“Bu gün özünü misir fironları kimi aparan məktəb direktorları da az deyil” - Ekspert

   “Bu gün özünü misir fironları kimi aparan məktəb direktorları da az deyil” -    Ekspert
  16 Sentyabr 2024    Oxunub:273
Yeni tədris mövsümünün başlaması ilə əlaqədar məktəblərdə yaşanan problemlər yenidən gündəm mövzusuna çevrilib. Belə məsələlərdən biri də orta məktəblərin direktorlarının fəaliyyəti ilə bağlıdır. Belə ki, məktəb rəhbərləri özlərini region padşahları kimi aparırlar. Valideynlərin onların qəbuluna düşməsi üçün aylarla gözləməsi lazım olur.

Hətta bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı da fikir bildirmişdi. O deyib ki, bəzi məktəb direktorlarının qəbuluna düşmək, onun qəbuluna düşməkdən daha çətindir.
Maraqlıdır, niyə məktəblərdə direktorlar əlçatmaz olub?

Təhsil eksperti Nadir İsrafilov AzVision.az-a bildirib ki, nüfuz və qarşılıqlı hörmət olmadan səmərəli idarəetmə həyata keçirilə bilməz:

"Direktor” sözü latınca “idarəedici” sözündən götürülüb, “yönəldən”, “istiqamət verən” mənasını verir. Azərbaycanda direktor “müəssisə idarə edən yaxud məktəb müdiri” kimi izah edilir. Direktor məktəbin rəhbəri, təlim–tərbiyə işinin və təsərrüfat fəaliyyətinin təşkilatçısıdır. O, müxtəlif bir–birini tamamlayan funksiyaları (təşkilatçılıq, pedaqoqluq, inzibatçılıq, ictimai xadimlik) yerinə yetirir. Bu baxımdan orta ümumtəhsil müəssisələrinə rəhbərlik edən şəxslərin idarəetmə və menecerlik bacarıqları, yaradıcı keyfiyyətləri mütəmadi müzakirə olunan mövzulardandır.

Zaman-zaman yazılı və elektron mediada bəzi məktəb direktorları tərəfindən rəhbər işçiyə yaraşmayan hərəkətlərə yol verməsi, kollektiv üzvləri və valideynlərlə qarşıdurma yaratması kimi faktlarlarla rastlaşırıq. Təəssüf ki, bu gün özünü misir fironları kimi aparan məktəb direktorları heç də az deyil".

Məktəb direktoru nöqsanlara görə işdən çıxarılıb
Ekspertin fikrincə, məktəbə rəhbərlik edənin təkcə nəzəri bilikləri, ali təhsil almasına dair müvafiq sənədləri kifayət etmir:

"Direktorların lazımi səriştə və təcrübəsi, işlədiyi mikro ərazidə hörməti və nüfuzu olmalıdır, valideynlə, ictimaiyyətlə işləməyi bacarmalıdır. Təhsil Qanunvericiliyimizə əsasən məktəbin idarə olunması aşkarlıq, şəffaflıq və demokratiklik prinsiplərinə əsaslanır.

Direktor konkret iş sahələri əhatə olunmaqla, məktəbin fəaliyyət istiqamətlərini müəyyənləşdirir, il ərzində görüləcək işləri planlaşdırır. Nümunəvi Nizamnamə ilə müəyyən edilən vəzifələrin həyata keçirilməsinə nəzarət edir. O, ümumi təhsilin inkişafı ilə bağlı dövlət qərarlarından irəli gələn vəzifələrin yerinə yetirilməsində məsuliyyət daşıyır.

İşçilərin əmək funksiyasını, valideyn və şagirdlərin hüquq və vəzifələrini bilmək isə xüsusilə önəmlidir. Vacib xarakterlərdən biri kimi direktor məsuliyyəti, təşəbbüskarlığı, hərtərəfli biliyi, məntiqli və operativ qərarçıxarma bacarığı ilə fərqlənməlidir. O, təhsilə aid olan hüquqi-normativ sənədləri, yerli qabaqcıl və beynəlxalq təcrübəni daim öyrənməlidir. “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif – İxtisas Sorğu Kitabçası”nın bir bölməsi ümumtəhsil məktəbində işləyən işçilərə şamil edilib. Həmin bölmədə direktorun əmək funksiyası da kifayət qədər əks olunub.

Təhsil sisteminin idarəolunmasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin genişləndirilməsi, direktorların peşəkar meyarlara əsaslanan, şəffaf və ictimai nəzarət şəraitində seçilib təyin edilməsi məqsədilə verilən əmrə əsasən “Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə qaydalar” təsdiq edilib".

N.İsrafilovun sözlərinə görə, seçim zamanı namizədlərin yalnız yaşadıqları ərazidə yerləşən təhsil müəssisələrinə rəhbər seçilməsi direktor təyinatı təcrübəsində ən uğurlu dəyişikliklərdən biri ola bilər:

"Bu, idarəetmənin daha mobil və səmərəli təşkil etməklə yanaşı, həm də təhsilin keyfiyyətinin nəzərəçarpacaq dərəcədə yüksəldilməsinə səbəb olar. Direktor hər şeydən əvvəl şəxsiyyət olmalıdır. Məktəbə tanınmış, nüfuzlu, liderlik missiyasını öz üzərinə götürə bilən biri rəhbərlik etməlidir. Loru dildə desək, məktəb direktoru nə də olmasa, tabeliyindəki kollektiv üzvlərindən “bir baş” yüksək olmalıdır.

Məktəb rəhbərliyi kollegial idarəetmə orqanı çərçivəsində pedaqoji kollektivə ümumtəhsil prosesinin, təhsilalanların dərsdənkənar vaxtının, sosial müdafiəsinin təşkilində köməklik göstərmək məqsədilə yaradılan ictimai xarakterli valideyn komitələri, pedaqoji şura, ictimai təşkilatlarla, mövcud qanunvericilik çərçivəsində sıx əlaqədə işləyərsə, səmimiyət bir o qədər çox, narazılıq və şikayətlər də az olar. Bütün bunlar məktəbdə sağlam mənəvi-psixoloji durumun mövcud olmasını şərtləndirən səbəblərdəndir. Buna görə də direktor seçiminə ciddi və həssaslıqla yanaşılmalıdır. Müsabiqədə test suallarından daha çox müsahibə zamanı namizədin psixololi durumuna, ictimai və sosial həyat tərzinə diqqət yetirilməlidir".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   direktor   məktəb  





Xəbər lenti