Ləki-Qəbələ dəmir yolunun tikintisinə 30 milyon ayrıldı

Ləki-Qəbələ dəmir yolunun tikintisinə 30 milyon ayrıldı
  11 Dekabr 2018    Oxunub:2525
Prezident İlham Əliyev Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması, digər sahələrdən gələn gəlirlərin artırılması, qeyri-neft sektorunun sürətli inkişafı respublikada aparılan iqtisadi islahatların əsas istiqamətlərindəndir. Qeyri-neft sektorunun iqtisadi cəhətdən ən sərfəli sahələrindən biri hesab edilən turizmin inkişafı ilə bağlı son illərdə həyata keçirilən tədbirlər nəticəsində bu sahədə ciddi nailiyyətlər əldə edilmiş, o cümlədən turizm obyektlərinin sayı çoxalıb, xidmət səviyyəsi yüksəlib, yerli əhalinin milli turizmə marağı, eləcə də ölkəyə səfər edən turistlərin sayı xeyli artıb.

Ölkənin əsas turizm mərkəzlərindən biri olan Qəbələ şəhərinə və əks istiqamətdə dəmir yolu ilə sərnişindaşımaların həyata keçirilməsi üçün Ağdaş rayonu ərazisində yerləşən Ləki stansiyasının yaxınlığından uzunluğu 43,0 km olan yeni dəmir yolu xəttinin tikintisi turizm infrastrukturunun yaxşılaşdırılmasına və turizm obyektlərinə əlyetərliyin təmin edilməsinə öz töhfəsini verəcək.

Sərəncama əsasən, Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması, tikinti altına düşən torpaqların özgəninkiləşdirilməsi və tikinti işlərinin aparılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.3.7-ci yarımbəndində göstərilmiş məbləğin 30 milyon manatı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ayrılıb.

Nazirlər Kabinetinə tapşırılıb ki, sərəncamda qeyd edilən işlərin icrası ilə əlaqədar torpaqların dövlət ehtiyacları üçün alınması məqsədilə zəruri tədbirlər görsün; bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək

Qeyd edəkki, Ləki-Qəbələ dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması və tikinti işlərinin həyata keçirilməsi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə həvalə edilib.

Azvision.az


Teqlər: Ləki-Qəbələ  





Xəbər lenti