Milli Məclisin 6 deputatı xaricə gedir

Milli Məclisin 6 deputatı xaricə gedir
  30 Sentyabr 2017    Oxunub:3782
Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 2-də Andorra Knyazlığının paytaxtı Andorra la Vella şəhərinə səfər edəcək.
Milli Məclisdən AzVision.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə millət vəkilləri Azay Quliyev, Kamran Nəbizadə, Elşad Həsənov, Ülviyyə Ağayeva, Tahir Mirkişili daxildirlər.

Tədbirdə “ATƏT regionunda təhlükəsizlik: yeni çağırışlar, yeni hədəflər” mövzusunda müzakirələr aparılacaq. Toplantı iştirakçıları kibertəhlükəsizlik, iqlim dəyişikliyinin yaratdığı problemlər, habelə sabitliyin və inkişafın təminatı baxımından təhsilin təşviqi barədə fikirlərini bölüşəcəklər.

Parlament nümayəndə heyətinin üzvləri sessiya çərçivəsində keçiriləcək Aralıq Dənizi Forumuna da qatılacaqlar. Yığıncaqda Aralıq dənizi hövzəsində təhlükəsizlik və əməkdaşlığa dəstəklə bağlı məsələyə baxılacaq.

Milli Məclis Sədrinin müavini Bahar Muradova və deputatlarımız tədbirlərdə müzakirə olunacaq məsələlərə öz münasibətlərini bildirəcəklər.

Səfər oktyabrın 7-də başa çatacaq.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti