"Radikal qüvvələrin əzələ nümayişinin qarşısı alınacaq" - Kamal Abdulla
“Qafqaz Müsəlmanları İdarəsinin qoyduğu qaydalardan kənarda fəaliyyət göstərən bu tikilinin əvəzinə, dindarlara daha böyük, geniş, gözəl Təzəpir məscidi təklif edilir. Bizim dindarların ixtiyarında Heydər Məscidi, Bibiheybət, Əjdərbəy və digər gözəl məscidlərimiz var. Faktiki olaraq dində də belə bir şey var ki, sən namaz qılmaq, öz mənəvi ehtiyacını yerinə yetirmək üçün müəyyən dərəcədə, hətta bir az əzab-əziyyət də çəksən bu, savab sayılar. Buna görə də 5 addım o biri tərədə gedib öz dini ehtiyacını yerinə yetirmək həmin mömin bəndənin niyyət nəcibliyini gözəl şəkildə sübut edər. Məsələnin mahiyyəti bundan ibarətdir.
Digər tərəfdən, bu məsələni belə bir şəkildə şişirdəndə niyə unudurlar ki, Qarabağda sökülən məscidlərimiz, xaraba qoyulan ziyarətgahlarımız var. Maraqlıdır, hər fikri bir ölkədən gələn, Azərbaycanı qarışdırmaq istəyən bu dairələr niyə onların təəssübünü çəkmirlər?! Prezident İlham Əliyevin təşəbbüsü ilə Cocuq Mərcanlıda tikiləcək məscid onları niyə maraqlandırmır?!”.
Kamal Abdulla əlavə edib ki, həmin ərazidə bir neçə məscidin olmasına baxmayaraq, dindarların müəyyən şəxsin iddiasına uyğun olaraq məhz həmin məsciddə namaz qılmaq üçün israr etməsi müəyyən düşüncələrə gətirib çıxarır. Sualın özündə elə bunun cavabı da gizlənib: “İki-üç nəfərin bu şəkildə insanları qızışdırmaq, onları həyəcana gətirmək istəyi əlbəttə ki, bütövlükdə hamımızın vətəni olan Azərbaycana qarşı yönəlmiş bir zərbədir və dövlət də buna öz adekvat cavabını hökmən verəcək.
Burada kənar amillərin təsiri özünü açıq göstərir. Məlumdur ki, bəzi xarici dairələr ölkədə dini durumu gərginləşdirməkdə maraqlıdırlar. Bu ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması, İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi, görünür, bəzi daxili və xarici dairələri narahat edir. Çünki bütün bunlar öz mahiyyətində həm islamdaxili harmoniya, həm də İslamla digər konfessiyalar arasında harmoniyanı nəzərdə tutur. Bu, eyni zamanda, radikal qüvvələrin əzələ nümayiş etdirməsi, mənəm-mənəmlik cəhdi təsiri bağışlayır. Azərbaycan dövləti daim bu kimi cəhdlərin qarşısını cəsarətlə və qətiyyətlə alıb və bundan sonra da alacaq”.
AzVision.az
Teqlər: KamalAbdulla Məscid