Tramp nüvə silahı istehsalının əleyhinədir

   Tramp nüvə silahı istehsalının əleyhinədir
  14 Fevral 2025    Oxunub:505
ABŞ prezidenti Donald Tramp Rusiya və Çinlə nüvə arsenallarının azaldılması, eləcə də yeni döyüş başlıqlarının yaradılması xərcləri ilə bağlı danışıqlar aparmaq niyyətində olduğunu açıqlayıb.
AzVision.azxəbər verir ki, ABŞ prezidenti Ağ Evdə jurnalistlərlə söhbəti zamanı tam yeni nüvə silahları yaratmaq üçün heç bir səbəb olmadığını, Amerikada belə silahın onsuz da çoxlu olduğunu bildirib.

“Mövcud ehtiyat dünyanı 50 və ya 100 dəfə məhv etmək üçün kifayətdir. Lakin ABŞ, Rusiya və Çin yeni silahların istehsalını davam etdirir. Bununla belə, “daha məhsuldar şeylərə” xərclənə bilən vəsait nüvə proqramlarına yönəldilir”, - Donald Tramp deyib.

Ağ Ev rəhbəri dəqiqləşdirib ki, denuklearizasiya üzrə danışıqlar Ukrayna və Yaxın Şərqdə hərbi münaqişələr başa çatdıqdan dərhal sonra başlaya bilər.

- Hər şeyi yoluna qoyandan sonra, mən ilk görüşlərdən birini Çin Prezidenti Si Cinpin və Rusiya prezidenti Vladimir Putinlə keçirmək istəyirəm. Mən isə demək istəyirəm: gəlin hərbi büdcəmizi yarıya endirək”, - Amerika lideri vurğulayıb.

Amerika alimləri federasiyasının (FAS) məlumatına əsasən, Rusiyada istismardan çıxarılan və sökülməsini gözləyənlər də daxil olmaqla, təxminən 5800 nüvə başlığı var. ABŞ 5044, Çin isə təxminən 500 nüvə başlığına malikdir. 1980-ci illərdən bəri davamlı azalmadan sonra, qlobal döyüş başlığı ehtiyatları əsasən Çinin hesabına yenidən artmağa başlayıb. FAS Pekinin 2035-ci ilə qədər döyüş başlıqlarının sayını 1500-ə çatdırmağı hədəflədiyini iddia edir.


Xatırladaq ki, nüvə silahları üzrə əvvəllər Rusiya ilə ABŞ arasında bir neçə müqaviləsi olsa da, hazırda onlardan yalnız biri qalıb - Strateji Hücum Silahlarının Sonradan Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər Müqaviləsi (SHS-3).

Bu saziş ABŞ və Rusiyanın hər tərəfin yerləşdirə biləcəyi strateji nüvə başlıqlarının sayını 1550-yə, həmçinin yerləşdirilən strateji çatdırılma sistemlərinin sayını 700-ə qədər məhdudlaşdırır. Lakin bu müqavilənin də müddəti 2026-cı il fevralın 5-də başa çatır.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: ABŞ   Rusiya   Çin   nüvə  





Xəbər lenti