İran: "Sərt"lər "mülayim"ə qarşı | TƏHLİL

  İran:  "Sərt"lər "mülayim"ə qarşı  | TƏHLİL
  30 İyun 2024    Oxunub:2484
Bu həftə İranda prezident seçkisinin birinci turu keçirildi. Dörd namizəddən ikisi – 10,4 milyon səs toplayan Məsud Pezeşkian və ondan düz 1 milyon az səs yığan Səid Cəlili iyulun 5-də keçiriləcək ikinci mərhələyə adladılar.
Əslən etnik azərbaycanlı olan səhiyyə naziri Məsud Pezeşkian İranda şərti islahatçıların nümayəndəsidir. Onun qalib gəlmək ehtimalı erməniləri bərk narahat edir. Erməni ekspertlər verdikləri açıqlamalarda vaxtilə Pezeşkianın Qarabağ məsələsində Azərbaycanı dəstəklədiyini tez-tez xatırlayırlar. Əgər İranın növbəti prezidenti o olarsa, istisna deyil ki, ölkələrimizin arasındakı münasibətlərə, birgə layihələrimizin daha yaxşı inkişafına əlavə impuls da verər.


Amma nəzərə alsaq ki, dörd namizəddən üçü mühafizəkarların təmsilçisi idi, birinci mərhələdə uduzan iki nəfərin səsləri də ikinci mərhələdə Səid Cəlilinin aktivinə yazıla bilər. Belə bir vəziyyətdə seçkinin ikinci turundan nə gözləmək mümkündür?

Birinci turda uduzan iki mühafizəkar namizədən birini - parlamentin sədri Məhəmməd Bagir Qalibafı İslam İnqilabının Keşikçiləri Korpusu, başqa sözlə, “Sepah” dəstəkləyirdi. “Sepah”a yaxın olan “Təsnim” informasiya agentliyi də Qalibafın tərəfində idi.


Digəri - keçmiş daxili işlər naziri Mustafa Purmuhəmmədi isə güc orqanlarının namizədi sayılırdı. Hərçənd, 4 namizədin arasında peşəkar din xadimi də yalnız o idi.

İranın ali dini rəhbəri Seyid Əli Xamneyi və ölkənin radikal ruhanilər təbəqəsi prezident postunda məhz Səid Cəlilini görmək istəyir. Səid Cəlili ali dini rəhbərin İranın Təhlükəsizlik Şurasındakı nümayəndəsidir. O, birinci mərhələdə uduzan iki mühafizəkar namizədin hər ikisindən daha sərt, daha qatı mühafizəkardır. Təsadüfi deyil ki, İranın radikal fundamentalist partiyası kimi tanınan “Paydari” də məhz onu dəstəkləyir.


Səid Cəlili Qərb ölkələri ilə istənilən təması qəti şəkildə rədd edir və İranın nüvə proqramını davam etdirməsinin tərəfdarıdır. Britaniyanın “The Telegraph” qəzeti yazır ki, İslam İnqilabı Keşikçiləri Korpusunun daxilindəki bəzi fraksiyalar onu həddindən artıq sərt hesab etdiyi üçün seçilməsinə gizli şəkildə mane olmağa çalışırlar. Gör, bir namzəd nə qədər sərt olmalıdır ki, hətta özü radikal qüvvə kimi tanınan “Sepah” belə onu “çox sərt” hesab etsin!

Xatırladaq ki, Səid Cəlili bundan əvvəlki seçkidə də iştirak etmiş, amma namizədliyini nisbətən mülayim mühafizəkar siyasətçi olan mərhum prezident İbrahim Rəisinin xeyrinə geri götürmüşdü. İbrahim Rəisi də Səid Cəlili kimi ali dini rəhbər Seyid Əli Xamneyinin “adamı” sayılırdı.

Birinci turun favoriti – etnik azərbaycanlı olan Məsud Pezeşkiana gəlincə, şərti “islahatçı” o deməkdir ki, daha açıq siyasət yürütməyin, Qərblə dialoqun tərəfdarıdır.


İranda hazırkı sosial-iqtisadi vəziyyət, yumşaq desək, ürəkaçan deyil. Mart ayında keçirilən parlament seçkilərində İslam Respublikasının tarixindəki ən aşağı iştirak göstəricisinin qeydə alınması əhalinin mühafizəkar kursu dəstəkləmədiyini ortaya qoymuşdu. Belə ki, səsvermə hüququ olan əhalinin ancaq 40%-i məntəqələrə getmişdi. Sonuncu nisbətən yüksək aktivlik isə 2017-ci il seçkisində qeydə alınmışdı. O zaman əhali Qərb ilə münasibətləri qaydaya salmağın tərəfdarı olan Həsən Ruhaniyə səs vermişdi. 2021-ci ildə mühafizəkar İbrahim Rəisinin qələbə çaldığı seçki isə aşağı seçici fəallığı şəraitində keçmişdi.

Bütün bunlar o deməkdir ki, iranlılar mühafizəkarları sevmirlər və “islahatçı” sayılan, Qərb ilə münasibətləri bərpa etməyin tərəfdarı olan namzədlərə səs verirlər. İranın islahatçı sayılan iki keçmiş prezidenti – Məhəmməd Hatəmi və Həsən Ruhani də Məsud Pezeşkianini dəstəkləyirlər. Ali dini rəhbər isə əksinə, bu həftə çıxşında “Amerikaya bağlı siyasətçilər yaxşı rəhbər ola bilməzlər” deyərək ona söz atıb.


Bütün bunları nəzərə alsaq, seçkinin ikinci turunun necə yekunlaşacağını indidən demək mümkün deyil. Əhali islahatçı prezident istəsə də, mühafizəkarlar qüvvələrini birləşdirib, dini nomenklaturadan da dəstək alsalar, uğur qazana bilərlər. Yeni seçiləcək prezidentin kimliyi isə çox vacib olacaq. Təkcə beynəlxalq və regional yox, həm də daxili məsələlərə görə: Çünki istisna deyil ki, İranın ali dini rəhbəri məhz yeni prezidentin vaxtında dəyişəcək.

Tariyel Həsənov
AzVision.az


Teqlər: İran  





Xəbər lenti