Kimlərin oğurladıqlarını deyə bilmərəm. Bəzən bu bilərəkdən, ya bilməyərəkdən olur. Çox vaxt da sonda düzəlişlər olur. Zəng edib iradlarımızı bildiririk, amma hər xəbərə irad bildirmirik. Ümumiyyətlə bizim mətbuatda istinad mədəniyyəti hələ formalaşmayıb. Ümid edirəm ki, zaman keçdikcə bu da düzələr”.

“Biz həmişə istinad edirik”



Ziya Babayev, anspress-in müxbiri

“Bizim, şəxsən mənim xəbərlərimi də çoxları oğurlayır. Amma imkan olanda yaxşıdır ki, istinad etsinlər. Əslində xəbəri istinadla vermək daha rahatdı adama da başağrısı olmur. Biz həmişə istinad edirik
Sadəcə bəzən xəbəri kimsə birinci verir. Baş verən hadisəni birinci vermək ekskulizivlik demək deyil.

Biz də eyni baş verən xəbəri öyrənib yazırıq, əlavələr edirik. Daha yaxşı veririk xəbəri. Bu zaman xəbəri birinci yazan tərəf iddia edir ki, bizə istinad etməlisiz. Bəzən xəbəri səhv də yazırlar. Bəzən isə tələsik yazıldığından xəbərdə qeyri-dəqiqlik olur. Amma biz hər şeyi dəqiq yazırıq. Bir söz deyim mən kriminaldan yazıram. Bəzən elə olur ki, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və digər qurumlarda xəbərlər verilir. Biz də hamı kimi veririk. Bu o demək deyil ki biz xəbəri istinadla verməliyik.

Amma bizdə istinad problem deyil. Bütün saytlara istinad edirik. İstinad etmək mədəniyyətdir. Xəbəri oğurlamaq isə jurnalistin mədəniyyətsizliyidi”.

Mirvari Nəcəf




Teqlər:  





Xəbər lenti