"Qarabağı ilhaq etsək, Bakı və Ankarayla qarşıdurmaya gedəcəyik" - Zatulin

 "Qarabağı ilhaq etsək, Bakı və Ankarayla qarşıdurmaya gedəcəyik" -    Zatulin
  11 Oktyabr 2022    Oxunub:4675
Rusiyalı siyasətçi, Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin Ermənistan mediasına diqqət çəkən müsahibə verib. O, ötən həftə Praqada baş tutan görüşlərə toxunaraq Avropa İttifaqının (Aİ) mülki missiyasının Azərbaycan-Ermənistan sərhədinə gələcəyi ilə bağlı məsələrdən danışıb.
- Mülki missiya, müşahidəçilərlə bağlı qərar Avropa İttifaqı və Qərbin Rusiyanı Azərbaycanla Ermənistan arasında danışıqlar prosesindən çıxarmaq, prosesi Qərbin vasitəçiliyi ilə davam etdirmək istəyinə uyğundur. Qərbin həmin vasitəçiliyinin Ermənistana sərf edib-etməyəcəyini qiymətləndirməyəcəyəm. Lakin mülki missiya indi Qarabağda olan Rusiya sülhməramlılarından fərqli olaraq, silahsız insanlar olacaqlar. Düşünürəm ki, Aİ və ABŞ Rusiyanın regiona təsirini minimuma endirmək istəyir. Xüsusən də Ermənistanda Rusiyanı Azərbaycana silahlı müqavimət göstərməməkdə ittiham edən ictimai rəy formalaşıb. Mənə elə gəlir ki, Ermənistanda insanlar başa düşməlidirlər ki, burada müəyyən mənada istənilən oyunun oynanılması mümkündür. O cümlədən dramatik oyun. Amma siz ermənilər nəyi nəyə dəyişdiyinizi da anlamalısınız. İndi Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi var. Çünki Rusiya Federasiyası Azərbaycan və Türkiyəyə qarşı müharibəyə başlamır, Qarabağ erməniləri isə Rusiya sülhməramlılarından başqa özlərinə qarşı müdafiə görmürlər və çox vaxt Ermənistanla da hesablaşmırdılar. Bütün məsələlər bundan ibarətdir. Biz nə Azərbaycana, nə də Türkiyəyə qarşı müharibəyə başlamağa tələsmirik. Çünki bizim mövqeyimiz ondan ibarətdir ki, sülh müqaviləsi imzalanmalıdır, - Zatulin erməni cəmiyyətinin Qərbə meyllənməsini şərh edib.

Ermənilərin "böyük dostu" vurulur: Zatulin oyundan kənarda qala bilər
O, Qarabağda yaşayan ermənilərin gələcək taleyi haqqında da danışıb. Ermənipərəst siyasətçi qeyd edib ki, Qarabağdakı qondarma rejim indi çətin vəziyyətdədir və istənilən varianta hazırdır.

- Lakin başqa bir məsələ ondan ibarətdir ki, Rusiya indiki vəziyyətdə Qarabağı ilhaq edə bilməz. Biz indi belə bir məsuliyyəti öz üzərimizə götürə bilmərik. Çünki bu, Azərbaycan və Türkiyə ilə birbaşa qarşıdurma demək olardı. Axı biz Ermənistandan tələb etmirik ki, Ukrayna ilə münaqişədə bizim tərəfimizdən çıxış etsin. Erməni cəmiyyəti bizdən tələb edir ki, "sərhədi pozan" Azərbaycana qarşı dərhal hərbi əməliyyatlara başlayaq. Amma biz həm Qarabağda, həm də Ermənistan sərhədlərində bu situasiyanın dayandırılmasında öz rolumuzun fərqindəyik. Mənə elə gəlir ki, Ermənistan, ilk növbədə, öz daxilindəki məsələləri həll etməlidir. Son vaxtlar Pelosinin səfəri, müxtəlif görüşlərlə bağlı burada səs-küy yaradıb. Biz buna etiraz etmirik, başa düşürük ki, Ermənistan öz təhlükəsizliyini təmin etmək üçün hansısa variantlar axtarır. Lakin ümid edirik ki, Rusiya ilə sıx əlaqədə qalmaq üçün də bəzi variantları axtaracaq qədər ağıllı olacaqlar. Bu gün baş verənlər, bəzi hadisələr sübut edir ki, Rusiya Federasiyasına aid olan hər şey kifayət qədər yüngül şərh olunur və buna heç bir etiraz edilmir, - Zatulin İrəvanın Moskvadan çox şey tələb etdiyinə işarə vurub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Zatulin   Qarabağ   Azərbaycan   Ermənistan   Rusiya   Qərb  





Xəbər lenti