Qarabağda qanunsuz fəaliyyətin qarşısı alınacaq

  05 Mart 2018    Oxunub : 1358
Qarabağda qanunsuz fəaliyyətin qarşısı alınacaq
Azərbaycan Respublikası və Mərakeş Krallığı Hökumətlərarası Birgə Komissiyanın ilk iclası çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə birgə komissiyanın birinci iclasının Protokolu" adlı sənəd imzalanıb.
Bu barədə AzVision.az-a XİN-nin mətbuat xidmətindən məlumat verilib.

Protokola Ermənistan Respublikası tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlərin həyata keçirilməsinin qarşısının alınması ilə bağlı müvafiq mətn daxil edilmişdir. Protokolun sözügedən hissəsində deyilir:

"Azərbaycan tərəfi Mərakeş tərəfinə Azərbaycanın işğal edilmiş ərazilərində hal-hazırkı vəziyyət, o cümlədən beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq bu ərazilərdə dövlət və özəl mülkiyyət hüquqlarının pozulması ilə müşayiət olunan qanunsuz iqtisadi və digər fəaliyyətlərin həyata keçirilməsi və Ermənistanın hərbi işğalı möhkəmləndirmək cəhdləri barədə, həmçinin, Ermənistan Respublikasının xarici fiziki və hüquqi şəxsləri bu ərazilərdə qanunsuz fəaliyyətə cəlb etmək cəhdləri barədə məlumat verdi.

Bununla əlaqədar, Azərbaycan tərəfi BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının müvafiq qətnamələrinə, həmçinin 2017-ci ilin 10-11 iyul tarixlərində Kot dİvuar Respublikasının Abidcan şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 44-cü iclasında təsdiq edilmiş 10/44-POL saylı “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında Qətnamə”yə istinad etdi, orada digər məsələlərlə yanaşı, “üzv dövlətlərdən öz fiziki və hüquqi şəxslərinin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələn hər hansı fəaliyyətin, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionu və işğal edilmiş digər ərazilərində hər hansı fəaliyyətə cəlb olunması və ya onun dəstəklənməsinin qarşısının alınması istiqamətində qəti tədbirlərin görülməsini xahiş edir”. Bu məqsədlə, Azərbaycan Respublikası Mərakeş Krallığından Dağlıq Qarabağ regionu daxil olmaqla, Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində istehsal olunan və ya Azərbaycan Respublikasının işğal edilmiş ərazilərindən daxil olmuş resurslardan istifadə etməklə istehsal olunan məhsul və xidmətlərin Mərakeş ərazisində idxal-ixrac əməliyyatları, satışı və realizə edilməsinin qarşısının alınmasını, həmçinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılan separatçı rejimin təşviqi məqsədilə məhsul və xidmətlərin reklam və marketinqi ilə bağlı hər hansı bir fəaliyyətin aparılmasına icazə verilməməsini və bu qadağanın əhatə etdiyi məhsulların idxal/ixracı ilə əlaqədar maliyyələşmə, maliyyə yardımı, sığorta və təkrar sığorta kimi maliyyə xidmətlərinin göstərilməsini qadağan etməsini xahiş etdi.

Mərakeş tərəfi Azərbaycanın suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə davamlı hörmət və dəstəyini bir daha təsdiq etdi və müvafiq olaraq hərəkət edəcəyini bir daha bildirdi.

AzVision.az

Teqlər: XİN   Azərbaycan   Mərakeş   Qarabağ