AzVision-21 I Araikin ruhu ilə müsahibə - VİDEO

      AzVision-21 I    Araikin ruhu ilə müsahibə -    VİDEO
  05 Noyabr 2020    Oxunub:30317
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Xoş gördük, ilin xalqı! Böyük yollar addım-addım keçilir. Bizim – yəni mənim və sosial şəbəkə fəalı Demə Qoqun indiki addımda cavablandırmaq istədiyimiz bəzi suallar var.

- İşdə nifrər macərası. Aktyor Zelenskini rejissor Andreasyanla düşmən edən səbəblər erməniliyin mahiyyətinə necə güzgü tutur?
- Gedək, bir az Şuşa alaq! Sosial şəbəkədə darqursaqlıq etmək nə üçün lazım deyil.
- Pah atonnan, nə ağır yatdı bu oğlan, ölüb əəə! Araik Arutunyanın ruhu ilə müsahibə.




2011-ci ildə Rusiyada “Служебный роман. Наше время” adlı film ekranlara çıxdı. Bir kinoman kimi tam məsuliyyətlə deyirəm ki, bu, film yox, zibil idi.

Demə Qoq:
- Xahiş edirəm, belə sözlər işlətməyəsən. İndi yenə sosial şəbəkədə bizi tənqid edib, deyəcəklər ki, efirdə vulqarzimlər işlədirlər. Sən söyülməyə alışmısan, amma mənim xətrimə dəyir, həvəsdən düşürəm.

- Elə bil, keçən dəfə Paşinyanı söyüb-yağalan bu deyildi e. Qurddan qorxan meşəyə girməz! Amma yaxşı, Sənin xətrinə o sözü dəyişərəm. Deməli, həmin o “Служебный роман. Наше время” filmi əslində film yox, videomaklatura idi. Erməni rejissor Sarik Andreasyan sovet vaxtı çəkilmiş orijinal filmdə - Eldar Ryazanovun şedevrində olan bütün ülvi hisslərin içinə... bilmirəm, necə deyim ki, vulqarizm çıxmasın. Bu gün “Служебный роман. Наше время” filmi ancaq bir məqama görə maraq doğrura bilər: Orada Novoseltsov rolunu oynayan komediant-aktyor Vladimir Zelenski indi Ukrayna prezidenti Volodımır Zelenski olub. Film çəkilən illərdə yaxın dost olduqları rejissor Sarik Andreasyanla isə bu həftə düşmən oldular. Qarabağa görə.

1. Erməninin rejissoruna da lənət, aktyoruna da...

Bu, çox maraqlı əhvalatdır, çünki ayrılıqda götürülmüş bir əlahiddə rejissorun şəxsində bütün erməniliyin mahiyyəti açılır. Deməli, Sarik Andreasyan öz instaqram səhifəsində Volodımır Zelenskiyə “Salam, Vova” sözlərilə başlayan müraciətində əvvəlcə dostluqlarını xatırladır, ardınca isə yazır:

– Dünən mən erməni uşaqlarının fosforlu bombalardan yanmış bədənlərinin şəkillərini gördüm, sonra isə məlum oldu ki, bu bombaları bizim qonşularımızla dostluğunu möhkəmlətmək üçün sən onlara satmısan. Belə görürəm ki, siz hamınız kresloya oturandan sonra *** olursunuz və bütün insanlığınız keçmişdə qalır. Mənim Kaliforniyadan tutmuş, Moskva qədər çoxlu ukraynalı dostlarım var. Amma nə mən, nə də xalqım əli qana batanlarla dostluq edə bilərik. Və bir halda ki, hal-qəziyyə belə oldu, onda demək isrəyirəm ki, Krım bizimdir!”
Vüsal Məmmədov Report Media Məktəbində: “Tanınmış imza özü bir iş yeridir”

Bu məktub çox maraqlı nümunədir. Bir instaqram postu ilə erməni xalqının və onun ayrı-ayrı fərdlərinin xarakteri, düşüncə tərzi ortaya qoyulur. Birincisi, Andreasyan deyir ki, erməni uşaqların fosforlu bombadan yanan bədənlərinin şəklini görüb. Yalanın həyasızlığına baxın. Azərbaycan bir həftədir erməni tərəfi fosforlu bombalardan istifadəyə görə ittiham edir, ortaya tonlarla fakt, sübut, dəlil qoyub, amma siz onların tanmadan danışdıqlarına baxın.
İkincisi, heç bir fakt, sübut, dəlil olmadan Ukraynanı Azərbaycana fosforlu bomba satmaqda ittiham edir.
Üçüncüsü, Sarik Andreasyan “Krım bizimdir” deməklə erməniliyin bütün mahiyyətini və xasiyyətini açıb göstərir: Nə olursa-olsun, ermənilər fürsət tapan kimi kiminsə torpağını özlərininki elan edəcəklər.

Demə Qoq:
- Mən bir şeyi başa düşmədim e. “Krım bizimdir” – yəni kimindir? Ermənilərin, yoxsa, rusların? Yəni bu vələdüzzina rejissor özünü rus sayır, ya erməni?!

Söhbət rejissordan getdiyi üçün, icazənizlə, mən bu sualın cavabını kino ilə vermək istərdim. Daha doğrusu, kinodan bir parça ilə.
"- Mən alman deyiləm, Mixaylo. Mən italyan da deyiləm...
- Sən ancaq alçaqsan!!!"

Erməni olmaq – millət deyil, xislətdir. Biz heç bir millətə qarşı deyilik, amma bu xislətə qarşıyıq. Zelenskinin özü də Sarik Andreasyana verdiyi babat cavabda həmin xislətin bəzi məqamlarına toxunub.

– Biz gözəl bilirik ki, bu cür informasiyaları kim dövriyyəyə buraxır. Bütün bunlara qarşı artıq immunitetimiz formalaşıb. Bu təbliğat da sərhəd tanımayan COVİD kimi xain, vicdansız düşməndir. Ona görə, məlum propaqandadan qorunmaq üçün əllərinizi tez-tez yuyun.

Demə Qoq:
- Bir dəqiqə. Əşşi, siz məni lap gic elədiniz e. İndi Zelenski bu sözləri hansı propoqandanın haqqında deyib: Rus, yoxsa erməni propoqndası?
- Dedik axı, ermənilik millət deyil, xislətdir.
- Pah. İndi sən belə hazırcavab oğlansan da?! Onda de görüm, niyə özümüzün Elman müəllim Nəsirlimiz deyəndə ki, koronovirus ermənilərin müttəfiqidir, hamı onunla məzələnirdi, amma eyni şeyi Zelenski deyəndə, xoşunuza gəlir?! Bəs, bu nə xislətdir belə?!
- .... Mən təslim.

2. Çobanları vur, qoyunlar dağılsın

Zelenski öz müraciətində erməniləri feyk yaymamağa səsləyirdi. Bu, təxminən ona oxşayır ki, məsələn, uran izotopunu radiasiya yaymamağa çağırasan. Ermənilərin feyk yayması radioaktiv maddənin radiasiya yayması kimi bir şeydir, yəni bu, onların mövcudluğunun təbii halıdır. Bu həftə də eyni vəziyyət davam etdi. Deyəsən, onlar döyüş meydanında uduzmalarını informasiya meydanında kompensasiya etməyə çalışırlar. Fakt budur ki, həftə ərzində Azərbaycan Ordusu düşmənin yüksək rütbəli hərbçilərini bir-bir dənləyib. Dənlənənlərin arasında nə adlar var, nə adlar!..
- Qarabağdakı cinayətkar rejimin “müdafiə naziri” Cəlal Arutyunyan
- Onun müavini, polkovnik Artur Sarkisyan
- Polkovnik, ermənilərin “milli qəhrəman”ı Sergey Şakaryan
- Dünən onların yanına göndərilən 3-cü motoatıcı alayın komandiri polkovnik Qor İşxanyan...

Onlarla belə adlar saymaq olar. Belə sərrast zərbələr nədən xəbər verir? Əvvəla, bizim kəşfiyyatın sözün həqiqi mənasında qüdrətindən. Bu qədər vəzifəli şəxsi bir-bir müəyyənləşdirib, yerini dəqiqləşdirib, məhv etmək asan deyil.
İkincisi, bizim hərbçilərimiz maraqlı taktika seçiblər: Onlar çobanları aradan götürürlər ki, qoyunlar başlı-başına qalsın. Düşmən zabitlərinin aradan götürülməsi orduda nizamsızlıq, hərc-mərclik yaradır. Bir polkovnikin yetişməsi üçün illərlə vaxt lazımdır, erməni ordusunda polkovniklərin sayı isə məhdudur axı... Yetişdirməyə də vaxtları yoxdur.

