“Artsax” bumeranqı: Keçmiş separatçılar İrəvan üçün başağrısına çevrilirlər

      “Artsax” bumeranqı:    Keçmiş separatçılar İrəvan üçün    başağrısına çevrilirlər
  21 İyun 2024    Oxunub:1939
Məğlub Ermənistanda etiraz aksiyaları və cəmiyyətin parçalanması ilə müşayiət olunan təlatümlər uzun müddətdir davam edir. Qarabağdan gələn ermənilərin bəzi imtiyazlar əldə etməsinə, yerli əhalinin evlərində və müxtəlif dövlət idarələrində ödənişsiz yerləşməsinə baxmayaraq, narazılıqlar davam edir. Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında müharibədən əvvəl mövcud olan narazılıqlar hər gün daha da dərinləşir.
Qarabağ erməniləri Ermənistan hökumətinə qarşı etiraz aksiyalarında daha aktiv iştirak edir, dövlətə qarşı sərt şərtlər irəli sürür, hüquqlarını şişirdilmiş şəkildə ifadə edərək, Ermənistanı borclu çıxarmağa çalışırlar. Etiraz aksiyalarında ev və iş üçün boğazını cıran bu həyasız kütlənin Qarabağda qalması üçün Azərbaycan tərəfi bütün imkanları yaratmışdı. İstəmədilər və getdilər. Yaxşı ki, getdilər. Maksimalist və qeyri-real tələblərinin fərarisinə çevrilən kütlə indi BaqrAt Qalstanyana və Robert Köçəryana dəstək verir.

Başqa sözlə desək, Qarabağda olanda Azərbaycana qarşı nankorluq edənlər indi də eyni fəaliyyətləri Ermənistana qarşı həyata keçirirlər. Baş verən hadisələr Ermənistanın uzun illər separatizmi dəstəkləməsi ilə birbaşa əlaqəlidir. Bu gün Ermənistanı vuran “bumeranq effekti” sabah eyni səhvləri və cinayətləri təkrarlayan digər ölkələri vuracaq.


Müharibədəki məğlubiyyətdən əvvəl Qarabağdakı erməni separatçılarını dəstəkləyən Ermənistan hakimiyyəti hazırda onlarla nə edəcəyini bilmir. Vaxtında Azərbaycanın onları geri qaytarmasına mane olduğuna görə İrəvan indi bərk peşmandır.

30 illik işğal dövründə Ermənistandan və müxtəlif fondlardan Qarabağdakı separatçı reimə 30 milyard dollar yardım edilib. Təkcə elə Levon Ayrapetyanın investisiyaları kifayət qədər böyük rəqəmlərlə ifadə olunurdu. Təbii ki, Qarabağ əhalisi həmin yardımlardan faydalana bilmir, sadəcə separatçı rejimin rəhbərləri ciblərini doldururdular. Qarabağ erməniləri işğal edilən Azərbaycan ərazilərində Ermənistan ermənilərinin ödədiyi verginin hesabına qalır, sərvətlərimizi talan edirdi. İndi isə fərari Qarabağ ermənilərinin İrəvanda davam edən etiraz aksiyalarında iştirakının dəyəri cəmin 5 min dram, yəni 12 dollardır. Onlar bu məbləğə uzun illər ərzində əvvəlcə Qarabağ, sonra isə Ermənistan ermənilərinin qanını içən Robert Köçəryanı və Seyran Ohanyanı dəstəkləyirlər. BaqrAt Qalstanyanın Köçəryanın maskalanmış nümayəndəsi olduğu isə hamıya məlumdur.

Hazırda Ermənistanda Qarabağ ermənilərinin nankorluğu barədə çoxlu məqalələr yazılır, efirlərdə onlara qarşı nifrət ritorikası genişlənir. Ermənistan cəmiyyətində Qarabağdan gələnlərə qarşı əvvəldən mövcud olan kütləvi antipatiya hissi nifrətə keçir.


Qarabağ erməniləri isə Ermənistan sakinlərinə qarşı aqressiyalarını etiraz aksiyalarında büruzə verirlər. Ermənistan hakimiyyətini təhqir edən Qarabağ erməniləri nədənsə uzun illər boyu “Qarabağın müstəqilliyi, suverenliyi və təhlükəsizliyi” kimi yalan vədlərlə qanlarını soran Robert Koçəryana, Serj Sarkisyana, Seyran Ohanyana, Arkadi Qukasyana, Bako Saakyana heç nə demirlər. Keçmiş separatçı rejimin həbs olunan “rəhbərləri” vaxtilə Ermənistandan ayrılan vəsaitləri mənimsəyəndə fərarilərin heç cınqırı da çıxmırdı.

Bir sözlə, vaxtilə Ermənistanın dəstəklədiyi seperatçı rejim bu gün Paşinyan iqtidarının əsas problemlərindən birinə çevrilib. Onun həlli isə yaxın illərdə mümkün görünmür.

Ədalət Verdiyev,
hərbi ekspert
AzVision.az üçün


Teqlər: Ermənistan  





Xəbər lenti