İtaliyalı deputatlar Ermənistanın təxribatını pislədi

  27 Sentyabr 2020    Oxunub : 4993
 İtaliyalı deputatlar Ermənistanın təxribatını pislədi
İtalyan parlamentarlar: Münaqişənin həlli üçün Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir.
Azvision.az xəbər verir ki, İtaliya Senatının xarici əlaqələr daimi komissiyasının üzvü, iqtidar “5 Ulduz Hərəkatı” partiyasından olan senator Canluka Ferra İtaliya mətbuatına açıqlamasında Ermənistan tərəfindən Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücumlar vaxtı Azərbaycan mülki əhalisinin yaşadığı məntəqələrə hücumların Cenevrə konvensiyalarının pozulması olduğunu deyib.

İtalyan senator bildirib ki, münaqişənin həlli BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini əsas götürərək Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığı prinsiplərinə tam hörməti özündə ehtiva etməlidir.

İtalyan senator, habelə Azərbaycan və Ermənistan arasındakı münaqişənin kəskinləşməsindən və yeni böhranın Avropanın kandarında beynəlxalq müdaxilə riskini artırmasından narahatlığını ifadə edib. Canluka Ferrara Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində vəziyyətin daha da pisləşməməsi üçün uzun müddətdir ki, durğun vəziyyətdə olan effektiv danışıqların bərpa edilməsinə dəstəyini ifadə edib, Avropa İttifaqının diplomatik kanallardan istifadə edərək toqquşmaların dayandırılmasına zəmanət verə biləcəyinə ümid etdiyini deyib.

İtalyan senatorun açıqlaması İtaliyanın İl Tempo, Agenzia Nova, Politicamente Corretto, Adnkronos, Fortuneİtalia, Maximİtalia, NotizeYahoo, LiberoQuotidiano, TWNews kimi kütləvi informasiya vasitələri tərəfindən dərc edilib.

İtaliyanın Agenzia Nova xəbər agentliyinə açıqlamasında İtaliya Parlamentində İtaliya-Azərbaycan Dostluq Assosiyasının sədri, Liqa partiyasından olan deputat Rossana Boldison saatlarda Azərbaycan və Ermənistan arasında silahlı toqquşmaların artmasından böyük narahatlığını ifadə edib.

İtalyan deputat ümidvar olduğunu bildirib ki, İtaliya Minsk Qrupunun üzvü kimi dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmətə əsaslanaraq, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrindən irəli gələrək Dağlıq Qarabağ probleminin sülh yolu və danışıqlar vasitəsilə həlli məqsədilə öz səylərini gücləndirəcəkdir.

Azvision.az

Teqlər: İtaliya   Deputat