Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov jurnalistlərə açıqlamasında bildirib ki, COVID-19 pandemiyası ilə bütün dünya mübarizə aparır və bu mübarizədə ölkələrin üzərinə böyük məsuliyyət düşür.

Direktor, həmçinin qeyd edib ki, koronavirus infeksiyasına qalib gəlməyin yeganə yolu insan orqanizmində antitellərin yaranmasıdır:"Bunun da iki yolu var. Birincisi koronavirusa yoluxmaqdır ki, bu da sonra xoşagəlməz hadisələrə gətirib çıxara bilir. Ən təhlükəsiz yol vaksinasiyadır. Azaldılmış dozada virusun insan orqanizminə tanıdılması ilə antitel yaranır ki, bu da orqanizmdə immunitet formalaşdırır".

Onun sözlərinə görə, hazırda bir sıra ölkələr vaksin qıtlığı yaşayır: "Prezident İlham Əliyevin vətəndaşlara qayğısı nəticəsində ölkəmizdə 3 növ vaksin vurulur və mayın 18-dən "Sputnik V" vaksininin tətbiqinə başlanılıb. Dünən 100-ə yaxın şəxs vaksin olunub. Hazırda vaksinə ciddi tələbat var. Mərkəzdə vaksinasiya ilə bağlı üç zona yaradılıb. Həmin zonalarda "Sinovac", "AstraZeneca" və "Sputnik -V" vaksinləri tətbiq olunur. Vaksinasiya könüllü olaraq həyata keçirilir. Vaksin olunmaq istəyən şəxslərə xüsusi blanklar verilir. Həmin blanklar vasitəsilə onlara seçim imkanı yaradılır".

A.Həsənov əlavə edib ki, insanlar həm mərkəzə müraciət etməklə, həm də onlayn qeydiyyatdan keçməklə peyvənd oluna bilərlər:
"Xalqımıza çağırış edirik ki, infeksiyadan qorunmaq üçün vaksin olunsunlar. Əvvəllər vaksinasiya zamanı insanlar arasında fikir ayrılığı olurdu. Amma indi üç növ vaksin arasında vətəndaş seçim edir. Üç növ vaksin tətbiq edilən mərkəz kimi deyə bilərik ki, indiyə qədər vaksin vurulanlar arasında əks reaksiya olmayıb. Biz bu templə davam etsək, güman ki, yaxın müddətdə ölkədə koronavirusa qalib gələcəyik".

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov isə bildirib ki, müxtəlif ölkələrdən peyvəndlərin gətirilməsinin birinci səbəbi insanların seçim imkanının olmasıdır.
"Həm də hər bir vətəndaş xəstəliyə yoluxmadan orqanizmində anticismlərin yaranmasını təmin edə bilsin. Vətəndaşlara müraciət edirik ki, peyvəndləmə prosesində aktiv iştirak etsinlər".

Vətəndaş Anna Biryukova vaksinasiyadan sonra özünü yaxşı hiss etdiyini bildirib. "Sputnik V" peyvəndini uzun müddət gözlədiyini deyən A.Biryukovanın fikrincə, Rusiya vaksini tam təhlükəsizdir: "Özümü yaxşı hiss edirəm və insanları vaksin olunmağa çağırıram".

32 yaşlı Teymur İsrafilov da vaksində sonra narahatlıq yaşamadığını vurğulayıb: "Hazırda yaxşıyam. Yaş həddinə görə gözləməli oldum. Deyilənə görə, vaksinin effektliyi və təhlükəsizliyi yüksək səviyyədədir. İndi özümü yaxşı hiss edirəm. Məncə, xəstəlikdən xilas olmaq üçün hamı vaksinasiyadan keçməlidir".

Qeyd edək ki, mayın 2-də Azərbaycanın Rusiyadan aldığı “Sputnik V” vaksininin ilk partiyası - 40 min doza peyvənd ölkəyə gətirilib. Azərbaycanda koronavirusla mübarizə məqsədilə peyvəndləməyə yanvarın 18-dən start verilib. Hazırda ölkədə “Sputnik V” ilə yanaşı, Çin istehsalı olan “Sinovac”, Böyük Britaniya-İsveçrə şirkətinin “AstraZeneca” vaksinindən də istifadə olunur.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 834 657, birinci mərhələ üzrə peyvənd olunanların sayı 1 042 781, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 791 876 nəfər təşkil edir.






Aytən Zəhra
Azvision.az