Vaşinqton: “Vəziyyət qeyri-müəyyəndir”
“Bütün ölkədə silahlı qarşıdurma və terrora görə Suriyada təhlükəsizlik vəziyyəti qeyri-sabit və qeyri-müəyyən olaraq qalır. İmkan varsa, ABŞ vətəndaşları Suriyanı tərk etməlidir”, - məlumatda deyilir.
Suriyanı tərk edə bilməyən amerikalılara fövqəladə hallara hazırlaşmaq tövsiyə olunur.
Vaşinqtonun daha bir narahatlığı
Bəşər Əsədin devrilməsindən sonra Suriyadakı kürdlərin rolu və taleyi də ABŞ-nin diqqət mərkəzindədir.
Suriyanın ikinci ən böyük etnik qrupu olan kürdlərin siyasi qüvvələrinin yeni hökumətdə yer almaq planları Türkiyənin müqaviməti səbəbindən reallaşmaya bilər. Ankara kürd nümayəndələrinin respublikanın hökumət orqanlarından xaric edilməsində israrlıdır.
Hazırda Suriyadakı kürd silahlı qüvvələri ölkənin şimal-şərqindəki 47 min kvadratkilometrdən çox əraziyə malik Rojava muxtar ərazisinə nəzarət edir. Bu sahə 2012-ci ildə vətəndaş müharibəsi zamanı yerli konstitusiyaya uyğun olaraq yaradılıb. Suriyada kürdlər ərəblərdən sonra ikinci ən böyük xalq hesab edilir. Ölkədə yaşayan 20 milyona yaxın əhalinin 12%-i kürdlərin payına düşür.
Ən əsası isə budur ki, Suriya kürdlərinin silahlı qüvvələri “Suriya Demokratik Qüvvələri” (SDQ) amerikapərəst kürd-ərəb koalisiyasının bir hissəsidir.
Bəşər Əsəd hökuməti süqut etdikdən sonra onlar ölkə hakimiyyətindəki mövqelərini möhkəmləndirməyə ümidlidirlər. Bundan əlavə, onlar kürd silahlı qüvvələrinin rəsmən Suriya ordusunun bir hissəsi olmasını istəyirlər.
“Siyasi məsələlərin həllində ABŞ-nin köməyinə ümid edən kürdlərin nümayəndələri artıq Amerika hakimiyyətinə müraciət ünvanlayıblar”, - The Wall Street Journal (WSJ) qəzeti yazır.
Rusiyanın “Vedomosti” nəşrinin yazdığına görə, SDQ-nin müraciətinə cavab olaraq gələcək hökumətin formalaşdırılması haqqında Vaşinqton hazırda Amerika hakimiyyətinin ancaq Suriyanın yeni siyasi liderləri - “Həyat Təhrir əl-Şam”ın (HTŞ) başçıları ilə danışıqlar apardığını bildirib. Bu baxımdan, ABŞ hələ də kürdlərə dövlət orqanlarına daxil olacaqları barədə zəmanət verməyib. Bununla belə, kürdlər HTŞ-nin lideri Əbu Mühəmməd əl-Culani ilə əməkdaşlıq edirlər.
SDQ digər müxalif qüvvələrlə birlikdə Hələbə hücumda iştirak edib və dekabrın 6-da ölkənin şərqindəki Deyr əz-Zor şəhərini ələ keçirib, dekabrın 12-də isə onu ərəb qüvvələrinə təhvil verib. Suriyada hakimiyyət dəyişikliyini alqışlayan SDQ Bəşər Əsəd prezidentlikdən istefa verdikdən sonra Rojavadakı bütün dövlət qurumlarının üzərinə “müstəqillik bayrağı” asıb.
Bunun qarşılığında Əbu Mühəmməd əl-Culani kürdləri “Suriya vətəninin bir hissəsi və gələcək Suriyadakı tərəfdaşlar” adlandırıb.
Ankaranın fərqli mövqeyi
Suriyada Əsəd hökumətinin devrilməsindən sonra bəzi mənbələr İŞİD terrorçu təçkilatının fəallaşdığını iddia edirlər. Uzun illərdir terrorçularla mübarizə aparan SDQ beynəlxalq ictimaiyyəti dəstək verməyə çağırıb.
Lakin Ankara Türkiyə kəşfiyyatının İŞİD-in aktivləşməsi ilə bağlı məlumatları təsdiqləmədiyini, əksinə SDQ-nin bir hissəsi olan kürdlərin “Xalq Müdafiə Birlikləri” (YPG) qruplaşmasının təhlükə yaratdığını bildirib. Ankara YPG-ni onilliklərlə silahlı mübarizə apardığı Kürdüstan Fəhlə Partiyasının (PKK) varisi hesab edir.
Suriya kürdləri Türkiyəyönümlü Suriya Milli Ordusu (SMO) tərəfindən təhdid edildiklərini və öz hüquqlarını qorumağa çalışdıqlarını iddia edirlər.
Kürd eksperti İkbal Durre SDQ-nin əvvəllər SMO silahlılarının təzyiqi altında Tel-Rifaat anklavını və şərqi Hələbi tərk etməyə məcbur olduqlarını bildirib. Onun dediyinə görə, Ankara SDQ və YPG-nin gələcək Suriya hökumətindən çıxarılmasını tələb edir.
- Uğur Donald Trampın Ağ Evə gəlişindən sonra yaranan qeyri-müəyyənlik şəraitində ABŞ-nin bu problemin həllində kürdlərə nə qədər dəstək verməsindən asılı olacaq. Hazırda Vaşinqton bu məsələdə Ankara ilə danışıqlar aparır, amma indi Suriya münaqişəsində Türkiyənin nöqteyi-nəzəri üstünlük təşkil edir”, - ekspert vurğulayıb.
Amma kürdlərin Suriya hökumətində təmsil olunmaq iddialarının qarşısında dayana biləcək digər problem HTS ilə ziddiyyətlər ola bilər. Belə ki, SDQ ilə HTŞ-nin ideologiyaları bir çox məqamlar üzrə uzlaşmır.
Bəzi ekspertlərin fikrincə, Vaşinqtonun təzyiqi altında Dəməşq böyük ehtimalla kürdlərə muxtariyyət verəcək. Lakin bu muxtariyyət onların hazırda nəzarət etdikləri ərazi daxilində yox, yalnız faktiki yaşadıqları yerdə olacaq.
Bununla belə, Suriyadakı kürd muxtariyyətinin gələcəyi və SDQ-nin hökumətə daxil edilməsi perspektivinin hələ də qeyri-müəyyən olaraq qaldığı vurğulanır. Bu məsələdə Ankaranın tutduğu prinsipial mövqe isə, kürdlərin ümidlərini, demək olar ki, sıfıra endirir. Lakin Vaşinqtonun və İsrailin, habelə Avropanın bir sıra aparıcı dövlətlərinin SDQ- ni açqı-aşkar dəstəkləməsi bu xəmirin hələ çox su aparacağından xəbər verir.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Suriya ABŞ Türkiyə kürdlər