“Koronavirusun necə təhlükəli olduğunu anlamırlar” - Baş epidemioloq

 “Koronavirusun necə təhlükəli olduğunu anlamırlar” -  Baş epidemioloq
  02 May 2020    Oxunub:10216
Azərbaycanda koronavirus pandemiyası ilə bağlı görülən tədbirlər uğurla nəticələnir. Bu, sevindirici haldır. Lakin virus təhlükəsi hələ də davam edir.

Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu, professor İbadulla Ağayev deyib. Onun sözlərinə görə, indiki vəziyyətdə hər şey vətəndaşların özündən asılıdır:
"Məhdudiyyətlərin bir qismi götürülsə də insanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmalıdırlar, həmçinin kütləvi tədbirlər təxirə salınmalıdır".

İ.Ağayev bildirib ki, vətəndaşlar tətbiq olunan qaydalara əməl etməsələr, yoluxma hallarının sayı arta, Azərbaycanda ikinci dalğa başlaya bilər.

"Koronavirusa yoluxma artarsa, məhdudiyyətlərin yenidən tətbiq olunması qaçılmazdır. Qadağalar, həyata keçirilən tədbirlər yalnız ölkə ərazisində epidemioloji vəziyyəti qorumaq üçündür. Vətəndaşları qoyulan qadağalara riayət etməyə səsləyirəm. İnfeksiya tamamilə aradan qaldırılandan sonra həyat öz axarına düşəcək".

Baş epidemioloq diqqətə çatdırıb ki, karantin rejiminin yumşaldılması insanların əvvəlki həyat tərzinə dönməsi demək deyil: "Vətəndaşlar qaydalara əməl etməsələr, epidemioloji vəziyyət nəzərə alınaraq karantin rejimi yenidən sərtləşdirilə, müvafiq məhdudiyyətlər tətbiq oluna bilər. Əhalinin müəyyən qrupu COVID-19-un necə təhlükəli olduğunu tam anlamır. Koronavirus təhlükəli bir infeksiyadır və ona dırnaqarası münasibət göstərmək olmaz".

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Karantin  





Xəbər lenti