AzVision-18 I Zingiltiylə döyüşən düşmən - VİDEO

      AzVision-18 I    Zingiltiylə döyüşən düşmən -    VİDEO
  15 Oktyabr 2020    Oxunub:25685
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik proqram formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Xoş gördük sizi, ilin xalqı! Bəli, Vətən Müharibəmizin bundan sonra necə gedəcəyindən asılı olmadan, bəri başdan deyi bilərik ki, azərbaycanlılar artıq "ilin xalqı" adlana bilərlər, çünki öz torpağının hətta bir qarışını da geri qaytarmaq bu ada layiq olmaq üçün əsas yaradır. Amma əlbəttə ki, bizə Vətənin bütün torpaqlarının azadlığı lazımdır. Ona görə də, bu yolda qabağımıza çıxan növbəti suallardan danışacağıq.
- “Qəribə müharibə”. Tarixdə bir dəfə belə termin olub. İkincisi indi yaranırmı?
- Ermənilərlə danışıqlar nə zaman real nəticə verə bilər?
- Erməni təbliğatının bülbülü: Solovyovla müsahibə.




Bu suallara mən və o - sosial şəbəkə fəalı, bloger, narazı vətəndaş Demə Qoq birlikdə cavab axtaracağam. Daha doğrusu, mən axtaracağam, o isə qarabaqara ardımca gələrək, məni haqsız çıxarmağa çalışacaq.

DEMƏ QOQ:
- Qaqa, kef elə! Nə qədər ki, Vətən müharibəmiz davam edir, bu ölkədə narazı vətəndaş, iqtidar-müxalifət ola bilməz. Mən də müxalifliyimi dayandırmışam. Dövlətimiz nə edirsə, axırıncı nəfəsimizə kimi arxasındayıq.

Oğulsan! Onda getdik.

1. Ermənistan nə istəyir, yaxud, “Qəribə müharibə”

İkinci Dünya Müharibəsinin 1939-cu ilin sentyabrından 1940-cı ilin mayına qədər olan dövrü tarixdə “Qəribə müharibə” adlanır. İngilislər buna “Phoney War” deyirlər. Söhbət ondan gedir ki, müharibəni aparmağın da bir qaydası, üsulu, forması, məntiqi olmalıdır. Müharibə odur ki, niyyətimizi, şərtimizi ortaya qoymuşuq və onun uğrunda döyüşürük. Əks halda bu müharibə ən yaxşı halda “qəribə” olur.
Əgər iki ölkə münasibətlərini müharibə yolu ilə aydınlaşırmaq istəyirsə, bu halda birinin digərinə hücum, yaxud, bizim haldakı kimi, əks-hücum etməsi normaldır – müharibə zatən bu deməkdir. Müharibə odur ki, hansısa səbəblərdən hüququn gücsüz olduğu yerdə gücün hüququ dövrəyə girir.
Vüsal Məmmədov Report Media Məktəbində: “Tanınmış imza özü bir iş yeridir”

İndiki halda hər iki tərəf müharibə istəyir. Azərbaycan torpaqlarını qaytarmaq, Ermənistan isə işğal etdiyini əldə saxlamaq üçün.
Bu halda tərəfərinin birinin bütün dünyaya car çəkib, hay-küy salıb, “Qoymayın, bizi qırırlar, soyqırımı törədirlər, axırımıza çıxdılar” deməsi tamamilə absurddur. Müharibədə əsgər əsgəri öldürər.
Yox, əgər müharibə istəmiriksə, onda erməni qoşunları Azərbaycan ərazisindən çıxsın, sülh bağlayaq, iki normal ölkə kimi dinc qonşuluq münasibətləri quraq.
Azərbaycan üçün bunların ikisi də məqbul variantdır. İkisinə də razı və hazırıq. Amma bilək ki, hansını edirik. Müəyyənlik olsun.

DEMƏ QOQ:
- Qeyri-müəyyənlik nədədir ki? Aydın məsələdir ki, müharibə gedir. Ermənilər də onu deyirlər də… Onlar sülh istəmirlər ki!

Məsələ ondadır da! Hazırda Ermənistan tərəfin yanaşması belədir ki, “Bizim əsgərimiz sizin ölkənizdə qalsın, amma siz onlara dəyməyin”. Bu, mümkün deyil. Bu erməni ixtirası təkcə tarixə və təcrübəyə deyil, sağlam məntiqə də ziddir. Əgər Azərbaycanın BMT tərəfindən tanınmış sərhədləri daxilində erməni əsgəri qalacaqsa, demək, bizim aramızda sülh yoxdur və müharibə vəziyyətindəyik; əgər müharibə vəziyyətindəyiksə, bütün dünyanın qabağında ağlayıb-sıtqayıb-mələyib, “SOS” qışqırmaq lazım deyil. Hər şeydən əvvəl, bu sadə məntiq yerini almalıdır ki, nə etdiyimizi aydınlaşdıraq. Olduğumuz vəziyyətə bir ad qoyaq. Bizim indiki münasibətimizin adı nədir? Dinc dövr deyil. Danışıqlar mərhələsi deyil. Atəşkəs deyil – çünki pozurlar və pozacaqlar. Müharibədirsə - vuruşuruq, sülhdürsə - torpağımızdan çıxın. “Nə hərb, nə sülh” isə olmayacaq.

Demə Qoq:
- Dedin ki, “danışıqlar mərhələsi deyil?” Niyə elə düşünürsən ki? Axı biz danışıqlara hazır olduğumuzu bəyan edirik.
- Bəli, edirik. Amma alınmayacaq.
- Niyə?!
- Aydınlaşdıraq.

2. Danışıqlar niyə alınmır

Hamımızın tarixdən xəbərimiz var. Bilirik ki, bütün müharibələr gec-tez danışıqlarla bitir. Danışıqlarda qalib tərəf şərtini diqtə edir, məğlub tərəf razılaşır. Amma bunun üçün vacib şərt odur ki, bir qalib və bir məğlub tərəf olmalıdır. Evlənmək üçün bəylə gəlin tələb olunduğu kimi.

Demə Qoq:
- Əminsən? Nrç-nrç-nrç… Mən səni bu qədər geridəqalmış bilmirdim. Xahiş edirəm, boş-boş danışıb, LGBT-ni də üstümüzə qaldırma. Bir düşmənimiz var, bəs edir…

- Lənət şeytana. Nə isə. İkinci variantda isə hər iki tərəf başa düşür ki, daha müharibə apara bilmirlər, “sıfır nəticə” ilə razılaşıb, müqavilə imzalayırlar. Bu, adətən sülh yox, növbəti müharibəyə hazırlıq olur.
İndiki Vətən Müharibəsində “sıfır variantı” mümkün deyil. Niyə?
Əvvəla ona görə ki, “sıfır variantı” – sentyabrın 27-nə qədərki vəziyyətə qayıdıb, status-kvonu bərpa etmək olardı, bu isə heç vaxt baş tuta bilməz. Hər şey bir qırağa, hətta təsəvvürə gətirmək belə, mümkün deyik ki, bir ordu hücuma keçib, düşməni əzsin, itirdiyi torpaqları geri qaytarsın, sonra isə verdiyi bütün itkilərə rəğmən, heç nə olmayıbmış kimi, geri - əvvəlki mövqelərinə qayıtsın. Belə şey, sadəcə, olmur.
İkincisi, dediyim kimi, bu, o halda baş verir ki, tərəflərin ikisi də müharibə apara bilmirlər. Amma hazırda belə deyil: Azərbaycan hələ illərlə rahatca bu cür müharibə apara bilər, Ermənistan isə artıq tam iflasın astanasındadır.
Danışıqlar masasına keçmək üçün bir güclü, bir zəif tərəf olmalıdır. Çünki iki qalib, iki güclü tərəf öz aralarında danışıqlar apara bilməzlər.

