"Bəlkə də qara bazardan narkotik tərkibli dərmanlar alıb içirmiş" - Qalib Əsədov

"Bəlkə də qara bazardan narkotik tərkibli dərmanlar alıb içirmiş" - Qalib Əsədov
  14 Fevral 2024    Oxunub:1831
Xəbər verdiyimiz kimi, ötən gün Bakıda bir ailənin 5 üzvü öldürülüb. Saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Pikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətininin digər məlumatına görə, Əhməd Əhmədov bu cinayəti törətməzdən əvvəl başqa bir ünvanda bacısı- 1997-ci il təvəllüdlü Əhmədova Elmira Mehman qızını və onun azyaşlı övladını eyni üsulla qətlə yetirib.

İlkin məlumata əsasən, Ə. Əhmədov soyuq silah kimi baltadan istifadə edib.

Qətllə bağlı müxtəlif versiyalar səsləndirilir. Bildirilir ki, Əhməd illər əvvəl Masallıda idman yarışında baş nahiyəsindən zədələnib və psixoloji problemləri yaranıb. Daha sonra Əhməd dərmanlar qəbul edib. Qohumlar ailəyə məsləhət görüblər ki, onu psixi sağlamlıq mərkəzinə yerləşdirsinlər, amma ailə bununla razılaşmayıb. Əhmədə həkimlər tərəfindən müalicələr yazılıb və o, mütəmadi olaraq dərman atırmış. Bir neçə gün əvvəl atası Əhmədin dərmanlarını vaxtında qəbul etməməsindən narahat olub və ona Mərdəkanda yerləşən özəl reabilitasiya mərkəzində müalicə almağı təklif edib. Əhməd isə bununla razılaşmayıb.

Həkim-nevroloq Qalib Əsədov mövzu ilə bağlı AzVision.az-a danışıb. O bildirib ki, psixi xəstəliyi olan şəxslər kənardan kifayət qədər ağıllı görünə bilər. Onlara diaqnoz qoyulmayınca sadə insanlar bu şəxslərin xəstəliyi olduğunu bilməzlər.

“Əhmədin dərmanlar qəbul etdiyini deyirlər. Biz onun hansı dərmanları içdiyini bilmirik. Bəlkə, beyni formatlayan dərmanlar qəbul edirmiş. O qədər narkotik tərkibli dərmanlar var ki. Bəlkə də qara bazardan belə dərmanlar alıb içirmiş.

Psixi xəstəlik də digər xəstəliklər kimi müalicə oluna biləndir. Yaxşı müalicə ilə effekt əldə etmək olur.
Psixi xəstəliyin müxtəlif növləri var. Şizofreniya, depressiyalar, manyakal faza, maniyalar və s. psixi xəstliklər qrupuna aiddir. Sağalan və sağalmayan növü var. Xroniki gedişli olanı da var. Elə şizofren var ki, hamıdan qorxur və şübhələnir, eləsi də olur ki, aqressivdir”.

Həkimin sözlərinə görə, şəxslərin kiçik yaşlarından ərköyün böyüdülməsi də bu cür qətllərin baş verməsinə səbəb olur:

“Bütün bu məsələlər ərköyün böyümüş bir övladın hərəkətlərinin nəticəsidir. Bu gün deyirlər ki, uşağa acıqlanmaq olmaz, psixi travma alar, uşağın hər istədiyini etmək lazımdır vəs. Ancaq anlamaq lazımdır ki, həyat onun valideyni deyil, hər istədiyini verməyəcək. Ömürboyu istədiyini almağa öyrəşmiş bir fərd böyüyəndən sonra bunu faciə kimi qəbul edir. Və sonradan istədiklərini əldə edə bilməyəndə ya depressiyaya düşür, ya da bu şəkildə aqressiv olur. Uşağın tərbiyyəsində buraxılmış səhvlər gətirib bu nəticələrə çıxarır”.


Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti