Sahib Alıyev: “Növbəti parlamentdə partiyalılar daha çox olacaq” – Müsahibə

      Sahib Alıyev:    “Növbəti parlamentdə partiyalılar daha çox olacaq” –    Müsahibə
  08 Sentyabr 2022    Oxunub:1572
Milli Məclis iyulun 26-da “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi üzərində iş getdiyini açıqlamışdı. Layihənin ilkin variantı artıq parlamentin saytında yerləşdirilib. Sentyabrın 28-nə isə onun ilk ictimai dinləməsi keçiriləcək.
Layihənin hazırlanmasında siyasi partiyaların iştirakı da təmin olunub və 39 siyasi partiya öz təkliflərini Milli Məclisə göndəriblər. Onların içərisindən və ictimai dinləmələrdə irəli sürüləcək digər təkliflərin ən önəmlilərinin də yeni qanunda yer alacağı istisna olunmur.

Əməkdaşımız "Siyasi partiyalar haqda" yeni qanun layihəsi ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi sədrinin müavini Sahib Alıyevdən müsahibə götürüb.

- Siyasi Partiyalar haqda yeni qanuna ehtiyac nədən doğub? Adamda belə bir təsəvvür yaranır ki, sanki Milli Məclis tez bir zamanda belə bir qanunun qəbuluna tələsir…
- Milli Məclisdə siyasi partiyalar haqda qanunun yenilənməsi məsələsi çoxdan qaldırılır, o sıradan mən də bir neçə dəfə bu haqda öz fikirlərimi bildirmişəm. Səbəblər çoxdur. Onlardan biri həmin qanunda müəyyən boşluqların və digər qanunvericilik aktlarıyla ziddiyət təşkil edən maddələrin olmasıdır. Amma ən əsas səbəb budur ki, indi 1992-ci il deyil, 2022-ci ildir, siyasi partiyalar haqda qanunun qəbul edilməsindən 30 il keçib. Bu müddət ərzində, konkret olaraq 2010-cu və 2020-ci illərdə Venesiya Komissiyası siyasi partiyaların fəaliyyətinin tənzimlənməsilə bağlı tövsiyələrini verib ki, yeni qanun layihəsində onlar da nəzərə alınıb.

Bilirsiniz, ən əsası 6-cı cağırış Milli Məclisin ilk toplantısında Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycanda artıq yeni siyasi mədəniyyət və siyasi konfiqurasiya formalaşıb. Bizdə də oturuşmuş ölkələrdə olduğu kimi, ziddiyyətli məsələlərin həlli, fərqli fikirlərin əsas səslənmə yeri kimi parlament çıxış edir və etməlidir. Qərb politologiyasında da problemlərin küçədə çözümü yetkinlik səviyyəsi aşağı xalqlara və oturuşmamış dövlətlərə xas reallıq kimi qiymətləndirilir. Milli yük daşıyan, dövlət əhəmiyyətli problemlərin çözüm yeri parlament olmalıdır. Bu isə orada bir yox, bir neçə güclü partiyanın təmsil olunduğı halda özünü daha effektli göstərir. Fikrimcə, qəbul ediləcək yeni qanunla biz ona doğru irəliləyəcəyik.

- Elə isə soruşmaq istərdim, yeni qanun layihəsinin qəbulundan sonra Azərbaycanın parlament respublikasına çevrilməsi və seçki qanunun da dəyişdirilərək Milli Məclisin ancaq proporsional əsaslarla formalaşdırılması mümkündürmü?
- Bilirsiniz, mən tam əminliklə deyə bilərəm ki, əgər Azərbaycan başında cənab İlham Əliyev kimi güclü bir liderin durduğu Prezident respublikası olmasaydı, bizim İkinci Qarabağ savaşında o cür əminliklə zəfər çalmamız mümkünsüz idi.
Prezident respublikasından parlament respublikasına və yaxud əksinə keçidə gəldikdə isə bizə qonşu ölkələrdə hər iki hal baş verib. Mənim fikrimcə, parlament respublikasına keçid siyasi partiyalardan da çox, cəmiyyətin yetkinlik dərəcəsinə və ölkənin hansı regionda yerləşməsinə, böyük güclərin ona necə yanaşmalarına bağlı məsələdir. Onu da deyim ki, biz ayrı-ayrı ölkələrdə zaman-zaman hakimiyyətin qolları arasında səlahiyyət bölgülərinə yenidən baxılması təcrübəsi ilə də rastlaşırıq.

Azərbaycana gəldikdə, bizdə nəyi haçan və necə etmək yaxşı bilindiyindən buna da əminəm ki, ölkəmizin daha da qüdrətlənməsini hansı hakimiyyət modeli daha çox təmin edirsə, o da mövcud olacaq.