DEMƏ QOQ:
- Niyə apara bilmirlər ki? Əksinə… Məntiqlə zəif tərəfə sərf edər ki, müharibə meydanında özünü toparlamaq üçün danışıqlar masasında vaxt qazansın.

- Demək istədiyim odur ki, bəli, nəzəri cəhətdən… - elə praktik cəhətdən də!,- əlbəttə, apararlar, amma bu, nəticəsiz, mənasız danışılar olacaq. Dalan vəziyyəti yaranacaq və tərəflər yenidən münasibətlərini döyüş meydanında aydınlaşdırmalı olacaqlar. Çünki hər iki tərəf özünü güclü və qalib sayırsa, bu, o deməkdir ki, münasibətlər hələ lazım olan həddə qədər aydınlaşdırılmayıb.
Əgər normal, qalıcı sülh istəyiriksə, döyüşən iki tərəfdən biri zəifliyini, uduzduğunu boynuna almalıdır. Almırsa, fakt qarşısında qoyulmalıdır. Müharibə də məhz o vaxta qədər davam etməlidir ki, danışıqlar masası arxasına keçəndə aydın bilinsin ki, kim qalibdir, kim məğlub; kim hansı mövqedən danışmalıdır.
Ona görə də, əgər kimsə həqiqətən sülh istəyirsə, dayanıqlı nəticə verəcək real danışıqlarda maraqlıdırsa, əvvəlcə imkan verilməlidir ki, Ermənistan məğlubiyyətini etiraf etməyə məcbur olsun.

3. Variantlar azalır

DEMƏ QOQ:

- Sən ümumiyyətlə, ermənilərin mövqeyindən nəsə başa düşürsən? Mən heç nə başa düşmürəm. Biz balaca olanda cığal uşaqlar olurdu e, söyüb, qaçırdı. Tutub döyürdük, görürürdü ki, zəifdir, döyülür, amma yenə dediyini deyirdi. İndi ermənilər lap o döyülən uşaqlar kimi edirlər…

- Ermənistan hazırkı informasiya siyasəti və təbliğat ilə özünü tələyə salıb və salmaqda davam edir. Çünki itkilərini inkar edib, özünü olduğundan güclü, əks tərəfi olduğundan zəif göstərmək taktikası müəyyən bir yerə qədər işləyə bilər. Və artıq həmin nöqtəyə yaxınlaşmışıq. O xətt keçiləndən sonra Erməni tərəfin bütün təbliğat və informasiya siyasətini kollaps gözləyir. Ondan sonra artıq ermənilərin məğlubiyyəti boyunlarına almamaq kimi bir lüksləri qalmayacaq. Azərbaycan həmin məqama qədər problemsiz davam gətirə biləcək. Ermənilər isə yox.
İtkiləri etiraf etməmək o deməkdir ki, ya əldən verdiyin mövqeləri təzədən geri qaytarmalı, ya da birdən hamısını boynuna almalısan. Birinci yol seçilsə, ermənilər hər dəfə hansısa məntəqəni vermək üçün əks hücuma keçəcək, cavabında bir qədər də geri oturdularaq, Azərbaycan Ordusunun irəliləməsi üçün imkan yaradacaqlar. Bizim üçün çox sərfəlidir. Bu yolla verə-verə lap çıxdıqları yerə qədər sıxışdırıla bilərlər.
İkinci halda Paşik Yalayan çıxb, erməni xalqına müraciət etməlidir ki, “Biz indiyə qədər sizə yalan demişik, əslində Azərbaycan Ordusu bizim indiyə qədər dediyimiz kimi, geri oturdulmayıb, şəkililər demişkən haindi habırda ağzoun içindədir. Bu halda erməni xalqı Paşik Yalayanı gəldiyi yerə - yəni küçəyə qaytaracaq. Göründüyü kimi, variantlar elə də çox deyil.

Demə Qoq:
- Yəni ermənilərin o xəbərləri hamısı yalandır? O qədər yalanı necə danışmaq olar axı?!

4. Yalan sənəti

- Etiraf edirəm ki, yalan danışmaq elə də asan deyil. Mən, məsələn, heç bacarmıram – nə vaxt yalan danışmağa cəhd etsəm, özümü yandırıram. Biz evdə bir dənə arvadı aldada bilmirik, Paşik Yalayan isə iki milyon insanı aldadır – bu, elə də yüngül məsələ kimi gəlməsin sizə. Ağır olduğu üçün də yalanların generasiyasına böyük bir industriya xidmət edir. Özünün Artsurun Hovannisyan, Şuşan Stepanyan, Semyon Peqov kimi lakeyləri ilə. Bunlardan axırıncının haqqında xüsusi danışmağa dəyər – çünki bu həftə Azərbaycan Respublikasının Prokurorluğu həmin kürən şeytanın haqqında cinayət işi də qaldırdı. Orada nə yazıblar, nədə ittiham ediblər öz yerində, amma mən çox istərdim ki, kaş, indi Orta əsrlər olaydı, biz də Peqovu rəsmən məhz şeytan olmaqda ittiham eləyəydik. Əminəm, əgər şeytan həqiqətən də mövcud olsaydı və özünə telegram-kanalı açsaydı, məhz Peqov və onun kanalı kimi görünərdi.
Məsələ ondadır ki, bütövlükdə erməni təbliğatı Peqov və onun kürən sifətinə çox oxşayır. Onların yeganə kəraməti yalanı inandırıcı göstərmək bacarığındadır. Peşəkar yalançılğın ən üst levllərində yer alırlar. Azərbaycanın dövlət başçısı Hadrutun bizdə olduğunu elan edən kimi Peqov qəsəbənin girişində çəkdirdiyi fotonu paylaşıb, bunu yalanlamağa çalışırdı. İki gün sonra isə video paylaşır ki, Qarabağdakı cinayətkar qurumun rəhbəri ətrafına bir dəstə quldur yığıb, Hadrutu qaytarmaq üçün həmin istiqamətdə hərəkətə başlayırlar.

Demə Qoq:
- Yerə gəlmişkən, nə ilə qurtardı o hərəkət?

- Mən də çox maraqlı qaldı. Yəqin ki, sözün fiziki mənasında canlarına azarla. Təəssüf ki, kürən şeytan o həmlə cəhdinin nə ilə qurtardığı barədə heç bir məlumat yaymadı, amma demək istədiyim başqa şey idi. Sual olunur: Ay kürən ***, əgər Hadrutu qaytarmağa gedirlərsə, deməli, o, sizdə deyil də; bəs elə isə, iki gün əvvəl paylaşdığın şəkil nə idi?!
Normalda düşünmək olar ki, Azərbaycan tərəfi Hadrutun videosunu paylaşandan sonra bu mənasız qiyabi mübahisə bitəcək. Amma sən saydığını say... Hətta videosu yayılandan sonra belə ermənilər iddia etdilər ki, bura Hadrut deyil. Bu xalqın burnunun içində barmaq tutsan, deyəcək ki, artıq ətdir. Dəhşətli insanlardırlar. Onlarla ümumiyyətlə, heç nə sübut etmək mümkün deyil.

Demə Qoq:
- Bəlkə bu xasiyyətlərindən öz xeyrimizə istifadə edək?
- Aha. Maraqlıdır... Necə?
- Bir halda ki, bizim qaytardığımız hər şeyi danırlar, biz də qaytara-qaytara gedək ta İrəvana qədər... Onsuz da deyəcəklər ki, yalandır, Azərbaycanlılar bir qarış da irəli gəlməyib.
- Bu, sənin verilişə qabırğa olandan bəri dediyin ən ağıllı sözdür.

