Dövlət Agentliyi ləğv olundu, amma...

Dövlət Agentliyi ləğv olundu, amma...
  02 Fevral 2013    Oxunub:2775
Prezident İlham Əliyev “Alternativ və bərpa olunan enerji sahəsindəəlavə tədbirlər haqqında” Fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sistemini təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılsın, "Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi haqqında Əsasnamə" və "Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin strukturu" təsdiq edilsin.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin işçilərinin ümumi say həddi 100 ştat vahidi müəyyən edilir.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti yenidən təşkil olunaraq "Azalternativenerji" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılır və Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyinə verilir.

Azərbaycan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin əmlakı Azərbaycan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyindəki "Azalternativenerji" Məhdud Məsuliyyətli Cəmiyyətə verilir.

Müəyyən edilir ki, "Azalternativenerji" Məhdud Məsuliyyətli Cəmiyyəti alternativ və bərpa olunan enerji mənbələri üzrə kəşfiyyat, işlənmə, enerji istehsalı, nəqli, paylanması, enerji alınması üçün avadanlıq, qurğu və obyektlərin layihələndirilməsi, istehsalı, tikintisi, istismarı və infrastruktur təminatı sahələrində fəaliyyət göstərir.

Cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilir:

Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə:

Cəmiyyətin strukturunun, işçilərin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiqi;

Cəmiyyətin icra orqanının (kollegial və ya təkbaşçı) yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

Cəmiyyətin icra orqanının rəhbərinin, onun müavinlərinin, nümayəndəlik və filiallarının, həmçinin tabeliyindəki qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

Cəmiyyətin müşahidə şurasının seçilməsi;

Cəmiyyətin inkişaf və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi;

Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi.

Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təklifləri əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə: Cəmiyyətin Nizamnaməsinin, nizamnamə kapitalının həcminin və ona edilən dəyişikliklərin təsdiqi; Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, tabeliyindəki hüquqi şəxs statuslu qurumların yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi; bu fərmanda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli tapşırılıb.

Cəmiyyətin yenidən təşkil və (və ya) ləğv edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı məsələləri bir ay müddətində həll etsin; Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyini bina və zəruri avadanlıqla təmin etsin; Cəmiyyətin əmlakı nəzərə alınmaqla, onun nizamnamə kapitalının formalaşdırılması və ilkin mərhələdə saxlanılması üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən zəruri maliyyə vəsaitinin ayrılmasını bir ay müddətində həll etsin; üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etməli və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlər görməlidirlər.


Teqlər:





Xəbər lenti