Berlin İrəvana rus qoşunlarının çıxarılması üçün yardım təklif edir

  Berlin İrəvana rus qoşunlarının çıxarılması üçün yardım təklif edir
  10 Yanvar 2024    Oxunub:1042
Almaniya Rusiya sərhədçilərinin Ermənistan ərazisindən tez bir zamanda çıxarılmasında maraqlıdır. Berlin bu və digər anti-Rusiya addımların müqabilində İrəvana maliyyə yardımı təklif edir.
AzVision.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Mənbəsinə istinad edən nəşr iddia edib ki, Almaniya Ermənistanı Qərbin anti-Rusiya siyasətinə sürükləməyə çalışır. Berlinin vəzifəsi mümkün qədər İrəvanla Moskva arasında nifaq yaratmaqdır.

Rus hərbçilərin Gümrüdə səngərlər qazması ajiotaj yaratdı - FOTOLAR
"Almanlar Rusiya sərhədçilərinin Ermənistan ərazisindən tezliklə çıxarılmasından başqa, hakimiyyətin dövlət aparatını Rusiya ilə dostluq edən şəxslərdən təmizləməsində, o cümlədən silahlı qüvvələrin, kəşfiyyat xidmətlərinin və hüquq-mühafizə orqanlarının lüstrasiyasında (təmizlənmə-red) maraqlıdır", - mənbə qeyd edib.

Bunun müqabilində Berlin İrəvana maliyyə və texniki yardımlar göstərməyi, o cümlədən Nikol Paşinyan hökumətinin Qarabağ ermənilərini (söhbət Azərbaycanın Qarabağ bölgəsini tərk etmiş ermənilərdən gedir – red.) Avropa İttifaqı ölkələrinə kütləvi mühacirətinin qarşısını almaq səylərinə dəstək verməyi təklif edir.

Xatırladaq ki, Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası 1995-ci ildə yaradılıb və bu günə qədər aktiv fəaliyyət göstərir. Baza Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibindəki Cənub Hərbi Dairəsinə tabedir. Təxminən 5 min nəfərə yaxın şəxsi heyətə malikdir. Ermənistanın İrəvan və Gümrü şəhərlərində (İrəvandan 126 km şimalda) dislokasiya olunur.

Qeyd edək ki, Ermənistan son bir ildə Rusiya ilə münasibətləri xeyli gərginləşdirib. Hökumətə yaxın saytlarda Moskva əleyhinə silsilə yazılar dərc edilir, siyasərçilər tez-tez Gümrüdəki bazanın ləğvi məsələsini qaldırırlar.

İş o yerə çatıb ki, rəsmi İrəvan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT)-dən çıxmaq niyyətini müxtəlif vasitələrlə ortaya qoyub. Parlamentin spikeri Alen Simonyan və baş nazir Nikol Paşinyan bir neçə dəfə “ola bilsin ki, KTMT Ermənistanı tərk etsin” fikrini təkrarlayıblar.

Rusiyalı ekspertlər isə Ermənistanın KTMT-dən çıxacağını proqnozlaşdırırlar.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Berlin   İrəvan   Rusiya   Hərbi-Baza  





Xəbər lenti