"Çirkli bomba", yoxsa çirkli ittiham?!
// Rusiyanın iddiasına heç kim inanmır

Fransa, Böyük Britaniya və ABŞ-ın birgə bəyanatında deyilir: “Rusiyanın Ukraynanın öz torpağında çirkli bombadan istifadə etməyə hazırlaşdığına dair əsassız iddialarını rədd edirik”.
Ukrayna prezidenti Volodımir Zelenski də Kremlin iddialarını rədd edərək, Rusiyanı "bu müharibədə hər cür ağlasığmaz çirkinliyin mənbəyi” adlandırıb.
Bəs "çirkli bombalar" nədir?
"Çirkli bomba"ların tərkibində adi partlayıcılarla yanaşı radioaktiv maddələr də olur. Partlayanda ətrafa radioaktiv maddələr buraxır. "Çirkli bomba"larda nüvə silahında istifadə olunan yüksək dərəcədə təmizlənmiş radioaktiv materiala ehtiyac yoxdur. Bunun əvəzində xəstəxanalardan, atom elektrik stansiyalarından və ya tədqiqat laboratoriyalarından əldə edilən radioaktiv materiallardan istifadə edilə bilər. Bu, belə bombaları nüvə silahlarından daha ucuz və mobil edə bilir. Məsələn, onlar avtomobilin yük yerində rahatlıqla daşınırlar.
Partlayışın baş verdiyi ərazi bütünlükdə boşaldılmalıdır. Amerika Alimlər Federasiyasının apardığı hesablamalara görə, tərkibində 9 q. "kobalt-60" və 5 kq. trotildən ibarət bombanın Manhettendə partladılması bütün Nyu-Yorku onilliklər ərzində yaşayış üçün yararsız hala salar. Buna görə də "çirkli bomba"lar kütləvi qırğın silahları kimi tanınırlar. Ancaq silah olaraq o qədər də etibarlı deyil.
"Çirkli bomba"nın içindəki radioaktiv material hədəf əraziyə yayılmaq üçün toz halına salınmalıdır. Bununla belə, hissəciklər çox incədirsə və ya ərazidə güclü külək varsa, məqsədə nail olmağa mane ola bilər.
Hələ dünyanın heç bir yerində uğurlu çirkli bomba hücumu olmayıb. Amma cəhdlər edilib.1996-cı ildə çeçen üsyançıları Moskvadakı İzmailovo parkında tərkibində dinamit və "sezium-137" olan bomba yerləşdirmişdilər. Təhlükəsizlik qrupları bombanın yerini aşkar edərək, zərərsizləşdirmişdi.
1998-ci ildə Çeçenistan kəşfiyyat xidməti ərazidə dəmiryol xəttinin yaxınlığında yerləşdirilmiş çirkli bombanı aşkar etmişdilər.
2002-ci ildə "Əl-Qaidə" ilə əlaqəsi olan Xose Padilla adlı ABŞ vətəndaşı çirkli bomba hücumu planlaşdırmaqda şübhəli bilinərək, Çikaqoda həbs edilib. O, 21 il müddətinə azadlıqdan məhrum edilib.
İki il sonra Dhiren Barot adlı britaniyalı Əl-Qaidə üzvü Londonda həbs olundu. Barot Böyük Britaniya və ABŞ-da çirkli bombalardan istifadə də daxil olmaqla, terror aktları planlaşdırdığına görə 30 il həbs cəzasına məhkum edilib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Müharibə