Demə Qoq:
- Bayaq o qədər ad saydın, bəs o qondarma prezident Araik Arutunyanı niyə demədin?
- Ölüb, status yazan hərbi cinayətkarı deyirsən?
- Oksimaron guppullatmaq vaxtı deyil. Araik ölüb, ya ölməyib?!
- Mən hardan bilim? Ona görə də, təklif edirəm ki, rəhmətliklə bir skayp əlaqəsi yaratmağa çalışaq.
- Bəlkə ölüb?
- Onda gəl, belə edək də: Araikin ruhu ilə skayp əlaqəsi yaradaq. Əgər ölübsə də, ruhu danışa bilər, qalıbsa da.
- Bəs sən ateist deyildin? Ateistlər ruhlara inanmırlar axı.
- Eeeehhh... Ürəyimi çəkdin e. Mən xalqımın düşmənlərinin ruhu ilə danışmaq üçün istənilən dini qəbul etməyə hazıram.
- Bax, indi xoşuma gəldin.
- Elə isə, gəl, Araikin ruhu ilə skype əlaqəsi yaradaq.
- Ruhlar skype ilə danışmırlar axı. Sən spiritizm seansı qura bilərsən.
- Offfff... Yaxşı. Ver gəlsin o spiritizmi!

3. “Dəbərişməz də, veribdir deyəsən can, ölüb əəə!”

Dünyada müxtəlif vəzifələr olur – kiçik, böyük, mənalı, mənasız, hörmətli, urvatsız... Amma “Artsax” adlanan oyuncaq qurumun prezidenti olmaqdan daha axmaq bir vəzifə təsəvvür etmək mümkün deyil. Ad və status çox əllamə işdir. Məsələn, Hüqo yazıçıdır. Feysbukda boş-boş statusları ilə tanıdığımız 3-4 nəfər var, onlar da yazçıdırlar. Belə çıxır ki, bunlar Hüqo ilə eyni işi görürlər. Tramp, məsələn, prezidentdir.

Demə Qoq:
- Əminsən?

İmkan ver, verilişimizi aparaq. Tutaq ki, Tramp yenə prezidentdir. Amma belə çıxır ki, Araik Arutyunyan da prezidentdir və Trampla həmkadır?! Çox əcaib vəziyyət alınır.

Araik:
- Ölənlərin dalınca ancaq yaxşı sözlər danışmaq lazımdır...
- Oy... Burada imişsiniz? Bağışlayın. Yəni, öldüyünüzü etiraf edirsiniz?
- Yox. Mən ruham. Ruhlar ölmür.
- Tamam. Siz Araikin ruhusunuz. Amma Araikin ruhu Araikin bədənində deyilsə, buradan belə çıxmırmı ki, Araik hazırda ölüdür?
- Sənə məntiq öyrədən müəllimin sillogizminə timsah əsnəsin. Ruh bədəndən çıxıbsa, bu, o demək deyil ki, insan ölüb. Qədim bir erməni mahnısında belə sözlər var: “Ruhum bədəndən oynar, yadıma sən düşəndə...”
- Bu mahnının kimin olması haqda sizinlə mübahisə edə bilərəm, amma qalsın. Demişdiniz ki, Şuşa alınsa, başınıza bir güllə çaxaqsınız...
- Nə bilirsiniz ki, çaxmamışam?
- Yəni Şuşa alınıb?
- Deməyəcəyəm! Qalın belə! Ağlınıza gələni yazın, danışın, bir-birini çaşdırın...
- Çox üzr isəyirəm, söhbət ki, bu tərəfə döndü, mən mütləq bir haşiyə çıxmalıyam, sonra təzədən sizinlə müsahibəyə qayıdacağıq. Lütfən, xəttdir, spiritizm seansıdır-nədir, orada qalın.

4. “Qoynuna girməyə qalmışdı bir az...”

Son 3 həftədə biz sosial şəbəkədə Şuşanı azı 3 dəfə almışıq. Hələ 2 həftə bundan əvvəl sosial şəbəkə bəzənib-düzənib, oturub dövlət başçısından 18 oktyabr münasibətilə Şuşa tviti gözləyirdi. Qəribə vəziyyətdir. Sanki Şuşa bazarda satılan bir şeydir, gedib 1 kilo almaq tələb olunur. Bir həftə əvvəl Araik Arutunyan Azərbaycan Ordusunun Şuşanın 5 kilometrliyində olduğunu deyəndə sosial şəbəkənin Azərbaycan seqmentində zəlzələ qopdu. Baxmayaraq ki, savaş başlayan gündən əksəriyyətimiz düşmən tərəfin xəbərlərinə inanmamağa və tirajlamamağa çağırırıq, elə bunu deyənlər də həmin xəbəri yaymağa başladılar. Nəticədə suallar çıxır: Yaxşı bir həftə keçib. Nə oldu, Azərbaycan Ordusu 5 kilometri bir həftəyə adlaya bilmir?! Yoxsa, geri oturdulub, nədir?! Ümumiyyətlə, indi haradayıq?!

