Hərbi prokuror Xocalı soyqırımından danışdı

Hərbi prokuror Xocalı soyqırımından danışdı
  25 Fevral 2020    Oxunub:2316
Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar elmi-praktiki konfrans keçirilib. Hərbi Prokurorluğun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırımı Muzeyində baş tutan tədbirdə Hərbi Prokurorluğun, Xocalı Rayon İcra Hakimiyyətinin əməkdaşları, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun, Azərbaycan Vətən Müharibəsi Veteranları və Xocalı Soyqırımını Tanıtma ictimai birliklərinin üzvləri, Xocalı sakinləri, habelə ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.
Hərbi Prokurorluğun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra konfrans iştirakçıları Memorial Soyqırımı Muzeyini ziyarət ediblər. Onlara muzey və orada saxlanılan, tarixi həqiqətləri, o cümlədən Xocalı soyqırımı haqqında reallığı əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib. Həmçinin Xocalı soyqırımı qurbanlarının barələrində məlumatların əks olunduğu slayd nümayiş etdirilib.

Konfransı açıq elan edən Azərbaycan Respublikası Baş prokurorunun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev o müdhiş gecədə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin komandir heyətində erməni millətindən olan şəxslərin də təmsil olunduğu 366-cı motoatıcı alayın köməyi ilə Xocalı şəhərinə hücumundan, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeridilməsindən, şəhərin dinc əhalisinə qarşı misli görünməmiş qəddarlıqla divan tutulmasından, Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 nəfərin xüsusi amansızlıqla öldürülməsindən, 487 nəfər dinc sakinin ağır yaralanmasından, 1275 nəfərin girov götürülməsindən, hadisələrin necə cərəyan etməsindən ətraflı danışıb. Hərbi prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi mükəmməl siyasətin, eləcə də uğurlu xarici siyasətin sayəsində artıq dünya ictimaiyyətinə Xocalı soyqırımı barədə səhih və dolğun məlumatların verildiyini bildirib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına ilk dəfə siyasi və hüquqi qiymət verildiyini vurğulayan Xanlar Vəliyev tarixi torpaqlarımızın işğal olunması, Azərbaycan xalqına qarşı törədilən deportasiyalar, soyqırımları, terror hadisələri və insanlığa sığmayan vəhşiliklərlə törədilmiş digər cinayətlər barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. Bu barədə tarixi reallıqların dünya ictimaiyyətinə çatdırılmasında, onlara beynəlxalq səviyyədə obyektiv və ədalətli, həqiqətə və milli maraqlarımıza uyğun münasibət bildirilməsinə müvəffəq olunmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin misilsiz fəaliyyətindən, bununla əlaqədar ölkədə və respublikamızdan kənarda həyata keçirilən sistemli və ardıcıl tədbirlərdən bəhs olunub.

Hərbi prokuror Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə bu istiqamətdə görülən genişmiqyaslı işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Ötən əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının əhəmiyyətini xüsusi vurğulayan Xanlar Vəliyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasından, o cümlədən soyqırımı haqqında ətraflı məlumatların bütün dünyaya yayılması ilə bağlı səmərəli fəaliyyətindən söz açıb.

Hərbi prokuror bildirib ki, Xocalıda törədilmiş kütləvi qətllərin Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində soyqırımı aktı olmasının təsdiq edilməsi, Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya və Paraqvay parlamentlərinin, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları tərəfindən Xocalı faciəsinin qətliam kimi qiymətləndirilərək qətiyyətlə pislənməsi, həmçinin İslam Əməkdaşlıq Təşkilatının bu dəhşətli faciəni soyqırımı kimi tanıması bütün bunların nəticəsidir.

Fevralın 15-də Münxen Təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdən bəhs edən Hərbi prokuror Prezident İlham Əliyevin zəngin elmi biliklərinin, yüksək erudisiyasının, mükəmməl və məzmunlu nitqinin qarşısında Nikol Paşinyanın aciz qaldığını xüsusi vurğulayıb. Dövlətimizin başçısının polemikadakı inamlı qələbəsinin Azərbaycan diplomatiyasının növbəti uğuru olmaqla, sözügedən məsələnin həllində ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən Xanlar Vəliyev Prezident İlham Əliyevin səlis cümlələrlə və tarixi faktlara əsaslanan məntiqli fikirlərlə zəngin çıxışı ilə əsl həqiqətin nədən ibarət olmasına -bu münaqişədə Azərbaycanın haqlı tərəf olduğuna və torpaqlarımızın işğal edildiyinə dünya ictimaiyyətini inandırmağa müvəffəq olduğunu, bununla da Paşinyanın savadsızlığını və yalanlarını növbəti dəfə ifşa etməklə onu “mat” vəziyyətinə saldığını bildirib.

Hərbi prokuror qeyd edib ki, tarix boyu, o cümlədən ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq, təcavüzkar erməni millətçiləri tərəfindən Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddialarının irəli sürülməsi və qondarma Dağlıq Qarabağ probleminin ortaya atılması xalqımıza qarşı soyqırımı törədilməsi, azərbaycanlıların kütləvi şəkildə qırğını, əsrlər boyu yaşadığı tarixi ərazilərindən, doğma torpaqlarından deportasiyası, şəhər və rayonlarımızın talan edilməsi, mədəniyyət abidələrimizin dağıdılması və milli genofondumuzun məhvinə yönəlmiş digər qəsdlər ilə nəticələnib.

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq və digər cinayətlərin istintaqı və onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilərək mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb olunması, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə 2003-cü il dekabrın 18-də Azərbaycan Respublikası Baş prokurorunun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlərinin vahid əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb.

2005-ci il mayın 5-dən isə həmin cinayət işinin istintaqı ibtidai araşdırmaya prosessual rəhbərlik Respublika Hərbi prokuroruna həvalə edilməklə Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna tapşırılıb. Təkcə Xocalı soyqırımı istiqaməti üzrə cinayət təqibi zamanı 7500-ə yaxın prosessual hərəkətlər aparılıb, 1800-dən çoxu şahid və 2700-dən çoxu zərərçəkmiş qismində olmaqla 4500 nəfərdən çox şəxs dindirilib, 800-dən artıq müxtəlif növ ekspertiza keçirilib, digər istintaq hərəkətləri icra olunub. İstintaqla, o cümlədən iş üzrə həyata keçirilmiş müvafiq ekspertizaların ilkin hesablamalarına əsasən, müəyyən edilib ki, Xocalının işğalı ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon 250 min ABŞ dollarından artıq məbləğdə ziyan vurulub.

Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova və Xocalı sakini Təhmasib Kərimov çıxışlarında bəşəriyyətin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı barədə ətraflı çıxışlar ediblər.

Daha sonra soyqırımı haqqında Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təşəbbüsü ilə hazırlanan “Əsrin faciəsi” filmi nümayiş etdirilib.

Sonda aparılan səmərəli təbliğat nəticəsində dünya ictimaiyyətinin də həqiqətin nədən ibarət olmasını artıq yaxşı dərk etdiyini vurğulayan Xanlar Vəliyev işğal altındakı torpaqlarımızın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti, sarsılmaz qətiyyəti, yenilməz siyasi iradəsi, yorulmaz fəaliyyəti və xalqımızın əzmkarlığı sayəsində azad olunacağına və millətimizə qarşı xüsusilə ağır cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb ediləcəyinə əminliyini bildirib.

Azvision.az


Teqlər: Hərbi-Prokurorluq  





Xəbər lenti