QMİ-dən Ermənistanın dini liderinə çağırış

QMİ-dən Ermənistanın dini liderinə çağırış
  05 İyul 2017    Oxunub:1380
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin Ermənistan ordusu tərəfindən artilleriya atəşinə tutulması ilə bağlı bəyanat yayıb.
QMİ-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bəyanatda bildirilir ki, bu təxribatla erməni tərəfi növbəti dəfə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində danışıqlar prosesini pozmağa yönəlmiş cinayət əməllərinə yol verir: "Münaqişə başlayan zamandan etibarən Rus Pravoslav Kilsəsinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dini liderləri olaraq dəfələrlə sülhməramlı görüşlərimiz baş tutub. Erməni xalqının dini liderini dinc insanların – qadın və yaşyarımlıq uşağın qətlinə səbəb olan bu hadisə ilə bağlı həmin görüşlərin nəticələrinə dair imzaladığımız birgə bəyannamələrin ruhuna uyğun olaraq qətiyyətli mövqe bildirməyə çağırırıq. Bu, yaradanımız və xalqlarımız qarşısında məsuliyyət və borcumuzdur.

Belə ki, bütün səmavi dinlər dinc, günahsız insanların qətlini ən ağır cinayət kimi qiymətləndirir. Biz beynəlxalq ictimaiyyəti dinc insanların qətli kimi qəbuledilməz bir hala qarşı öz qətiyyətli münasibətini bildirməyə, təcavüz və təxribat hallarını kəskin qınamağa çağırırıq. Ümidvarıq ki, dünyanın nüfuzlu dini liderlərinin mövqeləri bu kimi halların qarşısının alınmasına, ədalətli sülhün bərqərarına xidmət edəcək”.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.

AzVision.az


Teqlər: QMİ   Alxanlı   Ermənistan  





Xəbər lenti