“Çənəsi qopub sallansa da, 3 gün belə vəziyyətdə döyüşüb” - FOTOLAR

 “Çənəsi qopub sallansa da, 3 gün belə vəziyyətdə döyüşüb” -  FOTOLAR
  29 Dekabr 2020    Oxunub:98721
44 günlük Vətən müharibəsi bitsə də, əldə etdiyimiz qələbələrdə müstəsna rolu olan qəhrəmanlarımız haqqında hər gün yeni məlumatlar yayılır. İkinci Qarabağ savaşının elə qəhrəmanları da oldu ki, onlar kulisdə qalırdılar, sadəcə öz işlərinin öhdəsindən peşəkarcasına gələrək əsgər və zabitərimizin həyatlarını xilas edirdilər. Bunlar gecə-gündüz yorulmadan çalışan həkimlərimiz idi.
Qəhrəman həkimlərdən biri üz-çənə cərrahı Vüqar Qurbanovdur.

O, Qarabağ savaşında yaralı hərbçilərimizə göstərdiyi tibbi xidmətlərlə bağlı Azvision.az-a danışıb.

Həkim deyir: “Hər kəsin yaralı halda döyüşməsinə görə mətbuatdan və sosial şəbəkələrdən tanıdığı Şuşa fatehlərindən olan Elvin Məmmədov mənim də yaxından tanıdığım qəhrəmanımdır. O göstərdiyi qəhrəmanlıqlara görə artıq medalla təltif olunub. Xüsusi Təyinatlı Qüvvələrin cəsur hərbçisi olan bu igidimiz Şuşada 3 gün yaralı halda qalsa da, ağır döyüşlərə davam edib. Mən özümü xoşbəxt hiss edirəm ki, belə oğullara xidmət etmişəm. Onlarla belə igid, qəhrəman dost qazandıq”.



Vüqar Qurbanov XTQ-nin İkinci Qarabağ müharibəsində qəhrəman hərbçilərindən olan Elvin Məmmədova göstərdiyi tibbi yardımdan söz açaraq bildirib:

“Xatırlayıram ki, noyabrın 8-i idi. Füzulidə ağır gecə keçirmişdik. Səhərə yaxın yuxuya getmişdim və saat 9-a 10 dəqiqə işləmiş zəng etdilər ki, ağır xəstə var, gəlməyiniz məsləhətdir. Yorğunluq və sözün həqiqi mənasında bitkinlikdən zəng edən həkimə dedim ki, xahiş edirəm, ağır yaralını Bakıya göndərin, artıq mənim gücüm qalmayıb. 10 dəqiqə keçmişdi ki, həkim Bəhruz Rüstəmov zəng etdi. Dedi doktor, çox xahiş edirəm, gəl bu xəstəni də əməliyyat elə.

Qeyd edim ki, Bəhruz həkimin Xüsusi Təyinatlı Qüvvələrə xüsusi qayğısı var idi. Hətta dedi ki, bu elə belə oğlan deyil, mənim xətrimə onu təcili əməliyyat edərsən. Çox keçmədi ki, komandirimiz Oktay Mehdiyev də təcili zəng etdi. O da bildirdi ki, Vüqar imkanın varsa, burada hər cürə şərait hazırlanıb, gəlib əməliyyata başlaya bilərsən. Onu da deyim ki, həqiqətən Oktay Mehdiyev heç vaxt qəti əmr vermirdi ki, bu iş həll olunmalıdır, vəssalam. O, hər zaman “imkanın varsa, yorğun deyilsənsə” deyirdi.



Qısası hədsiz dərəcədə əzgin və yorğun halda tez Kompüter Tomoqrafiyası otağına getdim. KT-nin nəticələrinə baxdıqda çənə sümüyünün hər iki bucaq nahiyəsində qəlpəli sınıq, açıq yaralar gördüm. Xəstəni görmədən travmanın ağır olduğunu anladım, hardasa tək olduğum üçün yenə də yaralını Bakıya göndərmək qərarında idim. Daha sonra xəstəni şok otağında görəndə özüm də şoka düşdüm. Çox rahat şəkildə danışırdı ki, artıq 3 gündür bu vəziyyətdə döyüşür. “Çənəm sallanır, qanaxmayla gəzirəm. Yemək isə yemirəm”, -dedi. Amma təsəvvür edin ki, çənəsi qopub sallanan XTQ qazimiz “of” belə demirdi. Bir daha əvvəlki qərarımda qaldım və özünə də dedim ki, səni Bakıya göndərirəm. Etiraz etmədi, sadəcə “doktor siz necə məsləhət bilirsinizsə, elə də olsun söylədi”. Həqiqətən də qəhrəmanım üçün çox adam gəlib oxşar sözlər deyirdi, hər kəs bir ağızdan “həkim bu elə-belə döyüşçü deyil a, əsl qəhrəmandır” söyləyirdi... Elvin Məmmədovun igidlikləri, mətinliyi və qorxmazlığından o qədər danışırdılar ki, yorğunam, taqətim qalmayıb və s. sözləri deməyə belə utanırdım. Qısası, artıq qərar verildi, əməliyyatxana üçün yer götürməli idim. Çünki cərrahi əməliyyat uzun vaxt alacaqdı. Əməliyyat tibb bacısı, yorulmayan insan Günay xanım “Həkim, mən hazıram” dedi. Anestezioloqlarımız Rəşad Nuri və Ərəstun bəy isə artıq xəstəni dəyərləndirirdilər. Sağ tərəfli çənə rekonstruksiyası əməliyyatı icra etdim və dişlər tam bərpa olundu. Beləcə xəstə tam stabil halda Bakıya təxliyə olundu. Bakıda isə digər dəyərli həkimlər qəhrəmanımızı nəzarətdə saxladılar və çənənin sol tərəfli ostoesintezini etdilər. Onlar “post op” izləməsini 1 ay etdilər. 2 ay sonra isə xəstədə üzün sağ nahiyəsində kiçik füstül olduğu üçün təkrar dəyərləndirmə apardıq və onu nəzarətə aldım. Hazırda hər şey stabildir. 6 ay sonra təkrar dəyərləndirmə aparılacaq”.

Həkim onu da qeyd edib ki, bu cür ağır əməliyyatlar böyük zəhmət və səbir tələb edir:

“Ağır döyüşlər gedən zamanı bu cür əməliyyatları öyrənmək olmazdı. Biz də çalışdıq ki, 44 gün ərzində əlimizdən gəldiyi qədər düzgün və vicdanla üz-çənə cərrahı olaraq xidmətimizi edək”.







Tural Tağıyev
Azvision.az



Teqlər: XTQ   Cərrah   Həkim   Qəhrəman   Şuşa-fatehi   Əməliyyat  





Xəbər lenti