Vüsal Hüseynov yaponiyalı səfirlə görüşüb

  20 Oktyabr 2020    Oxunub : 1380
Vüsal Hüseynov yaponiyalı səfirlə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Yaponiyanın Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi ilə görüşüb.
DMX-dan Azvision.az -a verilən məlumata görə, qonağı salamlayaraq tanışlıqdan məmnunluğunu bildirən Xidmət rəisi səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib.

Xidmət rəisi dünya dövlətlərinin pandemiya ilə mübarizə apardığı bir vaxtda Azərbaycan Ermənistanın ənənəvi işğalçılıq və təhrik siyasəti nəticəsində öz tarixinin mürəkkəb və bir o qədər də həlledici dövrünə qədəm qoyduğunu da səfirin diqqətinə çatdırıb. Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda sərgilədiyi qeyri-konstruktiv mövqe, eləcə də qarşı tərəfin regionda humanitar vəziyyətin gərginləşməsinə yönəlmiş təxribat xarakterli hücumları sülhün və ədalətin bərpası üçün Azərbaycanı adekvat cavab tədbirləri görməyə vadar edib. Bu tədbirlərin həyata keçirilməsində əsas məqsəd torpaqlarımızın erməni işğalından azad edilməsi, beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin bərpası, mülki şəxslərin təhlükəsizliyinin, eləcə də məcburi köçkünlərimizin öz yurdlarına geri qayıtmaq hüquqlarının təmin olunmasıdır.

Xidmət rəisi bildirib ki, humanitar atəşkəsin elan olunmasına baxmayaraq, Ermənistan həmişə olduğu kimi götürdüyü öhdəlikləri pozaraq atəşkəs dövründə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə də daxil olmaqla, bir çox yaşayış məntəqələrində mülki əhaliyə yönəlmiş ağır artilleriya hücumlarını davam etdirib. Nəticədə, ümumilikdə 61 dinc sakin həlak olub, 300-ə yaxın şəxs yaralanıb. Bu fakt bir daha sübut edir ki, döyüş meydanında mövqelərini itirən Ermənistan ordusu çıxış yolunu yalnız münaqişə zonasından kənarda yaşayan mülki əhaliyə qarşı yönəlmiş cinayət törətməkdə görür.

Vüsal Hüseynov, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tezliklə öz ərazi bütövlüyünü bərpa edəcəyini və torpaqlarımızın düşmən işğalından azad olunacağını xüsusi vurğulayıb.

Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri barədə məlumat verərək, koronavirus pandemiyasının ilk günlərindən miqrasiya siyasətinin əcnəbilərin maksimum rahatlığı və elektronlaşmanın geniş təşviqi üzərində qurulduğunu diqqətə çatdırıb. Bildirib ki, qanuni miqrasiyanın təşviqi Dövlət Miqrasiya Xidmətinin prioritet hesab etdiyi məsələlərdən biridir və bu istiqamətdə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçirilə bilər.

Azərbaycanla hər zaman yüksək səviyyəli diplomatik əlaqələrin mövcud olduğunu bildirən səfir hazırda baş verən hadisələri narahatlıqla izlədiklərini bildirmiş, münaqişə nəticəsində dinc sakinlərin həlak olması hallarının onları sarsıtdığını vurğulamış, münaqişənin tezliklə beynəlxalq hüququn prinsipləri çərçivəsində həll olunacağına ümidvar olduqlarını qeyd edib.

Sonra Azərbaycan və Yaponiya arasında miqrasiya sahəsində gələcək əməkdaşlığın perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Azvision.az

Teqlər: DMX   Yaponiya