"Azərbaycan ABŞ-ın mühüm müttəfiqidir" - Konqresmen

  22 İyun 2018    Oxunub : 535
"Azərbaycan ABŞ-ın mühüm müttəfiqidir" - Konqresmen
ABŞ Konqresinin Nümayəndələr Palatasının Texas ştatını təmsil edən, Konqresin Qaydalar Komitəsinin sədri və Azərbaycan üzrə İşçi Qrupun üzvü nüfuzlu respublikaçı Pit Seşnz Azərbaycanın milli bayramı – 28 May Respublika gününün 100-cü ildönümü ilə bağlı bəyanatla çıxış edib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən AzVision.az-a verilən məlumata görə, bəyanatda 28 mayda bünövrəsi qoyulmuş Azərbaycan Xaql Cümhuriyyətinin müsəlman aləmində ilk dünyəvi parlamentli respublika olduğu vurğulanıb.

Sovet İttifaqının çökməsinin ardınca ABŞ-ın 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyaraq diplomatik münasibətlər qurduğu qeyd olunub. Həmçinin müstəqilliyini bərpa etdikdən sonra ötən dövr ərzində Azərbaycanın ABŞ-ın etibarlı dostuna çevrildiyi bildirilib. 2001-ci il 11 sentyabr hücumlarından sonra Azərbaycanın beynəlxalq terrorçuluğa qarşı mübarizədə ABŞ-ın mühüm müttəfiqi olduğu, Əfqanıstan, Balkanlar və İraqdakı əməliyyatlarda ABŞ-la birgə iştirak etdiyi vurğulanıb.

Bəyanatda eyni zamanda, İsraillə güclü iqtisadi, hərbi və strateji əlaqələrə malik Azərbaycanın onun regionda ən yaxşı müttəfiqlərindən biri olduğu qeyd olunub. Bundan əlavə, Azərbaycanın enerji marşrutlarının müxtəlifləşdirilməsində mühüm rol oynadığı vurğulanıb.

Sonda Konqres üzvü bir daha Azərbaycanı bayram münasibətilə təbrik edərək ABŞ və Azərbaycan arasındakı güclü əlaqələrin uzun illər davam edəcəyinə ümidini ifadə edib.

AzVision.az

Teqlər: ABŞ   Konqresmen