"Sarkisyan öldürüləcək adamların siyahısını vermişdi" - Sumqayıt hadisələri necə baş verdi?

 "Sarkisyan öldürüləcək adamların siyahısını vermişdi" -  Sumqayıt hadisələri necə baş verdi?
  28 Fevral 2024    Oxunub:983
“Sumqayıt hadisələrinin təşkilatçıları SSRİ Dövlət Təhlükəsizlik Komitəsi və Ermənistanın xüsusi xidmət orqanları idi. Hadisələrdə günahlandırılıb həbs edilən Eduard Qriqoryan isə sadəcə bir icraçı idi. Tüfeyli həyat tərzi keçirən adi bir erməni necə təşkilatçı ola bilərdi? Sifarişlər Kremldən verilirdi”.
AzVision.az xəbər verir ki, bunu azərbaycanlı jurnalist, Sumqayıt hadisələrinə həsr olunmuş "Sumqayıtın əks-sədası" tammetrajlı, "Sumqayıtın əks-sədası-2" sənədli filmlərinin ssenari müəlliflərindən biri Eyruz Məmmədov deyib. Ömrünün böyük bir hissəsini 1988-ci il fevralın 28-də Sumqayıtda baş vermiş hadisələrin araşdırılmasına həsr edən jurnalist illər öncəyə boylanıb və filmi hazırlayarkən yaşadığı təhlükələrdən söz açıb:

“Həmin vaxt “Exo Sumqayıt” qəzetinin baş redaktoru idim. Kinorejissor Davud İmanov və həvəskar operator Rövşən Quliyevlə qərara gəldik ki, Sumqayıt hadisələrinin izinə düşək. Filmi çəkmək üçün Stavropol vilayətinə getməli idik. Çünki 5 nəfəri qətlə yetirən Eduard Qriqoryan orada həbsdə idi. Əvvəl Bakıda Bayılda saxlanılırdı, Moskvada və İrəvanda erməni KİV-ləri hay-küy etdilər ki, guya Azərbaycanda Qriqoryana işgəncələr veriblər. Buna görə də onu Stavropoldakı həbsxanaya köçürdülər.

Filmin çəkilişi zamanı çətinliklərimiz çox oldu. Dövlət Təhülkəsizlik Komitəsi bizə ciddi maneələr yaradırdı. Hətta məni partiya biletimin əlimdən alınacağı və vəzifədən uzaqlaşdırılacağımla hədələyirdilər. Ancaq biz bütün bu təzyiqlərə baxmayaraq, Moskvaya getdik. Orada da çox çətinliklərə rast gəldik. Həyatımızı təhlükəyə atdığımız məqamlar da oldu.

Biz Eduard Qriqoryanla müsahibəni, guya, Moskvadan - "Ostankino"dan gəlmiş jurnalistlərin adı ilə apardıq. Amma müsahibədən sonra Sumqayıtdan olduğumuzu etiraf etdik. Onda Eduard Qriqoryan xislətini gizlətməyib dedi: "Eybi yoxdur. Siz elə bilməyin ki, canınızı qurtardınız. Yəqin ki, sizi ermənilər güdürlər, hamınızı məhv edəcəyik".

Film iki hissədən ibarətdir. Birinci hissə 1 saat 15 dəqiqədir, ikinci hissəni isə 3 saatlıq etmişdik. Ancaq Azərbaycan televiziyasında yayımlamağa qoymurdular. Film yalnız Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələndən sonra efirə getdi.

Təsəvvür edin ki, filmi 4 il ərzində ərsəyə gətirə bildik. Bizi Moskvada qapıdan qovurdular, pəncərədən girirdik. Rəhbər şəxslər müsahibə vermək istəmirdilər. Rusiyada olarkən sürücü kirayələmişdik. Çəkilişə gedərkən yolda onu saxayıb pasportunu və sürücülük vəsiqəsini cırıb atdılar. Maşınını isə aparıb cərimə meydançasına saldılar. Bütün bunlar Dövlət Təhülkəsizlik Komitəsinin tapşırığı ilə baş verirdi. "Sumqayıtın əks-sədası" filmini ərsəyə gətirənə qədər çəkiliş qrupumuz belə hədə-qorxulara çox rast gəldi. Amma biz geri çəkilmədik. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədrindən, müdafiə nazirindən və başqalarından müsahibə aldıq”.

Eyruz məmmədov

Azərbaycan qəzetinin 2011-ci il sayından bəzi qeydlər: Eyruz Məmmədov: "Qorbaçov Davud İmanova sərt şəkildə dedi ki, nə vaxt Azərbaycanda sabitlik yaranarsa, onda gəlib məndən müsahibə götürərsiniz.

Davud soyuqqanlı şəkildə bir daha müdaxilə etdi: - Mixail Sergeyeviç, bəlkə Azərbaycanda yaxın beş il ərzində sabitlik yaranmayacaq, bəs onda?
Qorbaçovun cavabı çox qısa oldu: - Onda beş ildən sonra gələrsiniz..." .

