Dövlət Komitəsinin sədr müavini: “Yerli serialları bəyənmirəm”

  22 Aprel 2021    Oxunub : 1276
 Dövlət Komitəsinin sədr müavini:  “Yerli serialları bəyənmirəm”
"Serialların çəkilməsinə böyük pullar qoyulur. Lakin bu serialların əksəriyyətini bəyənmirəm. Orada zorakılıq əlamətləri göstərilir. Televiziyada mənəviyyatı oxşayan, xoş gələn bir film yoxdur, hamısı öldürmək səhnələri üzərindədir"
Bunu Azvision.az -a müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhramanova deyib.

Sədr müavini bildirib ki, bu gün film və seriallarda keyfiyyət proffesionallıq nöqteyi-nəzərindən yüksək deyil:

“Zamanında o qədər sevgi, təbiət filmləri var idi. İndi belə filmlər yoxdur. Uşaqlar üçün yaxşı nağıllardan ibarət filmlər çəkilə bilər ki, bunun tərbiyyəvi əhəmiyyəti olmalıdır. Bunlar hamısı senzuradan keçməlidir, təsdiqini almaldır. Serialların ssenarilərində cəmiyyətimizə çağırış edən məqamlar yoxdur.

Türkiyənin filmlərinə baxıram. Qardaş ölkədə ailə, uşaqlar mövzusunda maraqlı tərbiyəvi filmlər çəkilir. Bir zamanlar “Arka sokaklar” serialına baxırdım, orada cəmiyyətə yaxşı təsir edən məqamlar var idi. Uşağa qarşı münasibət, valideynin məsuliyyəti, cəmiyyətə tərbiyyəverici məqamlar yaxşı işlənmişdi. Bax, belə seriallar çəksinlər. Hadisəni göstərməklə yanaşı, yaxşı və pis məqamları ortaya qoysunlar. Məsələni müzakirə edib, çağırış etsinlər. Yoxsa kimsə özünü atdı, kimisə öldürdü, bunu nəql etməyin nə əhəmiyyəti var? Hər bir informasiyanı verəndə onun əks-sədasını fikirləşmək lazımdır”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Serial