AzVision: Ötən həftənin təhlili - VİDEO

      AzVision:    Ötən həftənin təhlili -    VİDEO
  25 Yanvar 2021    Oxunub:10868
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.


Bu həftə Azərbaycanla Türkmənistan Xəzər dənizində “Dostluq” yatağının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzaladılar. Onun əhəmiyyəti və hər iki tərəfə verəcəyi fayda son günlərdə ölkə mediasında geniş şərh olunduğundan, biz həmin məqamlara təkrar toxunmayaraq, diqqəti başqa nüanslara yönəldəcəyik.
Məsələ ondadır ki, bir azca yanlış siyasət yürüdülsə, indi “Dostluq” adlandırılan bu yataq əslində iki ölkənin arasında düşmənçiliyə də səbəb ola bilərdi. Azərbaycanla Türkmənistanın dəniz sərhədinin tən ortasında yerləşən bu struktur uzun müddət mübahisəli sayılıb. Sovet dövründə "Aralıq" adlandırılan yataq SSRİ dağıldıqdan sonra Azərbaycan tərəfindən "Kəpəz", Türkmənistan tərəfindən isə “Sərdar” kimi tanınmaqla əslində iki qonşu və dost, prezidentlərinin bir-birinə son müraciətlərini nəzərə alsaq, həm də qardaş ölkənin arasında “nifaq alması”na çevrilə bilərdi. Aşkar bildirilməsə də, vaxtilə bu mübahisə pərdə arxasında münasibətlərin soyumasına səbəb olmuşdu.
Əslində yatağın kəşfi tarixçəsini, yerləşdiyi məkanı nəzərə alanda Azərbaycanın onu birtərəfli qaydada mənimsəməyə daha çox haqqı çatardı. SSRİ dövründə - 1989-cu ildə onu kəşf edən də bizim neftçilər olublar. Amma bu məqamda artıq siyasət ilə müdrik siyasət arasındakı fərq dövrəyə girir. İki yol vardı: Yatağa görə qonşu ilə mübahisə edərək, prinsipə düşüb, onu tək mənimsəmək, yoxsa əsl qonşuluq və dostluq niyyəti ortaya qoyaraq, birlikdə işlətmək? Və bu zaman yaxşı qonşu olmağın yaratdığı digər bonuslarını da qazanmaq?
Ermənistan kimi sarsaq bir dövlət yəqin, “ancaq mənimdir” deyib, qonşusu ilə onillərlə sürən qarşıdurmaya gedərdi və yataq da işlənməmiş qalacaq, heç kimə ziyandan başqa heç bir fayda verməyəcəkdi. Amma Azərbaycan kimi ağıllı qonşusu olmağın özü də bir xoşbəxtlikdir. Biz bütün regiona, hətta dünyaya göstərdik ki, eqoist və konfliktə meyilli dövlət deyilik, sülh, dostluq, əməkdaşlıq tərəfdarıyıq, yaxşı qonşu və tərəfdaş olmağı əla bacarırıq. Nəticədə ilk dəfə Xəzərdə mübahisəli yataq probleminin onu birgə işləmək kimi gözəl, müdrik həlli tətbiq olundu. Bu, hər şeydən əlavə, bir tarixi presedentdir, onu gələcəkdə də yəqin, bənzər mübahisələrə tətbiq etmək mümkün olacaq.
Beləliklə, düzgün və müdrik qərarla Azərbaycan həm qonşu ilə yarana biləcək potensial inciklik və gərginlik riskini aradan qaldırdı, həm də gələcək vacib layihələrdə birgə işləmək üçün tərəfdaş qazandı. Dövlətimizin gələcək planları böyükdür və Türkmənistanla yaxşı tərəfdaşlıq onların həyata keçməsində həlledici rol oynaya bilər. Məsələn, Tranxəzər layihəsinin reallaşması və gələcəkdə Cənub Qaz Dəhlizini Şərqə doğru uzadılması kimi. Bütün bunlar Azərbaycanın da, Türkmənistanın da Avropanın enerji təhlükəsizliyindəki rolunu xeyli artıracaq.
Biz “Dostluq” yatağı məsələsini çözməklə təkcə yaxşı tərəfdaş yox, həm də yaxşı qonşu, dost qazanmışıq. Vətən Müharibəmiz zamanı Azərbaycanı qəti və birmənalı şəkildə dəstəkləyən qurumların – Qoşulmama Hərəkatının, Türk Əməkdaşlıq Şurasının üzvlərindən biri də Türkmənistandır. Bu təşkilatlara, orada birləşən dövlətlərə müxtəlif cür yanaşmalar ola bilər, amma onlar prinsipial məsələlərdə Prezident İlham Əliyevə aid bir ifadə ilə desək, kişi kimi dəstək verməyi və sözlərinin arxasında durmağı bacarırlar. Bu, nə deməkdir? Məsələn, AŞPA, yaxud, Avropanın digər qurumları – lap elə ATƏT,- Azərbaycanın ərazi bütövlüyünü tanıyan nə qədər sənəd qəbul ediblər, amma Azərbaycan öz ərazi bütövlüyünü bətrpa eləməyə qalxanda imzalarına hörmət qoymurlar, öz qərarlarının arxasında durmurlar. Və yaxud, elə Avropa Parlamentinin özü olsun.

* * * * *

Yanvarın 20-də Avropa Parlamenti iki ənənəvi illik sənədini qəbul etdi – “Ümumi xarici və təhlükəsizlik siyasəti”, bir də “Ümumi təhlükəsizlik və müdafiə siyasəti” haqqında. Bu sənədlərdə Azərbaycanla bağlı müsbət məqamlar da var, məsələn, Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü dəstəklənir. Hiss olunur ki, ermənipərəst dairələr nə qədər çalışsalar da, bu məsələdə heç nə edə bilməyiblər. Amma bununla yanaşı, qətnamələrdə görünür, elə həmin qüvvələrin təsirilə bəzi gecikmiş, anlaşılmaz və mənasız müddəalar da yer alıb. Məsələn, deyilir ki, regionun gələcək hüquqi statusu ATƏT-in Minsk Qrupunun çərçivəsində müəyyənləşməlidir. Deyəsən, Avropa Parlamenti Minsk qrupunun artıq anoxronizmə çevrildiyinin, status məsələsinin isə gündəlikdən birdəfəlik çıxarıldığının fərqində deyil.
Qarabadakı erməni əhalisinin və mədəni irsinin təhlükəsizliyindən danışmaq isə ikiüzlülükdür, çünki həm də bu bəhanələrin aradan qalxması üçün regiona sülhməramlılar yerləşdiriliblər.
Daha real məsələlərə münasibət bildirmək üçün Avropa Parlamenti Azərbaycan prezidentinin dəfələrlə səsləndirdiyi çağırışlara cavab verərək, işğaldan azad olunmuş ərazilərdəki erməni barbarlığına, maddi və mədəni irsimizin talanmasına münasiət bildirə bilərdi. Amma bunu etmək əvəzinə olmayan məsələdən – Türkiyənin Güney Qafqazdakı guya hansısa “dağıdıcı rolundan” danışılır. Əgər Avropa Birliyi münaqişənin həllində iştiraka gecikməsini kompensasiya etmək istəyirsə, heç olmasa bundan sonra ortaya real mövqe qoyaraq, real məsələlərə real münasibət bildirməlidir.

Bu ikiüzlü siyasət məktəbi, bu siyasi “əxlaq” Qoşulmama Hərəkatı, yaxud, Türk Şurasının, oradakı dövlətlərin davranışlarından kəskin fərqlənir. Bəli, dünya çox mürəkkəbdir, bəli, Qərb vektoru son dərəcə vacib və lazımlıdır, amma bəzən kritik anlarda məhz sözünün arxasında kişi kimi duran ölkələr və qurumlarla tərəfdaşlıq həlledici həmiyyətə malik olur. “Siyasət” deyiləndə təkcə Avropa makiavellizminin nəzərdə tutulmaması üçün buna real alternativlər də ortada olmalıdır.
Amma konkret Türkmənistanla bizim aramızda qonşuluq və tərəfdaşlıqdan başqa bir bağ da var. Yəqin, dövlət başçımızın bu sözləri sizin də diqqətinizi çəkib:
- Bu gün imzalanma prosesini müşahidə edərək düşündüm ki, əcdadlarımız bugünkü mərasimi görsəydilər, yəqin ki, şad olardılar. Necə deyərlər, onların ruhu şaddır. Onlar bizə görə, iki qardaş xalqın əl-ələ, çiyin-çiyinə birlikdə inamla irəliləməsinə, bir-birini dəstəkləməsinə, öz xalqlarının gələcəyi naminə əməkdaşlıq etməsinə, bununla da ölkələrimizin hələ illər boyu, onilliklər boyu davamlı inkişafını təmin etmələrinə görə qürur duyardılar.

Çox maraqlı nüansdir. Bəli, Türkiyə, Azərbaycan, Türkmənistan – biz oğuz türkləriyik, əcdadlarımız da eynidir. Bu torpaqların da hamısı vaxtilə oğuz türkləri olan əcadlarımızın qurduqları böyük dövlətin ərazisi olublar. Oğuz Xaqandan Səlcuq bəyə qədər və daha sonra fəxr edəcəyimiz xeyli ortaq babalarımız var. Cənab prezident bunların hansını, hansı tarixi mərhələdəki əcdadları nəzərədə tuturdu – demək çətindir, amma onun bu məqamı qabartması çox böyük anlam daşıyırdı. Çünki müasir dünya siyasətinin oyun qaydaları şəraitində Tarix bizi bir araya gətirə bilmirsə, əvəzində bunu iqtisadiyyatla ediriksə, fərqi yoxdur, bu da uğurdur. Eyni zamanda, bu sözləri cənab prezientin özünün də tarixi köklərə nə qədər bağlı bir insan olduğunu göstərirdi. O, bizim ortaq köklərimizin olmasının həm də müasir dünyada rol oynamasının tərəfdarıdır:
- Bu gün ölkələrimizin həm tarixi, həm də mədəni baxımdan oxşarlığı, ortaq köklərimiz, ortaq dilimiz, ortaq dinimiz barədə danışarkən, biz, əlbəttə, bütün bu müsbət cəhətləri belə səmərəli əməkdaşlığa transformasiya etmişik. Beləliklə, bu gün biz, sadəcə, Xəzərdə bir yataq haqqında Memorandum imzalamırıq, bu gün biz münasibətlərimizin gələcək uğurlu inkişafında çox mühüm addım atırıq.

İstəsək də, istəməsək də, xoşumuza gəlsə də, gəlməsə də, ortaq köklər, ortaq din – müasir dünya siyasətində rol oynayan amillərdirlər. İstər xristian təəssübkeşliyindən, istər avrosentrizmdən və digər belə meyillərdən heç hara qaça bilmərik. Ona görə, prinsipial məqamlarda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası kimi qurumlardan tam dəstək görməyimizin ən azından, Avropa instiutlarının ikiüzlü siyasətinə alternativ ortaya qoymaq baxımından xüsusi anlamı var. Bu həftə həmin təşkilatın baş katibi Bağdad Amreyevlə söhbəti zamanı president İlham Əliyev də buna toxundu:
- 44 gün ərzində dörd dəfə Türk Şurasının Baş katibi adından rəsmi bəyanat verildi. Biz bunu, həmçinin hazırda sizin Azərbaycanda olmağınızı, işğaldan azad edilmiş ərazilərə səfər etməyinizi, eşitdiklərinizi və yəqin ki, qismən televizorda gördüklərinizi öz gözlərinizlə görməyinizi çox yüksək qiymətləndiririk. Buna görə də sizə bütün Azərbaycan xalqı adından təşəkkürümü bildirmək istərdim. Türk Şurası müharibə dövründə bizi hamıdan çox dəstəkləyən təşkilatdır.

Əcdadlarımız yəqin ki, bunu da eşitməkdən çox məmnun olardılar. Dünya sürətlə dəyişir, amma dəyişməyən bünövrə prinsiplər də olmalıdır ki, sən həmişə ona arxalana biləsən. Məlum olur ki, heç nəyə baxmayaraq, türklük bu amillərdən biri kimi öz dəyərini müasir dünyada qoruyub saxlaya bilib.

Bağdad Amreyev: - Ölkələrimiz arasında ilkin danışıqlar bizim ölkələrimizin və xalqlarımızın Azərbaycana kömək etmək əzminin çox möhkəm olmasını göstərdi. Biz hər il türk dünyasının mədəni paytaxtını elan edirik. 2022-ci ildə Şuşanın belə paytaxt elan olunmasını və mədəni xarakterli çoxlu tədbirlər keçirilməsini təklif edirik. Bu tədbirlər Şuşanın bütün türk və İslam dünyası üçün böyük mədəni əhəmiyyətini vurğulayar. Dünən biz bu məsələni xarici işlər naziri cənab Bayramovla da müzakirə etdik. Siz icazə versəniz, biz bu işə başlayarıq, 2022-ci ildə Şuşada 20-yə yaxın mədəni tədbir keçirərik. Əminik ki, o vaxta qədər Şuşa bərpa olunacaq, öz əvvəlki simasını alacaq. Biz həmişə Sizin yanınızda olmuşuq və həmişə Sizin yanınızda olacağıq.

Şuşa bu həftə Ermənistanda da diqqət mərkəzində idi, amma tamam başqa kontekstdə. Həmin ölkənin baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında bəyan etdi ki, əhalisinin 90%-i azərbaycanlılardan ibarət Şuşa heç vaxt erməni şəhəri olmayıb. Bu, unikal bir hadisədir. Tarixdə görünməmiş bir şeydir ki, hansısa erməni siyasətçi nə vaxtsa buna bənzər nəsə desin. Axı bunlar hətta Bakının belə, erməni şəhəri olduğunu iddia edən insanlardırlar. Gəncənin adını “Qandzak” deməklə, qədim erməni şəhəri olmasına eyham vururlar. Erməni təbliğatına və tarixi ideologiyasına görə, bütün Qarabağ qədim erməni torpağıdır. Və qəfildən belə bir bəyanat buludsuz səmada ildırım kimi çaxdı. Bu, təkcə Şuşa məsələsi də deyil, erməni ideologiyasının bünövrəsinin altını qazıb, yekə bir bomba qoymaqdır. Çünki istər-istəməz sual çıxır: “ermənilərin qədim torpaqlarında” əhalisinin 90%-i azərbaycanlılardan ibarət şəhər necə meydana çıxa bilərmi? Azərbaycanlılar ora göydən zənbilləmi düşdülər?! Fərqi yoxdur, vəlvələdənmi, zəlzələdənmi, amma fakt budur ki, Paşinyan parlamentdə dediyi bu sözlərlə erməni təbliğatının düz gövdəsinə ağır bir balta endirdi.

* * *

Bu həftə dünyada əsas qlobal mövzu Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenin inaqurasiyası və imzaladığı ilk sənədlər idi. Amerika prezidentlərinin inauqurasiya nitqləri böyük maraqla qarşılansa da, bir qayda olaraq, onların nə edəcəkləri, necə prezident olacaqları, hansı işləri görəcəkləri haqda heç bir məlumat vermir. Bu çıxışlar planetin ən böyük siyasi realiti-şousu olan ABŞ seçkilərinin təntənəli bağlanış nitqi funksiyasını daşıyırlar. Aşağı-yuxarı təxminən bütün prezidentlət eyni şeyi deyirlər: Amerikanı daha da güclü etməli, insanların rifahını yüksəltməli, demokratiyamızı qorumalı, düşmənlər əzməliyik və qoy, Allah Amerikanı amanında saxlasın. Bütün prezidentlərin inauqurasiya nitqində mütləq bir Şər, bir də Xeyir Qüvvə obrazı olur. Olmalıdır, çünki janrın tələbi budur. Bunsuz olmaz. Fərqi yoxdur, həmin şər qüvvə cənubdakı quldar ştatlar da ola bilər, SSRİ də, Hitler də, bin Laden də, Çin də, beynəlxalq terrorizm də… amma mütləq bir nemesis – yəni baş mənfi qəhrəman olmalıdır ki, əsas müsbət qəhrəman – seçilmiş prezident, Kapitan Amerika,- ölkəni ondan qoruyacağını bəyan etsin. Ən maraqlısı da elə budur. Bu dəfə həmin nemesis Tramp idi. Koronavirus da ola bilərdi. Amma yox, bu, o qədər də maraqlı səslənmir. Xüsusilə də, vaksinasiyanın getdiyi bir dövrdə COVİD-19 o qədər də maraqlı düşmən kimi görünmür. Seçkinin saxtalaşdırıldığı fikrindən əl çəkməyən və xələfinin inaqurasiyasına qatılmayan dördüncü preZident kimi Amerika tarixinə düşən Tramp isə başqa məsələ.

***

Baydenin imzaladığı ilk sənədlər Trampın irsinin ləğvi ilə bağlı oldu. O, inaqurasiyadan sonra dərhal Amerikanı yenidən Dünya Səhiyyə Təşkilatına və Paris İqlim Anlaşmasına qaytardı. Bundan başqa, bir neçə müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a gəlməsini yasaqlayan 2017-ci ilin miqrasiya qanununu ləğv elədi, Meksika ilə sərhəddə divarın tikintisi dayandırdı, sərhəd bölgələrində fövqəladə vəziyyəti aradan qaldırdı. Sanki Trampın bu addımları bir yuxu idi, Amerika oyandı.
Bunlardan başqa, Tramp ABŞ ilə Rusiya arasında qüvvədə olan həm beynəlxalq münasibətlərin, həm də qlobal təhlükəsizlik sisteminin əsaslarını təşkil edən bir sıra vacib müqavilələrdən də çıxmışdı. Baydenin yenidən onlara qayıdıb-qayıtmayacağı hələ bəlli deyil, amma Vaşinqton artıq Rusiyaya təklif edib ki, iki həftə sonra müddəti bitəcək Strateji Hücum Silahları haqda Müavilənin vaxtı uzadılsın. Bu, artıq Trampın Rusiyaya qarşı tətbiq etdiyi siyasətdən ilkin olaraq imtina deməkdir.
Amma işin digər tərəfi də var: Axı Tramp da vaxtında bu addımları ona göydən vəhy gəldiyi üçün yox, konkret problemlərin həli məqsədilə ölçüb-biçib, əsaslandıraraq atmışdı. Elə isə, onların ləğvi yenidən əvvəlki problemləri qaytarmayacaqmı?! Məsələn, miqrasiya qanunvericiliyi yumşaldılan kimi artıq Hondurasdan ABŞ-a böyük miqrant köçü başlayıb. Fəqət Baydenin “Amerika bu qədər miqrantla nə edəcək?!” sualına cavabı yoxdur. Halbuki Tramp hər halda, nəsə etmişdi.
Ən vacib məqamlardan biri yeni prezidentin Amerika iqtisadiyyatı üçün vəd etdiyi 1,9 trilyon dollarlıq yardım paketidir. Onun köməyilə iqtisadiyyat koronavirusun yaratdığı durğunluqdan, əhali isə sosial problemlərdən qurtulmalıdır. Trampın bütün uğurlu başlanğıclarını məhz koronavirus məhv etmişdi. Görünür, indi Bayden “COVİD-19”-u məğlub edən prezident adını qazanmaq istəyir.
* **
Hazırda dünyada əksər ekspertləri düşündürən bir neçə sual var. Baydenin dövründə Rusiya, Çin və Yaxın Şərq, o cümlədən, İran istiqamətində hansı siyasət yürüdüləcək? Güman ki, müəyyən fərqlərlə təxminən Obamanın vaxtında yürüdülənə yaxın kurs tutulacaq. Amma diqqəti çəkən başqa şeydir. Bu həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Səudiyyə Ərəbistanından olan nümayəndə heyətini qəbul etdi. Görüşdən məlum olurdu ki, Moskva Yaxın Şərqə nüfuzunu və siyasi mövcudluğu artlırmaq, daha əhəMiyyətli oyunçuya çevrilmək istəyir. Səudiyyə və daha üç ərəb ölkəsinin Qatarla barışmasına nail olandan sonra Moskva indi də onların İranla münasibətlərini istiləşdirməyə çalışır. Güman ki, bu istiqamətdə Türkiyə ilə birgə strategiya qurulacaq. Yəni Güney Qafqazdan sonra Yaxın Şərqdə də Rusiya-Türkiyə geosiyasi alyansının aparıcı oyunçuya çevirmək üçün addımlar atılır. Hərçənd, Yaxı Şərqdə bu, çox çətin missiyadır və onun nəticələri həm də Bayden administrasiyasının seçəcəyi İran siyasətindən asılıdır. 2015-ci ildə İranla Nüvə anlaşmasının imzalanması Obamanın əsas nailiyyətlərindən biri idi. Amma Tramp 2018-də onu tərk və Tehrana sanksiyaları bərpa etdi. Bayden yenidən anlaşmaya qayıtmaqla, Yaxın Şərqdəki vəziyyətə xeyli təsir edə, o cümlədən, Rusiya-Türkiyə geosiyasi alyansının planlarını poza bilər, amma güman ki, bu, tezliklə olmayacaq. Çünki səslənən ilkin bəyanatlardan belə görünür ki, bu dəfə İsrailin və ABŞ-ın müttəfiqi olan ərəb dövlətlərinin rəyləri də nəzərə alınmalıdır.
Bundan vacibi isə Çin məsələsidir. Bunun Amerika siyasətində nə demək olduğunu belə bir məzəli misalla izah edək. “Netflix”in “Sevgi, ölüm, robotlar” adlı məşhur animasiya layihəsi var. Serialın epizodlarından biri belə adlanır: “Qatıq necə hakimiyyətə gəldi”. Ssenariyə görə, eksperimentlər zamanı qatığa müxtəlif bakteriyalar əlavə edəndə o, mutasiyaya uğrayır və şüuru yaranır. Şüurlu qatıq Amerika hökumətinə təklif edir ki, Ohayo ştatını ona versələr, Amerikanı dünyanın ən güclü dövlətinə çevirəcək.
Niyə məhz Ohayo? Çünki bu, tərəddüd edən ştatlar qrupuna daxildir və hər seçkidə məhz bu ştatın kimə səs verəcəyi həlledici olur. Əvvəlki seçkidə Tramp, bu seçkidə Bayden məhz Ohayoda qalib gələndən sonra seçkinin taleyi aydınlaşmışdı.
Nə başınızı ağrıdım, Amerika hökuməti şüurlu qatığın təklifinə “yox” deyəndə onun cavabı belə olur: Onda mən öz xidmətimi Çinə təklif edəcəyəm. Bunu eşidəndə dərhal razılaşır və Ohayo ştatını ona verirlər.
Alleqoriya yəqin ki, aydındır, şüurlu qatığın nəyə, yaxid kimə işarə olduğunu analamaq da çətin deyil. Amma buradan həm də o anlaşılır ki, Çin mövzusu hazırda Amerika üçün nə qədər önəmlidir – ölkənin taleyini qatığa tapşıracaq qədər.
Baydenin vaxtında da məhz bu istiqamətdə heç bir yumşalma gözlənilmir. Amma Trampın dövründəkindən fərqli olaraq, yeni administrasiya bunu əlində balta ilə yox, daha incə və təsirli metodlarla edəcək – məsələn, Çində insan hüquqları və demokratiya məsələlərini qabartmaqla. Necə ki, artıq uyğur məsələsini ön plana çəkiblər. Bayden hələ seçki kampaniyası vaxtı bəyan etmişdi ki, Tibetlə birbaşa əlaqə yaradacaqlar.
Hazırda Çin doğrudan da, ABŞ üçün çox ciddi rəqibə çevrilib. Artıq onlar hətta kosmosda da rəqabət aparırlar və Amerika məhz Çinin gücünü özü üçün böyük təhdid sayır. Bu rəqabət qarşıdakı illərdə bütün planet üçün xoşagəlməz sürprizlər yarada bilər, ona görə də hadisələrin gedişatını izləmək və təhlil etmək lazımdır. Biz buna çalışacağıq, siz də AzVisionu izləyin və möhkəm olun!


Teqlər: AzVision   Real-TV  





Xəbər lenti