5. Yalanın peşəkar bülbülü

Təəssüf ki, erməni təbliğatı təkcə ermənilərlə və onların axmaqlıqla arasında çox şəffaf sərhəd olan yalanları ilə məhdudlaşmır. Onun daha irimiqyaslı, daha məkrli və daha ağıllı daşıyıcıları da var. Məsələn, RTR-in aparıcısı Vladimir Solovyov kimi. Onun ermənipərəstliyi daha təhlükəlidir, çünki Peqov kimilərdən fərqli olaraq, zahiri tərəfsizlik, peşəkar manipulyatorluq və məntiq oyunları pərdəsilə ört-basdır edilib. Biz Vladimir Rudolfoviçdən Skype vasitəsilə verilişimizə qoşulmağı xahiş etmişik. İndi o xəttdə olmlıdır. Eşidirsinizmi bizi?

- Bəli, bəli, eşidirəm.
- Bilmirəm, sualı birbaşamı verim, yoxsa dollayı yollarlamı mətləbə yaxınlaşım?
- Birbaşa verin.
- Niyə ermənipərəstlik eləyirsiniz?
- Ha-ha-ha. Bunu sübut etsəniz, mən mövqeyimi dəyişərəm. Formal olaraq, mən tərəfsizliyin bütün prinsiplərini gözləyirəm. Azərbaycanın mövqeyini səsləndiriəm? Bəli. Azərbaycanlıları verilişə qoşuram? Bəli.
- Hə, etiraf edirəm ki, çox peşəkar işləyirsiniz. Amma hər halda, bəzən erməni sevgisi peşəkar keyfiyyətləri üstələyir. Məsələn, erməni tərəfin vəkili kimi kifayət qədər bişmiş, təcrübəli adamları verilişinizə çağırırsınız, Azərbaycan tərəfdən isə...
- Mən verilişimə kimi çağırmağı sizdən soruşası deyiləm ki. Bu, bir. İkincisi, siz azərbaycanlılara nəyə görəsə elə gəlir ki, hamı sizin kimi düşünür, hamı sizin kimi yanaşır. Siz qlobal düşünmürsünüz. Başqalarında empatiya axtarırsınız. Amma heç kimin sizə empatiya borcu yoxdur. Bunu anlamırsınızsa, günah məndə deyil.
- Aydındır. Biz də belə insanlarıq da... Sizin mövqeyi belə yuvarlaqlaşdırmaq olar ki, hər iki tərəf özlüyündə haqlıdır, amma Azərbaycan özlüyündə haqlı olan iki tərəfin qarşıdurmasında zorakılıq elədiyinə görə, haqsızdır. Məsələnin mahiyyətini bilməyən adamlara ilk baxışdan məntiqli görünə bilər. Amma niyə ermənilərin indi oturduqları o torpaqlara gələndə törətdikləri milyon dəfə artıq zorakılıqlardan danşmırsınız?
- O vaxt mən veriliş aparmırdım. Mən indi gördüyümü deyirəm.
- Şuşadakı kilsənin gümbəzində bir deşik açılanda az qala bütün diqqəti bunun üzərində cəmləşdirib, münaqişənin bütün mahiyyətini ora yönəltdiniz. Bəs Gəncədə yaşayış evinin vurulması niyə eyni şiddətlə müzakirə edilmədi, qınanılmadı?
- Şuşadakı kilsə vurulanda Azərbaycan tərəf dedi ki, onlar etməyiblər. Gəncənin vurulmasını da ermənilər boyunlarına almadılar da.
- Əla. Azərbaycan dedi ki, kilsəni biz vurmamışıq. Siz inanmadınız. Bəs ermənilər deyəndə Gəncəni onlar vurmayıblar, niyə onlara inanırsınız?
- Onların gözü sizinkindən daha qaradır, buna görə.
- Mən “jurnaist tərəfsiz olmalıdır”-filan kimi nağılları təkrarlamayacağam, çünki özüm də inanmıram. Amma bir şeyə möhkəm əminəm ki, jurnalist vicdansız olmamalıdır. Yəni sizin ermənipərəstliyi haradasa başa düşə bilərəm, amma vicdansızlığı əsla.
- Vicdan ölçülə bilən bir şey deyil.
- Amma varlığı müəyyən edilə bilən bir şeydir.
- Siz əvvəlcə erməniləri qovmaqdan danışırsınız, sonra vicdandan?!
- Erməniləri yox, erməni əsgərlərini. Tamam ayrı-ayrı şeylərdir. İkincisi, qovmaq məsələsində sizə tay ola bilmərik axı. Studiyanızdan azmı qonağı qovmusunuz?!
- Onlar xamlıq edirdilər
- Eynən. Biz də ancaq xamlıq eləyənləri qovuruq. Başqası ilə işimiz yoxdur.
- Artıq sizi də qovmaq haqqında düşünürəm.
- Hiss eləmişəm. Ona görə də, gəlin, adam kimi sağollaşaq.

