Mehriban Əliyeva barədə məqalələr Yunanıstan və Albaniya mətbuatında

  26 Avqust 2021    Oxunub :478
   Mehriban Əliyeva barədə məqalələr Yunanıstan və Albaniya mətbuatında
Yunanıstanın “Good.net” xəbər portalında, Albaniyanın “Panorama” xəbər portalı və eyni adlı qəzetində, “Balkan web” nəşrində və “Psikologjiya” online jurnalında “Mehriban Əliyeva: Odlar Yurdunun xoşməramlı səfiri” sərlövhəli məqalə dərc edilib.
Azvision.az xəbər verir ki, məqalədə Azərbaycan müstəqilliyinin ilk illərində həm ölkə daxili, həm də xaricində bir sıra çətinliklərlə üzləşdiyi, ənənəvi ticarət əlaqələrinin pozulması nəticəsində ölkənin istehsal gücünün əhəmiyyətli dərəcədə azaldığı və Qarabağ münaqişəsi nəticəsində Ermənistanın Azərbaycanın 20 faiz torpağını işğal etdiyi barədə məlumat verilib. Bildirilib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin işğaldan azad edilməsi və bir milyondan çox qaçqın və məcburi köçkünün əzəli torpaqlarına qayıdışı ilə bağlı 1993-cü ilin ortalarından etibarən Azərbaycanda düşünülmüş siyasi, iqtisadi və demokratik islahatlar aparılıb, regional və beynəlxalq layihələr həyata keçirilib.

Məqalədə Azərbaycanın multikulturalizm ənənələrinin dünyaya tanıdılması, mədəniyyətlər və dinlər arasında dialoqun təşviq edilməsi ilə bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Azərbaycan xalqının tarixi, mədəniyyəti, adət və ənənələrinin qorunması və dünya mədəni irs siyahısına daxil edilməsi ilə bağlı görülmüş işlər barədə geniş məlumat verilib. Bildirilib ki, Birinci vitse-prezidentin səyi nəticəsində "Novruz bayramı", "İçərişəhər" memarlıq abidəsi, "Muğam", “Aşıq" və "Tar" UNESCO-nun maddi və qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Həmçinin məqalədə qeyd olunub ki, 2008-ci ildə Azərbaycan Prezidentinin təşəbbüsü ilə baş tutan “Bakı prosesi” çərçivəsində Mehriban Əliyevanın həyata keçirdiyi müxtəlif layihələr vasitəsilə xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlıq inkişaf etdirilib. Bildirilib ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri, bəşəri və mədəni dəyərlərə böyük hörmətlə yanaşan Azərbaycanın birinci xanımı şeirə, sənətə və mədəniyyətə sevgi və rəğbətlə yanaşan bir ailədə dünyaya göz açaraq böyüyüb.

Məqalədə Mehriban xanım Əliyevanın xeyriyyəçilik fəaliyyətinə 1995-ci ildə təsis etdiyi "Azərbaycanın Dostları" Fondu vasitəsilə başladığı və 1996-cı ildə Azərbaycanın milli və mədəni irsini təbliğ məqsədilə üç dildə nəşr olunan "Azərbaycan - İrs" jurnalını təsis etdiyi barədə bildirilib. Diqqətə çatdırılıb ki, Birinci vitse-prezidentin təşəbbüsü ilə ölkədəki sosial və mədəni infrastruktur yenidən qurulub, "Muğam" mərkəzi, konsert salonları və musiqi məktəbləri bərpa edilib, hər yay "Qəbələ" musiqi festivalı təşkil olunur. 2002-ci ildən Mehriban xanım Əliyevanın Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik etdiyi, bu idman növünün inkişafı üçün fəaliyyəti barədə məlumat verilib.

Mehriban Əliyevanın 2004-cü ildən etibarən “Heydər Əliyev Fondun”a rəhbərlik etdiyi, ölkə daxilində və xaricində təhsil, səhiyyə, mədəniyyət, idman, elm, texnologiya, ətraf mühit və sosial məsələləri əhatə edən bir sıra layihələr icra etdiyi vurğulanıb, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası ilə bağlı mühüm proqramlar icra edildiyi bildirilib.

Birinci vitse-prezidentin təşəbbüsü ilə “Heydər Əliyev Fondu” tərəfindən Avropanın bir sıra ölkələrində yerləşən qədim Roma dövrünə aid "BuonPastor", "Orfeo", "Noe", "CastaSusanna" mozaikaları, “Saint Marceline” və “Pietro” katakombaları, “Strasburq” katedrali, Luvr Muzeyində “İslam Mədəniyyəti Mərkəzi” və Versal Sarayı (Fransa), Trapezitsa Qoruğu (Bolqarıstan) təmir olunduğu və onun fəaliyyətinin Roma Papası Francis tərəfindən qiymətləndirildiyi bildirilib. Yazıda müsəlman ölkəsi tərəfindən xristian ölkələrində dini-mədəni abidələrin bərpa olunması xüsusi olaraq vurğulanıb.

Məqalədə Mehriban Əliyevanın həyata keçirdiyi bu nəcib işlər Fransanın "Şərəf Legionu" ordeni, Pakistanın yüksək dərəcəli "Hilal-ePakistan" ordeni, Serbiyanın dövlət mükafatı, Rusiya Beynəlxalq Xeyriyyə Təşkilatının "RubyCross", Ümumdünya Səhiyyə Təşkilatının mükafatı, Avropa Olimpiya Komitəsinin yüksək ordeni, Beynəlxalq "GoldenHeart" mükafatı, Polşanın yüksək dövlət mükafatı, UNESCO-nun "GoldenMozart" medalı ilə mükafatlandırıldığı qeyd olunub. Birinci xanımın, həmçinin Yunanıstanın "Elpida" Uşaq Dostluq Dərnəyinin prezidenti, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinogiani tərəfindən "Ümid" mükafatı ilə təltif olunduğu barədə məlumat verilib. Onun həyata keçirdiyi bu çoxşaxəli fəaliyyət tolerantlıq və fərqli mədəniyyətlər arasında dialoq ideyasına öz töhfəsini verdiyi yazıda xüsusi olaraq vurğulanıb.

Azvision.az

Teqlər: Mehriban-Əliyeva  







Xəbər lenti