Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Bakının belə mötəbər turnirə ev sahibliyi etməsinin ölkə idmanının inkişafı baxımından əhəmiyyətini vurğulayıb. O, Azərbaycan cüdoçularının “Paris-2024” Yay Olimpiya Oyunlarında 2 qızıl medal qazandığını xatırladıb. Federasiya rəhbəri milli komandanın üzvlərinin bu turnirdə də ümidləri doğruldacaqlarına inandığını bildirib. R.Nəbiyev yarışın təşkilində dəstəyinə görə Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizerə təşəkkür edib.
![](https://azvision.az/photos/2025/02/BAKU-1739627101.jpg)
Marius Vizer, öz növbəsində, Paris Olimpiadasında qazanılan uğurlara görə Azərbaycanı təbrik edib. “Böyük Dəbilqə” turnirinə qatılan bütün idmançılara uğurlar arzulayan İJF rəhbəri yarışları açıq elan edib.
Azərbaycan Dövlət Himni və Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirildikdən sonra final görüşləri start götürüb.
Elə bu gün Azərbaycanın dörd cüdoçusu medal qazanmağa imkan verən görüşlərə vəsiqə qazanıb. Cüdoçularımızdab ikisi qızıl, digər ikisi isə bürünc mükafat uğrunda qüvvəsini sınayacaq.
![](https://azvision.az/photos/2025/02/YAR-1739627159.jpg)
Kişilər arasında Rəşid Məmmədəliyev (73 kiloqram) dünya ikincisi olan yaponiyalı cüdoçu Tatsuki İşihara ilə həlledici mərhələdə üz-üzə gələcək. Eyni çəkidə mübarizə aparan Vüsal Qələndərzadə isə bürünc medal uğrunda gənclər arasında dünya çempionu digər Yaponiya idmançısı Ryuqa Tanaka ilə mübarizə aparacaq.
Zelim Tçkayev (81 kiloqram) qızıl medal uğrunda Kanadanı təmsil edən Fransua Qotye Drapö ilə qarşılaşacaq. Bu çəkidə digər cüdoçu Ömər Rəcəbli isə üçüncü yer üçün bəhreynli Askerbyi Qerbekovla tatamiyə çıxacaq.
Qeyd edək ki, dünəndən başlayan və fevralın 16-dək davam edəcək “Böyük Dəbilqə”də Azərbaycan 12 çəki dərəcəsində 32 idmançı (23 kişi və 9 qadın) ilə təmsil olunur. Turnirdə ümumilikdə 36 ölkədən 258 cüdoçu medallar uğrunda mübarizə aparır.