6. Saxta qəhrəmanlar və həqiqi AZADLIQ


Bu müqəddəs savaşın hələ ki davam etməkdə olan bir dərsi də odur ki, həm içimizdəkiləri, həm də çölümüzdəkiləri daha yaxşı tanımağımız üçün şans yaratdı. Nə var-nə var, hökumətə qarşıdır deyə vaxtilə kütlənin qəhrəmana çevirdiyi bir neçə nəfərin indi xalq üzünə tüpürür. Azərbaycanın şəhid övladı ilə torpağımıza soxulduğu üçün gəbərdilmiş işğalçı əsgərin arasında heç bir fərq görməyən şəxslərin sifətindəki maskalar düşdü. Hamı gördü ki, onların dinc dövrdəki müxalifliyi Azərbaycan xalqını sevdiyinə görə yox, məhz zəiflətmək istədiyinə görə imiş. Azərbaycan hakimiyyətinə hər gün bir karikatura həsr edən müxalif rəssamcıq döyüşlər başlayandan bəri düşmən tərəfi ifşa edən bircə dənə də olsun şəkil çəkməyib. Adamın bu miskinlərə yazığı gəlir: Gör, bunların əllərinə necə qandal, ağızlarına necə buruntaq vurublar ki, Müqəddəs Savaş aparan xalqlarının uğrunda nə bir kəlmə deyə, nə bir cümlə yaza bilirlər. Və bu adamlar ayrı vaxt azadlıq uğrunda mübarizə apardıqlarını deyiridlər. Budurmu sizin azdlığınız? Müharibə aparan xalqına, əsgərinə, rəhbərliyinə dəstək verə bilməyəcək qədər kölə olmaq azadlıqdırmı?!
Azadlıq ilk növbədə odur ki, sənin torpağın düşmən əsgərindən azad edilsin. Bu məxluqat bizə ömür boyu təlqin etməyə çalışırdılar ki, guya hökumət azadlığımızı pozur. Mənsə həmişə düşünürdüm ki, axı bir azərbaycanlı olaraq bizim məsələn, Xankəndini görmək azadlığımız var. Əsl Azadlıq bax budur! Və bu Azadlığımız illərlə pozulmuşdu. Hazırda həm də bizim öz torpaqlarımızda azad hərəkət edə bilmək hüquqlarımız bərpa edilir. Bu, elə bir hüquqdur ki, onun illərlə pozulmuş qalması heç bir hüquq müdafiə təşkilatının vecinə də deyildi. Hələ də tam bərpa olumayıb, amma əminəm ki, biz o Azadlığımızı tam bərpa etməyincə dayanmayacağıq. Ona görə, bu müharibə elə həm də Azadlıq mühaibəsidir. Möhkəm olun, biz qalib gələcəyik!

Azvision.az



Teqlər: AzVision   Real-TV  





Xəbər lenti