Vətən Müharibəsi Qəhrəmanı: “Əsir düşməmək üçün yanan tanka girib qapını bağladım” - FOTOLAR

 Vətən Müharibəsi Qəhrəmanı:  “Əsir düşməmək üçün yanan tanka girib qapını bağladım” -  FOTOLAR
  28 Dekabr 2020    Oxunub:38715
44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri də Azər Abdullazadə Rizvan oğludur. O, 2001-ci ildə Tərtər rayonunun Cəmilli kəndində anadan olub. 2018-ci ilin aprel ayında hərbi xidmətə yollanıb. Bakıda N saylı hərbi hissədə xidmət edib. Təxris olunmağına 3 gün qalmış orduda qalaraq Ermənistana qarşı əks-hücum əməliyyatlarında iştirak edib, 2 dəfə yaralanıb.
Əsgər Azər Abdullazadə Vətən müharibəsində göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” medalı ilə təltif olunub.

İxtisasca atıcı tankçı olan A.Abdullazadə 44 günlük döyüşlərlə bağlı təəssüratlarını Azvision.az -la bölüşüb.

Cəsur əsgər bildirib ki, ilk dəfə sentyabrın 30-da Füzuli istiqamətində yaralanıb:

“Sentyabrın 27-si müharibə başlayanda biz Bakıdan cəbhəyə yollandıq. Cəbhədə yerləşdik. Tanklara mərmiləri yüklədik və sentyabrın 30-da Füzulinin Alxanlı kəndi istiqamətində döyüşlərə başladıq. Yanımıza mərmi düşəndə qəlpələri burnumun üstünü və sol tərəf gicgahımı yaralamışdı. Hospitala apardılar, bir gün qaldım, həkimlər icazə verməsə də yoldaşlarımı tək qoymamaq üçün yenidən döyüşlərə qatıldım. Yenə Füzuli istiqamətində döyüşlərdə oldum, bir sıra kəndləri azad etdik”.



Oktyabrın 3-dən sonra Cəbrayıl istiqamətində döyüşlərə qoşulan Azər orada çox sayda düşmənin hərbi texnikalarını məhv etdiyini və qənimət götürdüyünü deyib.

“Cəbrayıl istiqamətində döyüşlərdə düşmənin şəxsi heyətini vurmuşdum, 25 ermənini məhv etmişdim. 1 tank, 1 KAMAZ, 2 UAZ və hərbi hissəni vurmuşam. Bir ədəd MT BTR hərbi qənimət götürmüşəm. Qızğın döyüşlər davam edirdi. Hər kəs ruh yüksəkliyi ilə döyüşürdü. Biz irəlilədikcə, erməniləri, texnikalarını məhv etdikcə, qənimət götürdükcə, daha da həvəslənirdik, ancaq irəli getməyə çalışırdıq. Cəbrayıl rayonunu demək olar ki, azad edib, Qubadlı istiqamətində irəliləyirdik”.



A.Abdullazadə oktyabrın 11-də Cəbrayılda gedən döyüşlər zamanı ikinci dəfə ağır yaralanıb.

“Bizim tankı vurdular. Tankın içərisini alov bürüdü, qəlpələr yayıldı. Həmin vaxtı tank komandiri, leytenant Nağıyev Murad Mail oğlu şəhid oldu, mən və sürücü Elsevər Hümbətli isə yaralandıq. Alov və qəlpələrdən gözlərim tutuldu, hər yan alov olduğu üçün paltarım yandı. Həmin vaxtı gözümün biri çıxmışdı, digər gözüm yerində idi. Gözümü sildim, amma aça bilmədim. Əlimlə araladım, işığı gördüm. Tank alışıb yanırdı. Gördüm ki, tank komandiri şəhid olub. Tankın qapağını açdım ki, çölə çıxım. Amma çöldə atışma davam edirdi. Fikirləşdim ki, tankdan çıxana qədər ya minaya tullanacam, ya əsir götürəcəklər, ya da məni vuracaqlar. Yenidən tankın içərisinə girib qapını bağladım. Silahım ayağımın altında idi, onu hazır vəziyyətə gətirdim ki, əsir düşməmək üçün özümü atım. Özümü vurmaq istəyirdim ki, tank yenidən hərəkət etdi. Bir az gözlədim, sonra tankın yuxarıdan qapısı döyüldü və kimsə qışqırırdı ki, “aç”. Sürücüm mexanik yüngül yaralanmışdı. Məni alovun içərisindən çıxarıb yerə atdı. Yandığım üçün başıma qədər üstümü torpaqladı. Sonra məni tankın altına çəkib, yenidən tank komandirini çıxarmağa getdi. Həmin an huşum gedib, özümdə olmamışam. Ayılanda məni sürüyə-sürüyə aparırdı ki, maşına mindirsin. Dedim ki, sürümə məni, qolumdan tut gedəcəm. Bir qədər getdim. Ayaqlarımı hiss etmədiyim üçün yenidən yıxıldım. Məni bir az da aparandan sonra maşına mindirib, Füzuli rayon hərbi hospitalına gətirdilər. Orada cərrah, polkovnik Elçin Abdullayev məni əməliyyat etdi.



Həmin günü Bakıya hərbi hospitala göndərdilər. Yenidən əməliyyat olundum. Vəziyyətim pis olduğu üçün məni aparata bağlamışdılar, yaddaşım özümdə deyildi. Özümə gələndən sonra məni özəl hospitala göndərdilər. Göz həkimi Anar Rəhimovun rəhbərliyi altında hər iki gözüm əməliyyat olundu. Daha sonra başımdan əməliyyat olundum, başımda, üzümdə olan qəlpələr təmizləndi. Burnumun yuxarı hissəsindən qəlpə girib damağıma batıb, dişlərimi qırmışdı. Həmin qəlpəni çıxarıb dişlərimi düzəltdilər. Sağ qoluma girən qəlpə də çıxarıldı. Bu müddətə qədər gözüm görmürdü. Bir gözüm tamamilə tutulub. Digər gözümü əməliyyat etdilər, müalicələr aldım. Tədricən gözüm açıldı. Amma zəif görürəm. Özümə gələndən sonra rayona gedib, evdəkilərlə görüşdüm, sonra yenidən xəstəxanaya qayıtdım. Növbəti dəfə əməliyyat olunacağam. Üzümdə və başımda qalan qəlpələr çıxarılacaq. Gözümdə də qəlpə qalıb və həkim bildirib ki, onun dediklərinə əməl etməsəm, qəlpə görən gözün ortbitinə düşəcək və gözüm görməyə bilər”.



Təkcə Azər deyil, onun atası, əmisi də Qarabağ müharibəsinin iştirakçıları olub. Onlar Birinci Qarabağ savaşında qəhrəmancasına vuruşublar.

“Döyüşlər başlayanda hər birimiz qarışımıza məqsəd qoyduq ki, dayanmaq olmayacaq. Hamı bir nəfər kimi son nəfəsinə qədər döyüşəcək. Mənim bir əmim 1993-cü ildə leytenant həkim Natiq Abdullayev Alıbəyli istiqamətində şəhid olub. Mən də söz vermişdim ki, əmim və şəhidlərin qisasını alacağam. Biz onların qanını yerdə qoymadıq. Atam da I qrup əlildir, 1992-1993-cü illərdə müharibədə tankçı kimi iştirak edib, yaralanıb. Vətən müharibəsində mənimlə yanaşı, qardaşım, bacımın yoldaşları da döyüşlərdə iştirak ediblər.



Düşmən Azərbaycan Ordusunun qarşısında dayana bilmirdi. Bir az bizimlə döyüşürdülər, görürdülər ki, tab gətirə bilməyəcəklər, texnikanı, silahı qoyub qaçırdılar. Biz hamımız bir nəfər kimi deyirdik ki, torpaqları alacağıq. Başqa variant ola bilməzdi”.

Qazi A.Abdullazadə Qələbə xəbərini necə alması və medalla təltif olunması barədə də danışıb.

“Qələbə xəbərini mənə tibb bacısı dedi. Yuxudan oyatdı ki, Vətən müharibəsi bizim qələbəmizlə başa çatdı. Televizoru açdım ki, Prezident çıxış edir, qələbəmizi elan edir. Bu elə bir an idi ki, sözlə ifadə etmək mümkün deyil. Ali Baş Komandan, Ordumuz sağ olsun. Allah şəhidlərimizə rəhmət etsin, yaralı qazilərimiz tezliklə sağalsın. Biz gözəl bir tarixi yaşadıq və sevincliyəm ki, bu tarixdə mən də oldum. Daha sonra Prezident tərəfindən ali medalla təltif olundum. Ali Baş Komandana təşəkkür edirəm. Bu, çox qürurverici hadisədir”.

Sonda qəhrəman döyüşçü son nəfəsinə kimi Vətənə layiqincə xidmət etməyə hazır olduğunu sözlərinə əlavə edib.















Aytən Zəhra
Azvision.az


Teqlər: Qarabağ   Tankçı   Qazi  





Xəbər lenti