Davud İmanov: "SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sabiq sədri Vladimir Kryuçkovdan müsahibə almaq son dərəcə çətin idi. Elə bil işimiz tilsimə düşmüşdü. Görüş yeri təyin olunurdu, gəlmirdi. Telefon zənglərinə özü yox, köməkçisi cavab verirdi. Demək olar ki, həmin görüşdən əlimizi üzmüşdük. Amma bu ərəfədə Rusiya Kommunist Partiyasının qurultayı keçirilməli idi. Biz çətinliklədə olsa, vasitəçilərin köməyi ilə forumda iştirak etmək hüququ qazandıq. Kryuçkov çəkiliş qrupumuzu görəndə xeyli təəccübləndi və əsəbi halda dedi: "Azərbaycan dünya xəritəsində nöqtə boyda bir ölkədir. Mən belə kiçik dövlətlərə müsahibə vermirəm. Ona görə də bir daha məni narahat etməyin"...

- Yoldaş Kryuçkov, sizi təxribatçı adlandırırlar. Bəlkə buna fikrinizi bildirəsiniz?..
- Nə dediniz?
- Sizi təxribatçı adlandırırlar.
- Kim adlandırır?
- Aleksandr Nikolayeviç Yakovlev, biz ondan müsahibə götürmüşük, istəyirik ki, sizin haqqınızda deyilənləri ya təkzib edəsiniz, ya da təsdiq.
Bundan sonra Kryuçkov müsahibəyə razılıq verdi". Həmin müsahibədən bir fraqment:

"Amerika casusu olan Yakovlev SSRİ-nin dağıdılmasında və Kommunist Partiyasının ləğvində Qorbaçovdan bir marionetka kimi istifadə edirdi. Azərbaycanda, ələlxüsus Sumqayıtda və Bakıda qanın axıdılmasında SSRİ siyasi rəhbərliyinin, hüquq-mühafizə orqanlarının və dövlət strukturlarının əli var idi. Bunu etiraf etmək lazımdır. Digər əsas şərtlərdən biri o idi ki, Qorbaçov xaricdə yaşayan imkanlı erməni icmasına söz vermişdi ki, Qarabağ problemini ermənilərin xeyrinə həll edəcək...".

Eyruz Məmmədov saytımıza açıqlamasında daha vacib bir məqamı qeyd edir: -Qriqoryan 1988-ci ilin fevral ayında Xankəndiyə getmişdi. Ermənistanın eks-prezidenti Serj Sarkisyan ona Sumqayıtda öldürüləcək adamların siyahısını vermişdi. Qriqoryan o siyahıya əsasən qətl törtəmişdi. Mən kitabımda onu ifşa etişdim.

Sumqayıt hadisələrinə Ermənistanın xüsusi adamları cəlb olunmuşdu. Onların hərəsinin bir vəzifəsi var idi. Biri informasiya toplayırdı, digəri narkotika paylayırdı, foto çəkirdi və s.
1988-ci il fevral ayının ortalarında Sumqayıta SSRİ Dövlət Təhlükəsizlik Komitəsindən polkovnik Paponinin rəhbərliyi altında 30 əməkdaş ezam olunmuşdu. Yerli təhlükəsizlik komitəsi agenturasının verdiyi məlumatlara görə, texliklə Sumqayıta erməni ekstremist qrupların göndəriləcəyi və burada iğtişaşlar törədiləcəyi gözlənilirdi.

Odur ki, Moskvadan gəlmiş nümayəndələr yerli təhlükəsizlik komitəsinin əməkdaşlarına hadisələrə müdaxilə etməyi qəti qadağan etdilər. Sumqayıtda 32 nəfər qətlə yetiriləndən sonra onların hamısı təcili olaraq şəhəri tərk etdilər. Mən müdafiə naziri, marşal D. Yazova sual verdim və dedim: ”Hadisələrdən bir həftə qabaq sovet qoşunlarının əsgərləri Sumqayıtın ayrı-ayrı rayonlarına dislokasiya olunmuşdu. Hamısının əlində dəyənək, qoruyucu qalxan var idi. Onların gözü qarşısnda insanlar qətlə yetiriləndə niyə qarşısını almırdılar?. Cavabı belə oldu:"Qorbaçovun razılığı olmadan komendat saatı elan edə bilməzdim”.

Hadisədə iştirak edən KQB işçilərinin hamısının rütbəsi artırıldı, vəzifələri böyüdüldü. Onlardan biri Sergey Stepaşin idi. O Sumqayıta gələndə mayor rütbəsində idi. Moskvaya gedən kimi polkonik, general, Daxili işlər naziri, prezident Yelstinin vaxtında isə baş nazir oldu. Nikolayev sərhəd qoşunlarının sədri təyin edildi. Onlar Sumqayıtdakı əməliyyatın adını ”Basqınçı” qoymuşdular.

Qeyd edək ki,“Sumqayıt hadisələri” kimi tarixə düşən proseslərdə 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub. Bu hadisələr də SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərin özləri ilə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Sumqayıtda bu hadisəni icra etmək üçün seçilmiş şəxs də erməni Eduard Qriqoryan idi. Baxmayaraq ki, Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnib, amma şahid ifadələri əsl günahkarın əslində erməni əsilli Eduard Qriqoryan olduğunu sübut edir.


Əhməd Əhmədov

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti