AzVision: Qarabağdan Qaragölə. Zəngəzur düyünü necə çözüləcək – TƏHLİL

      AzVision:    Qarabağdan Qaragölə. Zəngəzur düyünü necə çözüləcək –    TƏHLİL
  20 May 2021    Oxunub:10788
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.


Yarım il əvvələ qədər biz Qarabağ problemindən danışırdıqsa, indi ermənilər Qara göl problemindən danışırlar. Daha doğrusu, danışmırlar, bağırırlar, yaxalarını cırırlar, bütün dünyaya car çəkirlər, üzvü olduqları KTMT-nin məsələyə qarışmasını istəyirlər... İddia edirlər ki, Azərbaycan onların ərazinə daxil olub. Hərçənd, belə olmasa da, nə gizlədim, bunu eşitmək son dərəcə xoşdur.

Demə Qoq:
- Necə yəni “belə olmasa da?” Onda bəs necədir? Axı feysbukda hamı yazır ki, Azərbaycan 3 kilometr Ermənistanın ərazisinə daxil olub. Onda yalan yazırlar?!

Feysbuk, təəssüf ki, “kütlə” sözünün pis mənada sinoniminə çevrilib. Qaragöl məsələsndə də belə oldu. Təbii, sən yazsan ki, “Azərbaycan 3,5 kilometr Ermənistan ərazisinə daxil olub”, bu, reaksiya doğuracaq. Sosial şəbəkədə isə hamıya nə lazımdır – Reaksiya. İki gündür sosial şəbəkədə qısnanan millət vəkili Etibar Əliyev də bunu demək istəmişdi. Əvvəllər belə bir fikir var idi ki, sən feysbukda varsansa, ictimsi-siyasi proseslərdə varsan, yoxsansa – yoxsan. İndi məsələ bir az dərinləşib. Sən feysbukda reaksiyalara səbəb ola bilirsənsə, varsan, reaksiya doğura bilmirsənsə - yoxsan.

Demə Qoq:
- Bir dəqiqə saxla. Feysbuku ortaya niyə qatdın? Bunun Qaragölə nə dəxli var?!

Dəxli var. Həmin o reaksiya doğurmaq ehtirası insanları sən dediyin kimi paylaşmlara sövq edirdi ki, guya Azərbaycan Ermənistanın ərazisinə girib. Onlar bunu erməni resurslarından götürüb paylaşmaqla, əslində erməni təbliğatına xidmət etmiş olurdular, amma təəssüf ki, sosial şəbəkə iştirakçısı üçün əsas bu deyil, əsas odur ki, reaksiya olsun. Gerçəklik isə budur ki, Qaragöl Laçın rayonunun Ermənistanla sərhədində yerləşir. O laçının ki, keçən il bu vaxt biz onun işğalının 28-ci ildönümünü qeyd edirdik. Bu gün isə Laçın Ermənistanın kapitulyasiyasının sübutlarından biridir, çünki hansısa ərazini döyüşsüz qaytarmağa razılaşmaq binayi-qədimdən uduzan tərəfin aman istəməsi kimi qəbul olunur. Yarım ildir ki, “Ay Laçın” mahnısı janrını dəyişərək, həsrət nəğməsindən sevgi şərqisinə dönüb. Amma Laçını dinməz-söyləməz qaytaran ermənilər onun bir nöqtəsində cığallıq etmək fikrinə düşüblər. Hərçənd, cığallıqları da aşağı-yuxarı elə döyüşməkləri kimidir. Yəni ona-buna zəng vurmaqla, başqalarını köməyə çağırmaqla... Ən maraqlısı da elə bu zaman başlayır.

1. Kollektivçiliyin faydası

Texniki olaraq, Qaragöl ətrafında baş verənlər demarkasiya prosesidir. Amma həmin texniki məsələnin üzərində çox maraqlı siyasi, hətta geosiyası oyunlar getdi ki, onların da alt qatında maraqlı mətləblər yatır.

Demə Qoq:
- Texniki?! Hər iki tərəfdən bu boyda hərbi təlimlər keçirilirsə, belə texniki məsələ olar?

Hadisələrin gərginliyini artıran Qaragöl məsələsinin məhz həmin hərbi təlimlərlə eyni vaxta düşməsi oldu. Ümumiyyətlə, belə genişmiqyaslı hərbi təlimlər hər zaman özündə bir siyasi mesaj da daşıyır, təlimlərin detalları isə həmin mesajın xarakterini müəyyən edir. Məsələn, Azərbaycan Ordusunun təliminin məqsədi PUA-ların, o cümlədə də, “Bayraktarın” iştirakı ilə antiterror əməliyyatı keçirmək idi. Sadə dilə çevirəndə bu elə, “itiqovan əməliyyatı” deməkdir. Üstəlik, ortada mübahisə ola-ola hər iki tərəf təlim keçirirsə, vəziyyət daha da dramatikləşir. Digər tərəfdən, Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradovun rotasiyası da bununla eyni vaxta düşdü.
Ermənistan düz bir həftədir ki, Rusiyanı və KTMT-ni məsələyə müdaxilə etməyə səsləsə də, onların hər ikisi praktik olaraq, qarışmamaq mövqeyini seçiblər. Rusiyanın həm xarici işlər naziri, az öncə Yerevanda və Bakıda səfərdə olmuş Sergey Lavrov, həm də prezident Putinin sözçüsü Dimitri Peskov təxminən bu məzmunda son dərəcə sakit və təmkinli bəyanatlar verdilər ki, hövsələli olun, emosiyaları qızışdırmağa ehtiyac yoxdur.
KTMT-yə gəlincə, onun üzvlərindən biri olan – Qazaxıstanın prezidenti, Paşinyanın telefonda şikayətləndiyi Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edərkən İlham Əliyev bildirdi ki, hazırda Ermənistan tərəfi sərhədin dəqiqləşdirilməsi prosesində qeyri-adekvat reaksiya nümayiş etdirir: “Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil və bu, tamamilə əsassızdır, sərhəddə hər hansı bir toqquşma baş verməyib, vəziyyət sabitdir, danışıqlar davam etdirilir”.
KTMT-nin ikinci böyük dövlətinin prezidenti ilə telefon danışığı zamanı bu sözlərin deyilməsi həmin quruma həyəcanlı və başılovlu müraciət ünvanlayan Ermənistanla açıq-aşkar diplomatik məzələnmək idi. Demək lazımdır ki, dövlət başçımız bunu çox virtuozcasına edir.
Ardınca isə Oljas Süleymenov Azərbaycanla Qazaxıstan arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə “Şərəf” ordeni ilə təltif edildi. Buna formalı səbəb var idi: Mayın 18-i türk dünyasının böyük oğlunun 85 yaşı tamam olurdu. Amma indiki məqamda həmin təltif istər-istəməz siyasi məzmun da daşımalı idi və daşıyırdı da. Çünki Paşinyanın Tokayevə zəng vurub, kömək istəməsindən 2 gün sonra Oljas Süleymanova “Şərəf” ordeninin verilməsi hətta siyasi olmasa belə, siyasi hadisədir.

2. Divi tanımaq vaxtıdır

Oljas Süleymanov təkcə ictimai-siyasi xadim, yazıçı, şair deyil, həm də bir Azərbaycan sevdalısı və müasir dövrdə türkün özünüdərkində böyük rol oynamış müəllifdir. Kimdən soruşsanız ki, “Oljas Süleymanovu daha çox nəyə görə tanıyırsınız”, cavabı “Az-Ya” olacaq. Bu, türk xalqlarının oyanışında bir mərhələ rolunu oynamış kitabdır. Amma siyasi əhəmiyyəti təkcə bunda deyil. Həmin kitabda Oljas Süleymanov rusların 11-12-ci əsrlərə aid məşhur “İqor Polku dastanı” tarixi-ədəbi əsərini türkçülük nöqteyi-nəzərindən təhlil edir və orada türk-slavyan bağlılığının – “qohumluğunun” da demək olar,- izlərini axtarır, böyük uğurla tapır da. Hətta dastanın leksik təhlilindən belə nəticəyə gəlir ki, vaxtilə slavyan-türk ikidilliyi dövrü də olub. Göstərir ki, İqor Svyatoslaviç türk-qıpçaq qadının oğlu olub, rus şəhərlərinin anası Kiyevin əsasını isə xəzərlər qoyublar. Gəlin, cənab Süleymanovun dastanın orijinal versiyasında tapdığı bu çox maraqlı misralara diqqət yetirək:
...Нощь станущи ему грозою
птиць убуди
свисть зверинъ въ ста(да) зби
Дивъ клечет връху древа

Yəni: “Gecə onu tufanın iniltisi ilə qarşıladı; quşlar oyandı, heyvanların civiltisi qalxdı, Div ağacın başında nərə çəkdi”.
Baxın, ağacda oturan Div – bu, Azərbaycanda, geniş mənada isə türk ellərində nənə-baba nağılına qulaq asmış istənilən insana tanış obrazdır.

Demə Qoq:
- Məlikməmməd nağlına mən də qulaq asmışam. Amma orada div ağacda oturmur. Məlikməmməd oturur. Div necə ağacda otura bilər?! Budaqlar sınar axı. Xahiş edirəm, nağıl danışma, keç mətləbə.

Div obraz olaraq, türk mifologiyasında qaranlıq qüvvələrin simvoludur. Cırtdandan tutmuş, Məlikməmmədə qədər divə qalib gələn bütün obrazlar əslində təmsili olaraq şər qüvəni yenmiş sayılırlar. Düzdür, bu obrazı “Avesta”ya bağlayanlar da var, amma təbii ki, mifologiya yazılı abidədən daha qədimdir. Mövzumuz bu deyil, sadəcə, qısaca onu deyim ki, Oljas Süleymanov slavyanların türklərlə yaxın bağlılığını göstərmiş və əsaslandırmış fikir adamıdır. Və Ermənistanın əsasən türk-slavyan ölkələrindən ibarət KTMT-dən yardım istədiyi bir vaxyda türk-slavyan yaxınlığının carçısı olan bu böyük yazarın mükafatlandırılması, son dərəcə incə siyasi-diplomatik eyham daşıyırdı. Hətta məqsəd bu olmasa da, daşıyırdı. Böyük siyasəti maraqlı edən zatən məhz belə xırda incəliklərdir. Biz göstərdik ki, ermənilərin KTMT üzvü deyib, Azərbaycana qarşı kökləmək üçün üz tutduğu, yardım istədiyi Qazaxıstanın ən böyük oğullarından biri “Mən Azərbaycanı özümə ikinci Vətən bilirəm” deyən türk-Azərbaycan ruhunun translyatorudur. Digər üzvünə gəlincə, onun da nümayəndələri Bakıda idilər.

3. Alın, sizə Xrenin!

Ermənilərin ciddi-cəhdlə nizamnaməsinin 4-cü bəndini əsas tutaraq, “Gəlib, bizi Azərbaycandan müdafiə edin” tələbilə üz tutduqları KTMT-nin digər üzvü Belorusun müdafiə naziri Viktor Xrenin məhz elə həmin bəyanatlar səslənən vaxt İlham Əliyev qəbulunda idi.

Demə Qoq:
- Yəni ermənilər deyirdi “bizə dəstək olun”, beloruslar da cavab verdi ki, alın, sizə Xrenin!

Bəli, qısa desək, təxminən elə. Maraqlıdır ki, təxminən eyni vaxtda Paşinyan Lukaşenko ilə də sərhəddəki insidentlə bağlı danışmışdı. Amma səfər zamanı məlum oldu ki, ölkələrimiz arasında hərbi-texniki əməkdaşlıq daha da inkişaf etdiriləcək, üstəlik,

İlham Əliyev: - Mən Belarus şirkətlərini Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında iştiraka dəvət etmişəm. Bir qədər sonra mən sizə həmin ərazilərdən çəkilmiş fotoşəkilləri göstərərəm. Onlar 30 ilə yaxın işğala məruz qalmış torpağımızda törədilmiş vandalizmin və dağıntıların səviyyəsini əyani şəkildə göstərir. Mənim bildiyimə görə, artıq bu məsələlərdə iştirak etməyə maraq var.

Maraqlı mənzərə alınır. KTMT-nin Ermənistandan başqa 5 üzvü var. Rusiya praktik olaraq, tərəfləri təmkinli olmağa səsləməklə kifayətləndi. Qazaxıstanla aramızda əsl dost-qardaş iltifatı yaşandı. Belorus ermənilərə Xrenini göstərdi.

Viktor Xrenin: - Yüksək səviyyədə səfərlər mübadiləsi həmişə onu göstərir ki, bizim qarşılıqlı fəaliyyətimiz və əməkdaşlığımız yaxşıdır və gözəldir. Bizim dövlətimizin başçısı demişkən, Azərbaycan Belarusun şəxsində Mərkəzi Avropada özünə etibarlı dayaq, Belarus isə Azərbaycanın şəxsində Qafqazda etibarlı dost tapıb. Prezidentin dediyi kimi, bizim parlaq əməkdaşlığımız var. Deyə bilərəm ki, o, buna görə çox fəxr edir. Azərbaycan bizim ənənəvi dostumuz və müttəfiqimizdir, həm regional, həm də beynəlxalq siyasi aləmdə həmişə mühüm rol oynayıb.

Qalır Qırğızıstanla Tacikistan ki, əgər onlar da reaksiya versələr, yəqin, cavabları çox fərqlənməyəcəkdi. Bütün bunlar isə Yerevana son dərəcə ciddi dərs olmalıdır ki, Azərbaycanla münasibətlərdə KTMT-dən siyasi, yaxud geosiyasi alət kimi yararlanmaq alınmayacaq. Bu qurum əgər bir alətdirsə də, Ermənistanın aləti deyil. Onu ancaq yaradan tərəf öz maraqları üçün işlədə bilər.
Amma maraqlısı odur ki, ermənilərin istədikləri və umduqları reaksiyalar tamam başqa tərəfdən gəldi – Fransa və ABŞ-dan. Hərçənd, ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın Azərbaycan prezidenti İlham Əliyevə zəngilə bağlı yayılmış rəsmi məlumatda erməniləri məmnun edə biləcək heç nə yoxdur. Nəyə görəsə, ermənilər bunu özlərinin marağına uyğun hadisə kimi qələmə verməyə çalışırlar. Feyk xəbərlər erməni informasiya məkanının adi mövcudluq forması olduğundan, bunu anlamaq çətin deyil. Amam bütün hallarda, bu zəng Qərbin əslində diqqət göstərməli olmadığı bir məsələyə diqqətinin ifadəsi idi. Əsas sual isə başqadır: Niyə Rusiya və KTMT erməniləri məmnun edəcək heç bir reaksiya vermədilər? Rusların məşhur məsəlilə desək, şeytan, bax, burada gizlənib.

4. Geosiyasi alt qat

Zəngəzur dəhlizi Azərbaycan diplomatiyasının o qədər uğurlu tapıntısıdır ki, onun bütün tərəflərini açmaq üçün yəqin ki, bir kitab yazmaq lazım gələrdi. Bunun sadəcə bir nəqliyyat zolağı olmadığı aydındır. Azərbaycan üçün siyasi, tarixi, mənəvi və rəmzi əhəmiyyəti də öz yerində. Türk dünyası üçün daşıdığı simvolik anlama da toxunmuruq. Bütün bunlardan əlavə, Zəngəzur dəhlizi həm də Rusiya ilə Ermənistanın maraqlarının arasına vurulmuş böyük bir çivdir. Daha dərinə getdikcə, onları bir-birindən daha çox ayırır.
Məsələ ondadır ki, Zəngəzur dəhlizi Çindən Avropaya uzanan kəsə və qısa yol olacaq. Və bu yol haradan keçir? Rusiyanın tam nəzarətində olan Ermənistandan. Rusiya buna geniş mənada İpək Yolunun bir hissəsini öz nəzarətinə almaq kimi baxır. Onun üçün də layihə tamamilə Moskvanın marağındadır. Eyni dərəcədə Qərbin əsla marağında deyil, çünki onlar əksinə, Rusiyadan kənar keçən marşrutlar istəyirlər. Eyni qaydada, Zəngəzur Dəhlizi hazırda İpək yolu üçün əsas tranzit ölkələrdən olan İranın da marağında deyil.
Fəqət diplomatiya nə deməkdir? Ən sadə dillə desək, maraqları uzlaşdırmaq məharətidir. Elə vəziyyət yaratmaqdır ki, sənin hədəflərin elə həm də digər tərəfin maraqlarına uyğun olsun. Zəngəzur dəhlizi məsələsində Azərbaycan Rusiya ilə maraqların mükəmməl uzlaşdırılmasına nail olub. Bu, diplomatik zərgər işidir. Geosiyasi brilyantın cilalanmasıdır. Ona görə də, Ermənistan çox qəliz vəziyyətə düşüb. Bu həftə həmin ölkənin iki rəsmi şəxsi bildirdilər ki, Zəngəzur dəhlizi baş tutmayacaq. Onlardan biri Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan idi, digəri isə...

Demə Qoq:
- Onu başa düşməyə nə var ki?! Paşinyan. Həmişə ən lazım sız vaxtda ən ağılsız bəyanatları o verir. Maraqlıdır, yəni doğrudan bu qədər... öhö-öhö... anlamazdır?

Gəl, özündən soruşaq.

5. Nə olacaq, Paşiyan?!

Beləliklə, Vovayeviç xəttdə olmaldır. Mən əsla şübhə etmirəm ki, bir gün biz ona “Nooldu, Paşinyan, bəs Zəngəzur dəhlizi olmayacaqdı?” ritorikasını da ünvanlayacağıq. Amma hələlik suallarımız başqadır. Nikol Vovayeviç, belə qəti danışmaqda məqsədiniz nədir? Olmayan sizin hər dəfə “Nooldu, Paşinyan” sözlərini eşitməkdən xoşunuz gəlir?

- Hə, mən o sözü uzun müddət eşitməyəndə qaşınıram. Gərək arada kimsə desin ki, sakitləşim.
- Eybi yox, qaşıyarıq. Zarafatsız, Zəngəzur dəhlizi olacaq axı. Niyə elə qətiyyətlə yalan danşırsınız ki?! Müharibə vaxtı dediyiniz yalanlar bəs olmadı?
- Yaxşı, bəs mən nə edim? Nə təklif edirsiniz? Gələn ay seçki olacaq. Hamı dişini qıcıyıb. Siz bir yandan Qaragölə gəlirsiniz, mən heç nə edə bilmirəm. O biri yandan Zəngəzur dəhlizini yaradırsınız, mən heç nə edə bilmiriəm. Sabah mənə kim səs verəcək? Bəlkə onda, gəlib, mənim yerimə seçkiyə də qatılasınız?
- Vəziyyət çoxmu ruscadır?
- O, əvvəl idi rusca. Daxili siyasətdə hər şeyi Rusiya həll edirdi. İndi həm də Azərbaycancadır. Çünki bizim daxili siyasətimizə Azərbaycan da müdaxilə etməyə başlayıb. Mən lap başımı itirmişəm.
- Ona görə Təhlükəsizlik Şurasının iclasında dediniz ki, Ermənistanda Azərbaycanın nüfuz agentləri var? O, nə bəyanat idi elə?
- Yox, məsələ o deyil. Azərbaycan atdığı hər addımla mənim seçkiqabağı reytinqimi aşağı salır. Camaat artıq qorxmağa başlayıb ki, əgər hakimiyyətdə mən qalsam, onları fəlakətlər gözləyir. Belə olmalı deyil axı. Mən indi necə eləyim?
- Məncə, nahaq yerə qorxurlar. Siz onlara gətirə biləcəyiniz bütün fəlakətləri artıq gətirmisiniz. Yəni yenə də var?!
- Eeehhhhhhh....

7. Qərbin ikinci niyyəti

Bəli, bu faktdır ki, hazırda Ermənistanın daxili siyasətinə Azərbaycanın çox böyük təsir imkanları var. Xüsusilə də indiki seçkiqabağı dövrdə. Ona görə də, Paşinyan çəkiclə zindanın arasında qalıb. Bir tərəfdən Zəngəzur dəhlizinin açılmasını tələb edən və bu məsələdə maraqları üst-üstə düşən Azərbaycanla Rusiyanın hadisələrə geniş təsir imkaları var. Digər tərəfdən, Qərb qəti şəkildə bunu istəmir. Və təkcə Rusiya faktoruna görə yox. Qərbə bu bölgədə türklərlə düşmən olan və daim Türkiyəyə qarşı istifadə edə biləcəkləri Ermənistan lazımdır. Amma kommunikasiyalar açılsa, 10-15-20 ildən sonra, bəlkə bir az da tez, bəlkə bir az gec, amma xalqların arasında münasibətlər bərpa olunacaq, nifrət aradan qalxacaq. Qərb bunu əsla istəmir, çünki onda türk faktoruna qarşı “erməni” adlanan silah əllərindən çıxacaq. Yeri gəlmişkən, Baydenin “soyqırım” sözünü işlətməsi həm də məhz bununla bağlı idi. Hazırda bölgədəki çox böyük, tarixi düyünün ya çözülmə, ya da əksinə, daha da dolaşma prosesi başlaya bilər. Belə tarixi məqamda Azərbaycanın dolaysı ilə də olsa, Ermənistandakı siyasi proseslərə təsir göstərmək iqtidarında olmağı böyük faktordur. Ölkəmiz regionda tarixin istiqamətini dəyişməyi də bacaracaq gücdədir. Sadəcə, səbrli və möhkəm olmaq lazımdır. Möhkəm olun!


Teqlər: AzVision   Real-TV  





Xəbər lenti