Polkovnik: “Elə bildik ki, “Smerç”dir, sonra sübuta yetirildi ki, “İsgəndər M”dir”

“Əvvəl elə bildik ki, bu "Smerç"dir, sonra sübuta yetirildi ki, "İsgəndər M"dir. Xoşbəxtliyimiz o idi ki, birinci kaset beşmərtəbəli binanın arxasına düşmüşdü və bina bizi qorumuşdu. Onlar Xankəndinin ətrafındakı yüksəkliklərdən tanklar və artilleriyadan dayanmadan hər yerə atəş açırdılar.
Mənə tapşırıq verildi ki, Sığnaq kəndindəki tanklardan və piyada döyüş maşınlarından ibarət bölməmizi düşmən görmədən çıxarıb Xankəndi yoluna gətirim, səhər hücuma keçəcəyik. Mən kolonu gətirəndə Daşaltıdakı çayı keçən zaman düşmən bizi gördü və atəş açmağa başladı. Biz işıqları söndürüb dayandıq. Orada rabitə də yaxşı tutmurdu, gərək yüksəkliyə çıxaydın. Saat 22-də ara sakitləşəndən sonra yenidən yola düşdük. Mən birinci tankın üzərində oturub əlimdəki fənəri yandıraraq yol göstərirdim, tankların yalnız arxa işığı yanırdı. Daşaltıdan yuxarı çıxanda yenidən düşmən bizi görüb atəş açmağa başladı. Üzərində oturduğum tankın yanına düşən bir minomyot dalğası məni 5 metr kənara atdı. Ciddi yaralandım. Çətinliklə olsa da, tankları aparıb deyilən məkana yerləşdirdim. Tapşırığın icrası ilə bağlı məlumat verərkən mənə müharibənin artıq qələbəmizlə başa çatdığı bildirildi”.
Hospitala müalicəyə göndərilən polkovnikə sol ayaq baldır, sol əl nahiyələrindən qəlpə yaraları və barotravma, ikitərəfli kəskin koxlear nevritdən sonrakı vəziyyət, kəlləbeyin travması, baş-beyin silkələnməsi xəsarətləri diaqnozu qoyulub:
“Hospitalda müalicə alanda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qayğısı, diqqəti ilə əhatə olunmuşdum. Ümumiyyətlə, savaşın ilk günündən tibb mərkəzlərində yatan bütün yaralıların müalicə prosesləri birbaşa olaraq Mehriban xanımın nəzarətində və himayəsində idi. Ali Baş Komandanımızla hospitala ziyarətlər edən hörmətli Mehriban xanım Əliyeva yaralıların sonradan reabilitasiyasını, ən yeni nəsil və modern texnologiyalar əsasında hazırlanan protezlərlə təminatını üzərinə götürmüşdü. Onların müalicəsinin xaricdə davam etdirilməsinə görə hər cür şərait yaradılmışdı.
Yanvar ayının 13-də Naxçıvana qayıtdım. Təəssüf ki, Naxçıvana məndən əvvəl şəhidlər qayıtmışdı... Rəhbəri olduğum hərbi hissədən 79 nəfər şəhid oldu, 242 nəfər isə yaralandı. Yaralananların əksəriyyəti sağalıb, amma hələ də aralarında xidmətə tam yararlı olmayanlar var. İndi Azərbaycanın bütün bölgələrində xüsusi təyinatlılardan olan şəhidlər uyuyur”.
Qeyd edək ki, Rəşad Aslanov Şuşa şəhərinin giriş qapısına Azərbaycan bayrağını asıb. "Qarabağ" ordeni, "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı", Azərbaycan Silahlı Qüvvələrinin 10, 90, 95 və 100 illik "Yubiley", 1-ci, 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə", 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalları ilə təltif edilib.
AzVision.az
Teqlər: