Şuşalı bəy ailəsinin faciəvi tarixçəsi – FOTOLAR

  28 Avqust 2017    Oxunub : 36677
Şuşalı bəy ailəsinin faciəvi tarixçəsi – FOTOLAR
Füzuli Sabiroğlu
Xüsusi olaraq AzVision.az üçün

Bir neçə ay əvvəl elektron fotoarxivimi araşdıran zaman maraqlı bir foto ilə rastlaşdım. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində çəkilmiş bu fotoşəkildə bir azərbaycanlı ailəsi təsvir olunmuşdu. Qəribədir ki, elektron formatda olan bu qədim şəklin arxivimə haradan düşdüyünü xatırlaya bilmədim. Yalnız yadımda qalan o idi ki, foto Şuşada çəkilib və oradakı insanlar da Qarabağın əsilzadə nəsillərindən birinin nümayəndələridir. Vəssalam...
Bir də dəqiq bilirdim ki, bu, tariximiz üçün çox qiymətli bir sənəddir. Elə mənə rahatlıq verməyən də bu idi. Kiminsə tanıyacağı və ya hər hansı ipucu verəcəyi ümidilə gümanım gələn bir neçə nəfərə zəng etdim, şəkli sosial şəbəkələrdə paylaşdım. Ancaq, heç bir faydası olmadı...

Bir neçə gün idi ki, gecə-gündüz bu şəkil, oradakı insanların surəti gözlərim önündən çəkilmirdi. Əlac yenə də öz yaddaşımın ümidinə qalmışdı. Və bir neçə gün bundan əvvəl qəflətən, sanki dünən olmuş kimi hər şey yaddaşımda aydınlaşmağa başladı. Sevindim... həm də xəcalət təri basdı məni... Axı bunu necə unuda bilərdim?!

Bu şəkli və bununla bərabər başqa bir neçə şəkli bir layihəmizlə bağlı əməkdar müəllim, tibb elmləri doktoru Kazbek Tağıbəyov mənə vermişdi. Elektron surətini çıxardıqdan sonra mən fotoları Kazbek müəllimə qaytardım. Çünki, yaşı 80-i keçmiş Kazbek müəllim üçün bu şəkillər çox əziz idi. Göz bəbəyi kimi qoruyurdu onları. Qorumağına dəyərdi də... Bu fotolar onun üçün başı bəlalar çəkmiş nəslindən xatirə, Azərbaycan tarixi üçün isə çox qiymətli sənədlər idi. Ona görə də, düşünürəm ki, onlarla tanış olmaq və hər biri haqqında məlumat almaq oxucular üçün də maraqlı olardı.



Bu, haqqında danışdığım birinci fotodur. Fotodakılar Şuşanın köklü bəy nəsillərindən olan Teymur bəy Abbasqulu bəy oğlu Həsənbəyov və onun ailə üzvləridir. Həyat yoldaşı Fatmabəyim xanım Ata Xan qızı Əbraxanova, qızları Dilruba xanım, Səmayə xanım, Sara xanım, Xurşid xanım və oğlanları Abbas və Maqsud.

Kim idi Teymur bəy? 1861-ci ildə Şuşa şəhərində anadan olmuş Teymur bəy ibtidai təhsilini molla yanında aldıqdan sonra Bakı realnı məktəbində təhsilini davam etdirib. Xidmətə Qəza idarəsində başlayan Teymur bəy Ağdam nahiyəsinin polis pristavı, Gəncənin polismeystri, Zəngəzur qəza məhkəməsində hakim və məhkəmə sədrinin müavini kimi müxtəlif vəzifələrdə işləyib. Qüsursuz xidməti müqabilində 4-cü dərəcəli Müqəddəs Vladimir ordeni, III Aleksandrın şərəfinə təsis edilmiş gümüş medal, Romanovlar sülaləsi hakimiyyətinin 300 illiyinə həsr edilmiş bürünc medalla təltif edilib.

Çox qısa, cəmi 55 il ömür sürmüş Teymur bəy Həsənbəyov Rusiya Imperiyasının rütbələr cədvəlində 5-ci sinfə aid Mülki müşavir çininə qədər yüksəlmişdi. Bu çin həmin dövrdə Rusiya İmperiyasında bir Azərbaycan türkünün yüksələ biləcəyi ən yüksək pillələrdən idi. Onun daşıyıcılarına irsi zadəganlıq statusu verilir və sahibi yüksək dövlət idarələrində hər hansı departamentin vitse-direktoru və ya vitse- qubernator vəzifələrini tuta bilirdilər.

Bu fotodakı iki qadın haqqında xüsusi danışmağa ehtiyac var. Fotoda soldan ikinci qadın - Teymur bəy Həsənbəyovun böyük qızı Dilruba xanım sonradan Xalq qəhrəmanı Sultan bəy Sultanovun həyat yoldaşı oldu. Soldan üçüncü qadın - Teymur bəyin həyat yoldaşı Fatmabəyim xanım Ata Xan qızı Əbraxanova Qarabağ xanlarının nəslindən olan Cəfərqulu xan Cavanşirin nəvəsidir. Maraqlı bir faktı da qeyd edim ki, Fatmabəyim xanımın başqa bir bacısı Qəmərnisəbəyim xanım şairə idi və Qəmər Bəyim Şeyda (1881-1933) imzası ilə şeirlər yazırdı.


Qəmərnisəbəyim xanım


Fatmabəyim xanım

Həmin fotolar içərisində Fatmabəyim xanımın tək çəkilmiş bir fotosu da var ki, onun haqqında xüsusi danışmağa ehtiyac var. Bu fotodakı qəribə emosional enerji, estetik cazibədarlıq o saat diqqəti cəlb edir. Şuşalı bu xanımın duruşu, onun geyim tərzi, mimikaları nəsə qeyri-adi bir təsir gücünə malikdir. Sanki, fotoqraf bu adi fotonu daha çox rəsm əsərinə bənzətmək istəyib.

Haqqında danışacağım başqa bir fotoda isə bu iki xanımın və onların ailələrinin ağrılı-acılı günləri əks olunub. Bu foto Qazaxıstan SSR-in Çimkənd vilayətində, Suzak rayonunun Çulakkurqan kəndində çəkilib.


Sultan bəyin ailəsi sürgündə

Sürgün illərindən yadigar bu fotoda orta cərgədə soldan üçüncü Fatmabəyim xanım, onun sağında və arxasında Sultan bəyin oğlanları Çingiz və Ənvər, sağında isə Sultan bəyin həyat yoldaşı Dilruba xanımdır. Fotoda orta cərgədə sağ tərəfdə oturan gənc qadın Sultan bəyin qızı Bəyim xanımdır. Qucağındakı uşaq isə oğlu - bu fotoları bizə təqdim etmiş Kazbek Tağıbəyovdur.


Qiyas bəy Tağıbəyov


Kazbek Tağıbəyov sürgündə (ortada)

Qeyd edim ki, Bəyim xanımın həyat yoldaşı Qiyas bəy Tağıbəyov SSRİ-nin tanınmış hərbi həkimlərindən olub. Çox təəssüf ki, orta cərgədə sağ tərəfdən birinci və sol tərəfdən ikinci oturan gənc qadınların kimliyini dəqiqləşdirmək mümkün olmadı. Yalnız məlum olan budur ki, onlardan biri Çingiz Sultanovun həyat yoldaşı Səkinə Mir Heydər qızıdır. Şəkildəki digər şəxslər isə həmin kənddə sürgündə olan azərbaycanlılardır.