Demə Qoq:
- Düzdür də, camaat haqlıdır. Bilmək istəyirlər ki, Ordumuz indi haradadır. Bunu bilmək onların haqqıdır. Əsgərimizə görə nigarandırlar. Qələbə xəbəri eşitmək istəyirlər. Yenə köhnə xasiyyətinə qayıdırsan a! Belə eləsən, çomağın o biri üzünü çevrirəcəyəm!

Əsəbləşmə. Ordumuz indi haradadır? Ali Baş Komandanın dediyi yerdə. Axırıncı tvitində haranı qeyd edibsə, orada. Ya buna inanıb, əsas qəbul eləməliyik, ya da iki variant var.
1) “Tanış MAXE zəng eləmişdi, dedi ki, Şuşaya artıq 5 dəfə girib-çıxmışıq”. Elə bil ki, Şuşa – Kürdəmirdə yolun üstündəki “Bığ” kafesidir, harasa gedəndə yolüstü girib, bir çay içib, sonra səfərimizə davam edirik. Karantin günlərinin votsap kəmalələrini indi müharibə dövrünün tanış MAXE-ləri əvəz edib.
2) Ya da gərək erməni mənbələrinə inanaq. Məsələn, ötən həftə Araik dedi, biz də ağılsız uşaq kimi inandıq. İndi də soruşuruq ki, bir həftə əvvəl Şuşanın 5 kilometrliyində olan Ordumuz haradadır? Bəlkə, Araikin özündən xahiş edək, bir gps-lokasiya da göndərsin?

Demə Qoq:
- Sadə dildə desək, konum atsın

Araik Arutyunyan:
- Sizin Ordunuz Taqavardın yaxınlığındadır.

Sən hələ dayan görək. Səninlə söhbətə birazdan qayıdacağıq. “Taqavard” imiş... Yox bir. Cəhənəmə gedəcək o adların hamısı!
Səməd Vurğun Şuşa şeirində “Qoynuna girməyə qalmışdı bir az, ürək fərəhlənib, eylədi pərvaz” yazanda bizim bu gün sosial şəbəkədə elədiyimiz pərvazı nəzərdə tutmamışdı. Bizim davranışımız prosesin bütün mahiyyətinə kölgə salır və təhrif olunmuş mənzərə yaranır. Məsələn, oktyabrın 18-i, bayram günü böyük mənəvi önəm daşıyan hadisə - Xudafərinin azadlığı elan olunanda bu, sosial şəbəkədə tam adekvat qarşılanmadı, çünki gözləntilər tamamilə əsassız yerə Şuşaya köklənmişdi. Və bəziləri sanki sevgilisindən gözlədiyi hədiyyəni ala bilməyən gənc qızın reaksiyasını verdilər: “Mənim ad günümdür, sənsə ancaq bunu almısan?!”
İndi eyni gözləntilər 9 noyabrla bağlı yaradılır ki, bu da yanlışdır. Biz bilmirik noyabrın 9-na qədər nə olacaq, necə olacaq. İnanırıq ki, gözəl xəbərlər alacağıq. Amma Müharibə təqvimdəki bayram günlərinə əsasən aparılmır. Azad edilən ərazilər şəhərlərlə, hətta kəndlərlə yox, qarışlarla ölçülməlidir, qarışlarla! Əgər Ali Baş Komandan axşam “Daha bir qarış torpağımız düşməndən azad edildi” yazsa belə, bu da çox böyük hadisədir. Ərazilərimizin azadlığı haqda xəbərlərə “Daha kənd ləzzət eləmir, rayon gəlsin” şəklində reaksiya vermək Vətən sevgisinin “kabab üstdən sərin su pis olmaz deyən kimi” xarakterindən xəbər verir.
Şuşanı lap 1 saata da almaq olar. Azərbaycan Ordusunun bütün gücü ora yönəldib, 1 saatlıq əməliyyatdan sonra Şuşanı götürərik. Tamamilə mümkündür. Amma belə əməliyyat lazımdırmı? Hərbi tarixçilər indiyə qədər mübahisə edirlər ki, Berlini qısa vaxtda tutmaq üçün 100 min insanı ölümə vermək lazım idimi? Özü də onlar Avropanın yarısını ayaqlayıb, sona qədər gələn, tezliklə ailələrinə qovuşmaq arzusula yaşayan köhnə əsgərlər idilər.
Şuşa xəbəri üçün tələsmək kimi, eyni qaydada, alınan kəndlərin adını, sayını məzə obyektinə çevirmək də düzgün deyil.

Demə Qoq:
- Sən də hər şeyə mız qoyma da! Kəndlərin adları ilə heç kim məzələnmir. Bu, sadəcə, xoş bir zarafatdır ki, nə oldu axı, niyə Cəbrayılın kəndləri qutarmır? Ürəyimiz üzüldü...

- Əlbəttə, bu xoş zarafatdır, ayrı cür ola da bilməz. Heç bir azərbaycanlı heç vaxt pis niyyətlə bu mövzuya toxunmaz. Amma əvvəla, bu zarafata bir də əsgərimizin bucağından baxaq. Təsəvvür elə, öz qanınla, şəhid dostlarının canıyla Cəbrayılın kəndini azad edirsən, arxa cəbhədə isə həmvətənlərin Cəbraylın kəndlərinin niyə bu qədər çox olması və qurtarmaması haqda statuslar yazır, memlər düzəldirlər. Gülməli gələrmi? Nəsə inanmaq istəmirəm.
İkincisi, bu xoş zarafatlar vaxt keçdikcə bizdən asılı olmayan səbəblərdən naxoş mövzulara çevrilirlər. Ona görə də, ən yaxşısı bu olar ki, hətta xoş niyyətlə də olsa, torpaqlarımızın azad edilməsi mövzusunu zarafata çevirmədən, hər kəndin alınmasnı bayram kimi qeyd edək. Axı, bizim həyatımızda bir də başqa belə dövr olmayacaq. Niyə onun sevincini tam yaşamayaq ki?! Şuşaya bayraq isə mütləq sancılacaq, bu söz Ali Baş Komandanın dilindən çıxıbsa, başqa cür ola bilməz.

Araik Arutyunyan:
- Soğan olsun, nağd olsun. Siz bayrağınızı hələ nə vaxtsa ora taxacaqsınız, mən isə elə indidən özüm üçün Şuşa səmasında fırlanıram...
- Oy... Başımız söhbətə qarışıb, bu gorbagor yaddan çıxıb. Gəlin, skype... üzr istəyirəm, spritizm seansına davam edək.

5. Paradise lost

Araik:
- Niyə mənə “gorbagor” dediniz? Mənim öz müqəddəratımı təyin etmək haqqım pozuldu! Bütün dünya bu məsələyə müdaxilə etməlidir.
- Bəs nə deyim, “rəhmətlik” deyim?!
- Yox e, o mənada yox. Bəyəm mən ölmüşəm ki?
- Bəs nə eləmisən?
- O biri dünyaya taktiki geri çəkilmişəm.
- Doğrudan, bu, nə adətdir sizdə? Uduzursunuz – deyin, uduzuruq. İtirirsiniz – deyin itiririk. Gəbərmisiniz – deyin gəbərmişik. “Taktiki geri çəkilmək” nədir?
- Taktiki geri çəilmək odur ki, məsələn, gedib girirsən qonşunun bağına. Sonra o gəlib, səni qovur. Sən də oradan çıxırsan, amma fikrində saxlayırsan ki, nə vaxt qonşunun təzədən başı qarışsa, toydan-yasdan düşsə, təzədən gedib girəcəyəm ora. Yəni çıxırsan, amma əl çəkmirsən. Biz də Qarabağdan heç vaxt əl çəkməyəcəyik.
- Deməli, əlsiz qalacaqsınız. Yeri gəlmişkən, Şuşadan 5 kilometr aralı söhbəti nə idi sizin o sonuncu videomüraciətdə?
- Bilmirəm. Biz özbaşına deyilik ki, nəyi demək lazımdırsa, onu da deyirik. Kimlərisə tərpətmək üçün idi, onlar da tərpənmədilər.
- Araik, daha doğrusu, Araikin ruhu, o biri dünyada Cənnətdəsən, yoxsa Cəhənnəmdə?..
- Ara... (ağlayır) Cənnət Artsax idi. Orada Cənnətdən qovulanı burada Cənnətə buraxarlarmı səncə?!
- Sən öz bədənində deyilsən, amma feysbuk səhifəndə postlar yazılmaqda davam edir. Onları Cəhənnəmdən yazırsan?!
- Yox, ara, Cəhənnəmdə vay-fay yoxdur. Olsaydı, Cəhənnəm olmazdı ki...
- Şuşada inaqurasiya keçirməyinə peşmansanmı?!
- İt kimi!
- Dünyaya təzdən qayıda bilsən, bir də Şuşada inaqurasiya keçirərdinmi?!
- Ara, dünyaya təzədən qayıtsam, mənim orada nə itim azmışdı? Nə gəzirdim cığırda, dron məni çığırda?!
- Və son sual: Ruhların arzuları olurmu? Olursa, sənin arzun nədir?!
- Arzum odur ki, tezliklə Paşikin də ruhu mənim yanıma gəlsin, burada tək darıxıram.
- Amin!

6. Dabanyalayanın dabanınatüpürənləri

Bugünlərdə erməni mediası Qarabağdakı cinayətkar rejimin işini-gücünü atıb, qaçan qondarma məmurlarının siyahısını yayımlayır. Adlarını bir-bir saymayaq, siz indi həmin siyahını görürsünüz.
Bu köç ondan xəbər verir ki, Araikin ruhu Ezop dilində danışmağa çalışsa da, o, həqiqətən “Artsax” adlandırdıqları Cənnətdə deyil. İndi orada nə qondarma prezidentləri var, nə qondarma müdafiə nazirləri, nə onun müavini... hazırda Artsaxdakı cinayətkar rejim qabaqda gedənləri öldürülmüş sürünü xatırladır, ona görə də gündən-günə dağılışıb, pərən-pərən olurlar. Belə görünür ki, artıq Qarabağda müharibə orduların döyüşü şəklində getmir. Azərbaycan Ordusu və onun qarşısında meşədə, dağda-dərədə pərakəndə, adda-buda gizlənmiş diversant dəstələri var. Mən Cəbhə zonasında baş verənləri şərh və təhlil etməyin qəti əleyhinəyəm, bunları sadəcə, subyektiv ehtimallar kimi qəbul edin. Güman ki, Ordumuzun irəliləmə sürətinin nisbətən yavaşıması da məhz döyüşlərin xarakterinin dəyişməsilə bağlıdır. Bir var, sənin qarşında özünün mühəndis istehkamları, səngərləri, müdafiə xəttilə düşmən Ordusu durur və sən onu dağırdıb, yarıb keçirsən. Bir də var, qarşı tərəfdə təbii istehkamlarda pərakəndə şəkildə gizlənmiş, pusquda durmuş xırda düşmən dəstələrinə, əlahiddə müqavimət ocaqlarına qarşı mübarizə aparırsan. İkincisi daha çətindir, çünki gizlənmiş düşmən qruplarını tapmaq, dağınıq müqavimət ocaqlarını söndürmək vaxt aparır. Bir daha təkrarlayıram, bu, sadəcə subyektiv jurnalist ehtimalıdır.
Son günlərdə ASALA və PKK/YPG terrorçularının yeni dəstələrinin Qarabağa üz tutmaları haqqında xəbərlərin çoxalması da onu təsdiqləyir ki, artıq əks tərəfdə bizə qarşı ordu deyil, diversiya dəstələri döyüşürlər. Çünki terrorçular nizami orduların tərkibində döyüşə bilməzlər, onlar pərakəndə diversiya əməliyyatları üçün yaxşıdırlar. Yeri gəlmişkən, ermənilərin əks ittihamlarını çürüdən arqumentlərin biri də budur: Bzim tərəfdə hərbi əməliyyatları ordu aparır, ordu isə ilk növbədə nizam-intizam deməkdir, orduda başıpozuq dəstələrə yer yoxdur.
Həm döyüşlərin bu xarakteri, həm ermənilərin meşələri yandırması, fosforlu bombalardan istifadə etməsi, uşaqların, yeniyetmələrin, qocaların döyüşə göndərilməsi, onu göstərir ki, artıq erməni silahlı qüvvələri Qarabağdan təxliyə rejimindədirlər. Bütün bunlar savaşan tərəfin əzmi yox, uduzan tərəfin isteriyasıdır. Sadəcə, hər şeyin məntiqi sonluğunu gözləmək qalır. Möhkəm olun!

Azvision.az




Teqlər: AzVision   Real-TV  





Xəbər lenti