Seçkilərin proporsional əsaslarla keçirilib-keçirlməyəcəyinə gəldikdə münəccimlik etmək istəməzdim, amma bir şey aydındır ki, siyasi partiyalar haqda yeni qanun partiyaların daha da güclənməsini şərtləndirdiyindən, parlamentin növbəti tərkibində partiyalar da olmasa, partiyalıların sayı indikindən daha çox olacaq.

- Necə düşünürsünüz, siyasi partiyalar haqda yeni qanun siyasətə meylli adamları partiyalar yaratmağa həvəsləndirib, onların sayını daha da artırmayacaq ki?
- Düşünmürəm, əksinə mən bu fikirdəyəm ki, bu qanun partiya adamların adampartiyalarla əvəzlənməsinə, yəni özünün mükəmməl proqram və ideologiyası olan normal siyasi təşkilata çevrilmələrinə yol açacaq. Və yəqin bir çox partiyalar prosesin bunu diqtə etdiyini, belədə maraqlarının daha yaxşı təmin olunacağını görüb təmərküzləşməyə, birləşməyə üstünlük verəcəklər.

Artıq bu proses hətta başlayıb da. Özü də əgər əvvəllər bizdə partiyaların birləşməsi, yaxud da birləşəcəkləri haqda açıqlamaların verilməsi situativ xarakter daşıyırdısa, daha çox seçkilərlə bağlı belə bir görüntü yaradılırdısa, indi bu, az öncə vurğuladığım kimi, dayanıqlı siyasi reallığın diqtə etdiyi, cəmiyyətin özünün yetkinlik səviyyəsindən doğan bir prosesdir.

- Yeni qanun layihəsi ilə bağlı 39 partiyanın öz təkliflərini verdiyi bildirilir. Amma təklif verməyənlər də var ki, onlar Qərbdə əsas müxalifət partiyaları kimi qiymətləndirilirlər. Siz necə düşünürsünüz, Qərbdə yeni qanun layihəsinə yanaşma necə olacaq?
- Sualınıza sualla cavab vermək istərdim, siz necə düşünürsünüz, Fransa, yaxud da Hollandiyada yeni qanun qəbul edərkən onlar bizim ona yanaşmamızın necə olacağı maraqlandırır? Bizim üçün əsas Azərbaycan xalqının və siyasi partiyalar haqqında qanundan söz getdiyindən, Azərbaycan siyasətçilərinin, Azərbaycana bağlı siyasətçilərin yanaşmasıdır.

Qərbə, yaxud Şərqə bağlı olan, 5-ci kalon rolunda çıxış edən təsir agentlərinin yığışdığı dəstələrdəkilər bilirsiniz ki, qidalandıqları çevrələrdən gələn təlimata uyğun davranırlar. Qərbdə o qəbildən olanların əsl müxalifət adlandırılmasına gəldikdə bu, "Bayraktar"ları Qarabağ savaşında bir, Ukraynadakı savaşda başqa cür adlandıran Qərbdir də! Maraqları necə tələb edirsə, qiymətləndirmələri də o cürdür. Burada o da unudulmamalıdır ki, həmin partiyalar ikinci Qarabağ savaşında da fərqli davranmışdılar. Digərləri hakimiyyəti dəstəkləyən bəyanatla çıxış etdikləri halda onlar buna qoşulmamışdılar. Yaxşı ki də qoşulmamışdılar. Çünki artıq hamı onların kimliklərini, hansı çevrələrin maraqlarına xidmət etdiklərini yaxşı gördü.

Burada onu da qeyd edim ki, əksər partiyaların ikinci Qarabağ savaşında hakimiyyətin yanında olduqlarını bildirmələrinin özü də ölkədə yeni siyasi konfiqurasiyanın formalşdığının mühüm bir əlaməti idi. Və ikinci Qarabağ savaşında biz təkcə torpaqlarımızı azad etmədik, o savaşdan həm də milli təəssübkeşlik hissi regional və etnik təəssübkeşlikdən çox yüksəkdə olan bir dövlət xalqı, formalaşmış millət kimi çıxdıq. Mən siyasi partiyalar haqqında yeni qanuna layihəsinə bu baxış bucağından da yanaşmanın tərəfdarıyam. Yəni bu fikirdəyəm ki, birləşmək və birlikdə məqsədə doğru irəliləməyin bir forması olmalıdır ki, o da partiyalaşmaqdır.

Sahil İskəndərov
AzVision.az



Teqlər: Qanun   Partiya  





Xəbər lenti