Fermerlərə xəbərdarlıq edildi

  06 Fevral 2018    Oxunub : 560
Fermerlərə xəbərdarlıq edildi
Azərbaycan Respublikasında heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan profilaktik tədbirlərin səmərəliliyini və effektivliyini təmin etmək məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq 2018-ci ilin müalicə-profilaktik və epizootik tədbirlərin aparılması davam etdirilir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən AzVision.az-a verilən xəbərə görə, yanvar ayının ilk günlərindən ölkə ərazisində iribuynuzlu, donuz və təkdırnaqlı heyvanlar arasında qarayara xəstəliyinə, ev itləri arasında quduzluq xəstəliyinə, quşlar arasında nyukasl xəstəliyinə qarşı peyvəndləmə, iribuynuzlu heyvanlar arasında bruselyoza görə seroloji müayinələrin aparılmasına başlanılıb.

Bununla əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidmətinin və Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının baytarlıq mütəxəssisləri əməli köməklik və tövsiyə məqsədi ilə rayonlara ezam olunub. Qeyd olunub ki, hər il olduğu kimi, cari ildə də dövlət vəsaiti hesabına alınmış biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon (şəhər) baytarlıq idarələrinin əməkdaşları tərəfindən "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir.

“Cari ilin yanvar ayında qarayara xəstəliyinə qarşı 140633 baş iribuynuzlu, 49477 baş təkdırnaqlı, 827 baş donuzlarda, quduzluq xəstəliyinə qarşı 112232 baş ev itlərində, nyukasıl xəstəliyinə qarşı 1695761 baş quşda “H” vaksini, 2072878 baş quşda isə “La-sota” vaksini ilə profilaktik peyvəndləmə aparılıb, bruselyoza görə 162753 baş iribuynuzlu heyvan seroloji müayinəyə cəlb edilib. Yanvar ayında baytarlıq mütəxəssisləri 105 baş dəvədə, 111798 baş xırdabuynuzlu heyvanlarda qarayara xəstəliyinə, 250 baş atda rinopnevmoniya və qrip xəstəliklərinə qarşı peyvəndləmə, 5159 baş atda manqo xəstəliyinə görə diaqnostik müayinələr aparıblar. Heyvanlara tətbiq edilmiş baytarlıq preparatlarının istifadəsinin tənzimlənməsi, şəffaflığın təmin edilməsi və nəzarətin gücləndirilməsi məqsədi ilə rayon (şəhər) baytarlıq idarələrinə müvafiq tapşırıqlar verilib”, - məlumatda qeyd olunub.

DBNX əhali və təsərrüfat sahiblərinə müraciət edərək bildirir ki, heyvanlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır: “Tövsiyə olunur ki, heyvanların müalicə-profilaktik və epizootik tədbirlərdən kənar qalmaması üçün sahə baytarlıq məntəqələri və baytarlıq idarələrinə müraciət etsinlər. Bütün tədbirlər baytar həkiminin iştirakı və nəzarəti altında həyata keçirilsin. Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir”.

AzVision.az

Teqlər: Baytarlıq-Xidməti   DBNX