Sultan bəy Sultanovun ailə üzvləri ilə bağlı əldə etdiyim bəzi maraqlı faktları da burada qeyd etməyi lazım bilirəm. Bu ailənin həbs və sürgün olunması ilə bağlı açılmış P-1782 N-li cinayət işindən belə aydın olur ki, 1937-ci il oktyabr ayının 31-də “3-cü İnternasional” adına fabrikin işçisi, fəal əksinqilabçı-emiqrant Sultan bəy Sultanovun həyat yoldaşı, 1898-ci il təvəllüdlü Həsənova Dilruba Teymur qızına və onun ailə üzvləri: oğlu 24 yaşlı (1912) Çingiz Sultan oğluna, oğlu 22 yaşlı (1913) Ənvər Sultan oğluna (o həm də Ənvər Səməd oğlu Muradovdur), oğlu 20 yaşlı (1917) Yusifə, oğlu 18 yaşlı (1919) Kamala, qızı Bəyimə (uşağı ilə birlikdə) və Çingiz Sultanovun həyat yoldaşı (1913) Səkinə Mir Heydər qızına qarşı istintaqdan və məhkəmədən yayınmalarının qarşısını almaq məqsədi ilə həbs qəti imkan tədbiri seçilir.

Azərbaycan Xalq Daxili İşlər Komissarlığının Dövlət Təhlükəsizliyi İdarəsinin 1937-ci il 27 noyabr tarixli qərarı ilə bu adamlar hamısı xalq düşməninin, fəal əksinqilabçı-emiqrantın ailəsi kimi əmlakları müsadirə olunmaqla Azərbaycan SSR sərhədlərindən kənara - Qazaxıstanın Çimkənd vilayətinə sürgün edilib.


Bəyim xanım və Dilruba xanım

Sultan bəyin qızı Bəyim xanım sonralar ailələrinin başına gətirilən bu dəhşətləri belə nəql edirdi: “Anam qoçaqlıqda ad qazanmışdı. İşdən sonra sürgündəki azərbaycanlı uşaqlarına savad vermək məqsədi ilə dərnək təşkil etmişdi. Uşaqlar anamı müəllimə deyə çağırırdılar. 1948-ci ildə anam icazə alıb Bakıya gəlmişdi və ailəmizin Bakıya qayıtmasına icazə almaq üçün Bağırovun qəbuluna yazılmışdı. Bağırov orada anama demişdi ki, Sultan bəy nəslinin bir daha Azərbaycan torpağına ayaq basmasına icazə verilməyəcək. Anam cəsarətlə qəbuldakıların yanında Bağırova deyib ki, Sultan bəy xalqının qəhrəman oğludur. O, Zəngəzurda xalqımızı daşnaklardan xilas edib. Tarix bunu heç vaxt unutmayacaq. Amma sən, bu gün Azərbaycan xalqını sürgünlərdə məhv edən cəllad kimi vaxt gələcək xalq qarşısında cavab verməli olacaqsan.


Bəyim xanıma pasport əvəzi verilən arayış

Anam kor-peşman Qazaxıstana qayıtdı. 1956-ci ilə qədər sürgündə qaldıq. Biz bəraət alıb Azərbaycana dönəndə Bağırovun məhkəməsi gedirdi. Anamı da məhkəməyə dəvət etmişdilər. Anam bir banka qara mürəkkəb düzəltmişdi ki, məhkəmədə Bağırovun üzünə çırpsın. Ancaq nə fikirləşdisə məhkəməyə getmədi”. (Bəyim xanımın bu xatirələri S. Eloğlunun “Zəngəzur hadisələri” kitabından götürülüb- F.S)

Çox təəssüflər olsun ki, xalq qəhrəmanı Sultan bəy Sultanovun nəvəsi, gözəl həkim və pedaqoq Kazbek Tağıbəyov bizimlə həmsöhbət olmağı sonraya saxladı. Ancaq, bu dəyərli fotoları və onlar haqqında məlumatları təqdim etdiyinə görə ona təşəkkürümüzü bildiririk, uzun ömür və can sağlığı arzulayırıq.

Teqlər: #Şuşa   #Tarix